"Səs" qəzetinin redaksiyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş növbəti dəyirmi masa keçirilib
"Səs" qəzetinin redaksiyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Yeni dünyada yeni Azərbaycan quran Lider" adlı növbəti dəyirmi masa keçirilib. Dəyirmi masada Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri Arif Rəhimzadə, Milli Məclisin deputatı Jalə Əliyeva, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Amil İsmayılov və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin İdarə Heyətinin üzvü Salman Salmanov iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan "Səs" qəzetinin siyasət şöbəsinin müdiri İlham Əliyev qeyd etdi ki, "Səs" qəzeti cəmiyyətin maraq dairəsində olan ən aktual, əhəmiyyətli mövzular çərçivəsində hər zaman dəyirmi masalar təşkil edib. O bildirdi ki, "Səs" qəzeti olaraq cəmiyyətdə nüfuz sahibi olan bir neçə ziyalının iştirakı ilə Ulu Öndərin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və formalaşdırılması istiqamətində gördüyü mühüm işlərə bir daha nəzər salmağa qərar verdik: "Ümummilli Lider Heydər Əliyevin istər sovet məkanında yaşadığımız illərdə - 1969-cu ildən başlayaraq Azərbaycanın Birinci Katibi vəzifəsində çalışdığı zamanda, istərsə də 1993-cü ildə hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycanın ictimai-siyasi və mədəni həyatında baş verən dönüş, inkişaf, eləcə də, ölkəmizin dünya məkanında özünəməxsus yer tutması Onun məqsədyönlü fəaliyyətinin məntiqi nəticəsidir. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə ölkəmizdə siyasi böhran yaşandığı, vətəndaş müharibəsi təhlükəsi yarandığı, Ermənistanın təcavüzünün gücləndiyi bir vaxtda siyasi hakimiyyətə qayıdaraq Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması üçün ciddi və təxirəsalınmaz addımlar atdı. Ulu Öndər ölkədə ictimai-siyasi, iqtisadi sabitliyin yaradılmasına uzaqgörən, məqsədyönlü siyasəti ilə nail oldu".
İ.Əliyev dəyirmi masa iştirakçılarına XX əsr Azərbaycan tarixinin ən parlaq siması, qüdrətli şəxsiyyəti Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti, Onun ölkənin çətin anlarında atdığı tarixi addımlar və qərarlar ətrafında fikirlərini bölüşməyi bildirdi.
ULU ÖNDƏR HEYDƏR ƏLİYEV SOVET REJİMİNİN İDEOLOJİ MƏSƏLƏLƏRƏ XÜSUSİ HƏSSASLIQLA YANAŞDIĞI VAXTLARDA AZƏRBAYCANIN MİLLİ MARAQLARI ÜÇÜN MÜMKÜN OLAN BÜTÜN İŞLƏRİ GÖRDÜ
JALƏ ƏLİYEVA:
- Azərbaycan xalqı sözün əsl mənasında xoşbəxt xalqdır ki, Ulu Tanrı nadir şəxsiyyətlərdən birini, bəlkə də bir neçə əsrdən bir xalqın qismətinə yazıla biləcək böyük Siyasi Xadimi, Ulu Öndəri bizim qismətimizə yazıb. İstər 20-ci əsr, istər 21-ci əsr, istərsə də bundan sonrakı bütün dövrlərdə Ulu Öndər Heydər Əliyevin adı, şəxsiyyəti hər bir zaman Azərbaycan üçün yol göstərən olacaqdır. Məhz Onun sayəsində bütün dünya Azərbaycana tamamilə başqa bir prizmadan baxmağa başladı. Ulu Öndər Heydər Əliyev hələ sovet rejiminin ideoloji məsələlərə xüsusi həssaslıqla yanaşdığı vaxtlarda Azərbaycanın milli maraqları üçün mümkün olan bütün işləri gördü. Sovet rejiminin sərt qanunlarına baxmayaraq, Azərbaycanda böyük iqtisadi, elmi və ədəbi-mədəni inkişafa, müstəqil düşüncəyə yol açdı. Qısa zaman kəsiyində Azərbaycan ittifaq tərkibində o zaman üçün müasir iqtisadi potensiala malik olan respublikaya çevrildi. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə XX əsrin 70-ci illərindən elə bir tarixi bünövrə yaradıldı ki, onun möhkəm dayaqları üzərində gələcəkdə müstəqil Azərbaycanın qurulması, yeni tarixinin əsasının qoyulması labüd idi. Həqiqətən də sovet dönəmində xalqımızın dahi oğlunun Azərbaycan üçün gördüyü bütün işlər böyük gələcəyə hesablanmışdı və bu potensial müstəqillik illərində ölkəmizin başlıca dayaqlarını təşkil etdi. Azərbaycanın bugünkü tarixini Heydər Əliyev 1960-cı illərdə yazmış oldu.
