Yol polisləri reyd keçirib - FOTOLAR - REPORTAJ

6 May 2022 17:57 (UTC+04:00)

Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması və parklanma problemləri məqsədi ilə profilaktik tədbirlər həyata keçirilib. SİA xəbər verir ki, reyd Bakının Səbail rayonunda baş tutub.

Reyd zamanı mövcud keçidlərdən istifadə etməyərək öz həyatları ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb. Həmin piyadalara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin polis leytenantı Nurlan Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, vətəndaşlar piyada keçidlərindən istifadə etsinlər: “Nəqliyyatın sıx hərəkət etdiyi ərazilərdə gücləndirilmiş şəkildə nəzarət tədbirləri həyata keçirilir. Apardığımız müşahidələr onu göstərir ki, sürücülər daha çox nəqliyyat vasitələrini nəqliyyatın hərəkət hissəsində saxlayırlar. Onlar arxadan gələn nəqliyyat vasitəsinin maneəsiz hərəkətinə maneə törədirlər”.

Nurlan Əliyev qeyd edib ki, polis əməkdaşları qaydalara etinasız yanaşanlara qarşı inzibati tənbeh tətbiq etdi: “Bu məsələ təkcə DİN-in deyil, digər dövlət qurumları ilə koordinasiyalı şəkildə həyata keçirilir. Buna görə də bir çox tədbirlər baş tutur”.

Ayşən Vəli