Uçquna görə bağlanan Lahıc yoluna texnikalar cəlb edilib

9 May 2022 12:03 (UTC+04:00)

Bu gün baş verən torpaq uçqunu nəticəsində bağlanan Lahıc yolunda hərəkətin bərpası üçün əraziyə texnika və canlı qüvvə cəlb edilib.

Bu barədə SİA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

"Selin gətirdiyi torpaq, daş və ağac parçalarının çoxu təmizlənib. Yolda hərəkətin yarım saat ərzində bərpa olunacağı gözlənilir", - deyə qurum rəsmisi bildirib.

Qeyd edək ki, hadisə İsmayıllı-Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində baş verib.

Səhər saatlarında sel nəticəsində dağlardan gələn torpaq, daş və ağac parçaları avtomobil yoluna tökülüb. Bu səbəbdən həmin yolda nəqliyyat vasitələrinin hərəkəti dayanıb.