Azərbaycan dilinin ana dili olması haqqında Azərbaycan Konstitusiyada müddəanın hazırlanıb, yazılması birbaşa Ulu Öndərin sayəsində oldu. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi və təsbit olunmasından sonra Azərbaycan dilinin istifadəsində və inkişafında yeni mərhələ başladı.
Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Biz burada müstəqil ölkədən deyil, SSRİ-nin bir respublikasından danışırıq. Burada da təbii ki, müstəqil, gələcəyə istiqamətlənmiş addım atmaq böyük bir cəsarət tələb edirdi. Bəli, Heydər Əliyevin xatirələrini oxuduqda görürük ki, o hələ ötən əsrin 50-60-cı illərində ölkəsini azad görmək istəyərək, atdığı bütün addımları bu istiqamətə yönəldib.
Azərbaycanda sənətin, mədəniyyətin, ədəbiyyatın inkişafı istiqamətində atılan addımlar, Azərbaycan iqtisadiyyatının gücləndirilməsi üçün Azərbaycanda böyük zavodların, fabriklərin tikilməsi, ölkəmizdə o zaman üçün imkansız olan müstəqil, hərbi kadrları hazırlaya bilən Naxçıvanski adına Hərbi liseyin açılması, azərbaycanlı gənclərin ölkə hüdudundan kənara təhsil almağa göndərilməsi və s. bu kimi bir çox tədbirlər bu günümüzə, müstəqil Azərbaycanın inkişafına istiqamətlənmişdi. Heydər Əliyev qətiyyətlə öz idealarını qəbul etdirirdi.
Bildiyimiz kimi, Ermənistan Respublikası, ermənilər və onların pərdəarxası havadarları hər bir zaman Azərbaycana, türk dünyasına qarşı məkrli planlarını həyata keçirmək istəyiblər. Amma qarşılarında Heydər Əliyev kimi bir Qüdrətli Simanın olması onlara bu addımları atmağa imkan vermədi.
ULU ÖNDƏR HƏMİŞƏ XALQLA BİRGƏ OLDUĞUNU, ONUN TALEYİ İLƏ YAŞADIĞINI TARİXİ XİDMƏTLƏRİ İLƏ SÜBUT ETMİŞDİR
ARİF RƏHİMZADƏ:
- Ulu Öndər Heydər Əliyev 81 yaşınının 35 ilini bilavasitə Azərbaycana, onun inkişafına həsr edib. Onun ümumiyyətlə bütün fəaliyyəti Azərbaycan üçün olub və Heydər Əliyev ölkəyə rəhbərliyə gəlməmişdən öncə bildiyimiz kimi, Azərbaycanın Təhlükəsizlik Komitəsinin sədri olub. O, bu vəzifədə ilk azərbaycanlı olub.
Ulu Öndər Heydər Əliyev olmasaydı, bizim bir çox ziyalılarımız repressiyalara məruz qala bilərdi. Heydər Əliyev onlarla söhbət apararaq hərəkətlərində olan səhvlərin nədən ibarət olduğunu izah edirdi.
