“Cəhənnəm qapıları”nı söndürməyə çağırış..?

6 May 2022 05:43 (UTC+04:00)

Türkmənistan iyunda "Cəhənnəm qapıları" kimi tanınan Darvaza qaz krateri probleminin həlli üçün beynəlxalq elmi konfrans keçirəcək.

Xəbəri Türkmənistanın "Orient" xəbər agentliyi yayıb. SİA bu barədə “TASS”a istinad edir.

Qeyd edək ki, Qaz krateri Aşqabaddan 266 km aralıda, Qaraqum səhrasında yerləşir. 1971-ci ildə kəşfiyyat mədəninin dağılmasından sonra meydana çıxdı. Diametri 60, dərinliyi 20 metr olan hövzə, uyğun qazın yanması nəticəsində kraterin altındakı mağaradan çıxan və hündürlüyü 15 metrə çatan alov sütunlarına görə “Cəhənnəm qapıları” adını alıb.

Onu da qeyd edək ki, hələ 2022-ci ilin əvvəlində respublikanın o zamankı prezidenti Qurbanqulu Berdiməhəmmədov hökumətdən krater problemini həll etməyi tələb etmişdi. Təbii ki, məqsəd gün ərzində “bekara” yanan mavi yanacaq israfçılığının qarşısını almaqdır.

Bu il iyunun 23-də Aşqabadda keçiriləcək “Karbohidrogen hasilatı kontekstində ətraf mühitə emissiyaların azaldılması və Darvaza qaz kraterinin idarə olunması perspektivləri” adlı konfransın keçirilməsi planlaşdırılır.

Tədbirdə enerji sahəsində aparıcı ekspertlər, beynəlxalq təşkilatların və maliyyə institutlarının: BMT, ATƏT, Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri, habelə akkreditə olunmuş diplomatik nümayəndəliklər iştirak edəcək.

Doğrudanmı, konfransı çağırılmaqda məqsədi Türkmənistanın “Cəhənnəm qapıları”nı söndürməkdir?

Ağasəf Babayev