BMM-nin solistləri "Lazgi” Beynəlxalq Musiqi Festivalında iştirak edib

6 May 2022 12:59 (UTC+04:00)

Bu gün Beynəlxalq Muğam mərkəzinin solistlərinin Özbəkistan Mədəniyyət Nazirliyinin dəvəti ilə “Lazgi” Beynəlxalq Musiqi Festivalında iştirakı ilə bağlı mətbuat konfransı keçirilib. SİA xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzinin solistləri Özbəkistan Mədəniyyət Nazirliyinin dəvəti ilə “Lazgi” Beynəlxalq Musiqi Festivalında uğurla iştirak edib.

BMM-ni festivalda solistlər , Əməkdar artistlər Sahib Paşazadə, Toğrul Əsədullayev, Kamran Kərimov və xanəndələr Kamilə Nəbiyeva , Mirələm Mirələmov təmsil edir. BMM-nin solistləri festival çərçivəsində çıxışları böyük maraqla qarşılanıb.

Festivalın ikinci gün festival təşkilatçılarının təklifi və tamaşaçıların istəyi ilə solistlər əlavə olaraq ikinci konsert proqramı ilə çıxış ediblər. Konsert çox yüksək səviyyədə keçirilib və böyük alqışlarla qarşılanıb.
Qeyd edək ki, BMM-nin solistlərinin festivalda qonaq qismində çıxışları aprelin 28-də nəzərdə tutulsa da, Özbəkistanın mədəniyyət naziri Azadbek Nazarbekov belə bir təşəbbüslə irəli sürüb ki, Beynəlxalq Muğam Mərkəzinin təmsilçiləri festivalın ilk günü həddən artıq turist və qonaqların iştirak etdiyi tarixdə də səhnəyə çıxsın və Azərbaycan muğamı səslənsin. Beləliklə də BMM-nin solistləri festivalın açılışından əvvəl 40 dəqiqəlik xüsusi proqramla çıxış ediblər. 30 ölkəni nümayəndəsinin iştirakı və çoxsaylı xarici qonaqların tamaşaçı qismində izlədiyi konsert böyük alqışlarla qarşılanıb. Nəzərə alsaq ki, BMM-nin solistləri, Əməkdar artistlər Sahib Paşazadə və Kamran Kərimov 2017-ci il Səmərqənddə keçirilən “Şərq təranələri” festivalının Qran-Pri mükafatçılarıdır . Bu səbəbdən də solistlərimizin budəfəki çıxışları və festivala qatılan münsiflərin Azərbaycan nümayəndə heyətinə etimad və marağı da diqqətçəkən olub. Özbəkistanın KİV nümayəndələri BMM-nin solistlərinə xüsusi diqqət çəkərək çıxışları televiziya və yerli mətbuatda geniş işıqlandırılıb.

“Qarabağ” muğam qrupu – Xalq artistləri Mənsum İbrahimov və Elçin Həşimov, Əməkdar artist Elnur Əhmədov və nağara ifaçısı Vüsal Bayramov Özbəkistan Mədəniyyət Nazirliyi və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə Daşkənddəki “Türküstan” Sənət Sarayında “Dostluq körpüsü” adlı konsert proqramı ilə çıxış ediblər. Musiqiçilər həmçinin Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olublar. Mərkəzin qarşısında ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyub, gül dəstələri düzüblər. Konsertdən əvvəl “Qarabağ” Muğam qrupunun rəhbəri, Azərbaycanın Xalq artisti Mənsum İbrahimov iştirakçıları salamlayıb, xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin olduğunu vurğulayıb. O, 30 ilə yaxın işğal altında olan Qarabağın azad olunduğunu, ölkəmizdə orada quruculuq işlərinin aparıldığını vurğulayıb.
BMM-nin direktorunun müavini Riad Quliyev ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrin genişləndiyini bildirib, belə səfərlərin həm Daşkənddə, həm də Bakıda tez-tez təşkil olunmasının vacibliyinə toxunub.