Sosial şəbəkələrin yaratdığı fəsadlar- DAVAM YA TAMAM? - ARAŞDIRMA

10 May 2022 20:56 (UTC+04:00)

Son zamanlar sosial şəbəkələrlə bağlı olan problemlər xeyli artıb. Sosial mediada ən çox görülən problemlərdən biri təhqir, söyüş və qeyri-etik ifadələrdir. Azərbaycan Konstitusiyasının 32-ci maddəsinin 3-cü hissəsinə əsasən, öz razılığı olmadan kiminsə şəxsi həyatı haqqında məlumatın toplanmasına, saxlanmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan, və ya etirazına baxmadan izlənilə bilməz, foto və video çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qala bilməz.

Cinayət Məcəlləsinin 156.1-ci maddəsinə əsasən şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, foto və video çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi, qanunsuz toplanması- 1000 manatdan 2000 manata qədər miqdarda cərimə və ya 242 saatdan 480 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Mülki Məcəllənin 23-cü maddəsinə görə fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təzkib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin.

Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təzkibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

Şərəf şəxsin özü haqqında ətrafında formalaşdırdığı sosial əhəmiyyətli müsbət qiymətdir. Ləyaqət isə şəxsin öz insanıi keyfiyyətlərinə özünün verdiyi qiymətdir. Hər kəsin şərəf, ləyaqət və nüfuzu bir-biri ilə sıx bağlı olan mənəvi, əxlaqi, həmçinin sosial dəyərlər olduğuna görə dövlət tərəfindən müdafiə olunur. Vətəndaşın şərəf, ləyaqət və işguzar nüfuzu konstitusiya, mülki, cinayət və digər qanunvericilik aktları ilə qorunur.

SİA məsələ ilə bağlı araşdırma apararaq, sosial şəbəkələrdə olan təhqir, böhtan, qeyri etik ifadələr, şərəf və ləyaqətin alçaldılmasının gələcək nəsillərə necə təsir etdiyi ilə bağlı eskpertlərin fikirlərini öyrənib.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə: “Təəssüf ki, Azərbaycanda sosial şəbəkələr sürətlə enerji qəbiristanlığına çevirilir. Sosial şəbəkələrdə olmaq vaxt itkisi ilə yanaşı, həm də əsəb və stessə səbəb olur. Buna səbəb sosial şəbəkələrdən sui-istifadə hallarının artmasıdır.

Aydın məsələdir ki, sosial şəbəkə intellektual platforma deyil. Çünki kütləvidir, nəzarətdən tamamilə kənardır. Amma söyüş platforması da olmamalıdır. İnsanlar sosial şəbəkələrə ictimai məkan kimi baxmağı bacarmalıdırlar. Yalnız tərbiyəsiz adamlar ictimai məkanda söyüş söyə bilərlər.

Sosial şəbəkələrdən sui-istifadə halları yolverilməzdir. Heç kimin ixtiyarı yoxdur ki, başqasını təhqir etsin, onun şərəf və ləyaqətini alçaltsın. Bu, mənfi tendensiyaya çevrilə və cəmiyyətdəki mənəvi abu-havanı zəhərləyə bilər. Buna görə də sosial şəbəkələrdə söyüş söyən adamları barədə qanunamüvafiq qaydada ölçü götürülməsini vacib hesab edirəm. Əlbəttə, bunda məqsəd azad fikri boğmaq deyil, yaranmış əlverişli mühitdən sui-istifadə hallarının qarşısını almaqdır”.

Psixoloq Zeynəb Eyyubova: “Ümumiyyətlə, sosial şəbəkə açıq bazar adlandırıla bilər. Yəni, istənilən şəxs, istənilən mövqedən orada çıxış edir. Amma çox gözəl olar ki, bunun üçün də bir sərhəd olsun. Misal üçün hər hansı bir söyüş, təhqir bu tip ifadələrə açıq-aydın efirdən icazə verilməsin. Bu həm gənclərə mənfi təsir etməsinin qarşısını alacaq, həm də artıq bir növ insanları sosial şəbəkələrdə etik normalara uyğun hərəkət etməsinə səbəb olacaq.

Bildiyiniz kimi mühit insanların həyatında önəmli bir yer tutur. Yəni, insanlar gördüyünü daha çox təqlid etməyə meyllidirlər. Məsələn, əgər mən bugün bir şeyi görürəmsə, onu təkrarlamağa meyllənəcəm”.

Ayşən Vəli