Fobiya nəticəsində insan həyat fəaliyyətini itirə bilər - PSİXOLOQ AÇIQLADI

6 May 2022 15:37 (UTC+04:00)

"Qorxular həyatımızda önəmli yer tutur. Qorxu insana həm lazımlı, həm də lazımsız duyğudur. Qorxu hissi olmasa insan özünə pəncərədən ataraq, maşının altına ataraq və s. zərər yetirə bilər. Yəni, qorxusuz yaşamaq qeyri-mümkündür". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, əgər qorxular daimi və lazımsız şəkildə mövcud olursa, bu insanda fobiyalar yaradır: "Fobiyalar yarananda insan artıq olmayan şeylərdən belə qorxmağa başlayır. Əlbəttə ki, daimi fobiya yaşayan insan daima həyəcanlı olur və təşviş yaşayır".

Psixoloq sözlərinə davam edərək həmçinin qeyd edib ki, fobiyaların psixologiyaya təsirləri çoxdur: "Psixoloji pozuntuları olan insanı araşdırsaq, onun hər hansı bir fobiyası olduğunu görərik. Bu fobiyalar insanın həyatına mənfi təsir göstərir. Fobiyalar nəticəsində insan həyat fəaliyyətini itirə, ünsiyyətdən geri qala, depressiyaya düşə bilir. Ona görə də qorxular əgər insanı narahat etmirsə, onların olması normaldır. Amma daimi narahatlıq yaradırsa, bu qorxunun fobiyaya keçməsidir. Fobiya insan üçün zərərli nəticələrə gətirib çıxarır. Fobiya yaranan zaman mütləq mütəxəssisə müraciət etmək lazımdır".