Bütün mənalı ömrünü Azərbaycan xalqının tərəqqisinə həsr etmiş Ulu Öndər Heydər Əliyev özünün əməli fəaliyyəti ilə doğma xalqının əbədi məhəbbətini qazanaraq əsl Ümummilli Liderə çevrilmişdir. Həm əvvəlki hakimiyyəti dövründə, həm də müstəqillik illərində Ulu Öndər həmişə xalqla birgə olduğunu, onun taleyi ilə yaşadığını tarixi xidmətləri ilə sübut etmişdir. Sovet imperiyasının tərkibində yaşadığız illərdə Azərbaycan ilbəil geriləyirdi. Rəhbərlik də bu geriləmənin öhtəsindən gələ bilmirdi. 1969-cu ildən başlayaraq Azərbaycanın hərtərəfli inkişafı və tərəqqisi üçün Heydər Əliyevin gördüyü işlərin bəhrəsini bu gün xalqımız daha yaxından hiss edir. Hələ o dövrdə belə Ermənistanın bizə qarşı ərazi iddiasi var idi.
Heydər Əliyev qısa müddət ərzində Azərbaycanı irəli çəkdi və artıq Azərbaycanı tanımağa başladılar. O, Azərbaycanın kadr hazırlığına xüsusi diqqət yetirirdi. Azərbaycanda ilk hərbi məktəbi də Ulu Öndər yatardı. Keçən əsrin 70-80-ci illərində qurub-yaratdığı, zəngin respublikaya çevirdiyi Azərbaycanı 1993-cü ildə məhv olmaqdan xilas edib rəvan inkişaf yoluna çıxardı. Ulu Öndər Heydər Əliyev bizə azad, demokratik, güclü, zəngin, xalqının rifah və təhlükəsizlik şəraitində yaşayışını təmin edən, dünya birliyinin tamhüquqlu üzvü olan bir dövlət bəxş etmişdir. Bu gün hər bir azərbaycanlı harada yaşamasından asılı olmayaraq, qurucusu və memarı Ulu Öndər Heydər Əliyev olan dövlətimizlə fəxr edir. Cənab Prezident İlham Əliyev Ulu Öndərin layiqli davamçısı, ləyaqətli siyasi varisidir. Cənab Prezident İlham Əliyevin əzmkarlıqla həyata keçirdiyi siyasət respublika iqtisadiyyatında böyük uğurlara zəmin yaratdığı kimi, hər bir vətəndaşın həyatında da irəliləyişlərə səbəb olub. Uğurlu siyasət həm də Azərbaycanın beynəlxalq imicini gücləndirib. Bu gün Azərbaycan Ulu Öndərin ideyalarından nur alaraq gələcəyə doğru inamla addımlayır.
ULU ÖNDƏR DÖVLƏTİMİZİN ÜMUMİ XİLASKARI OLDUĞU KİMİ AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ DA XİLASKARIDIR
AMİL İSMAYILOV:
- Azərbaycanın ictimai-siyasi, iqtisadi, mədəni və sosial sahələrində Heydər Əliyevin gərgin əməyi, ideyası özünü göstərir. Ulu Öndər Heydər Əliyev siyasətinin fəlsəfəsində elmilik var. Onun bütün addımları çox böyük elmi təmayül üzərində qurulub. Ulu Öndərin siyasəti bugünkü gənclərin inkişafında böyük rol oynayır. Yürüdülən siyasət Azərbaycanın gələcək hədəflərini əhatə edir. Bu hədəfləri təhlil etsək görərik ki, bunlar çox strateji hədəflərdir. Bu dövlətçiliyin ən mühüm məqamlarındandır. Ulu Öndər dövlətimizin ümumi xilaskarı olduğu kimi Azərbaycan Milli Elmlər Akademiyasının da xilaskarıdır. Yəni, Onun dönüşü bir qədər geciksə idi, Azərbaycan Milli Elmlər Akademiyası adlı bir qurum da olmayacaqdı. "Elmlər Akademiyasına keçmiş illərdə də, son illərdə də mənim hörmətim, diqqətim və qayğım olmuşdur. Ancaq hesab edirəm ki, bizim elmimizə xüsusən də Elmlər Akademiyasına qayğı diqqət daha da artıq olmalıdır. XX əsrdə Azərbaycan xalqının ən böyük naliyyətlərindən biri ölkəmizdə elmin, təhsiliin sürətlə inkişaf etməsidir. Biz bununla fəxr edirik. Azərbaycan Elmlər Akademiyası respublikamızın ən yüksək elmi müəsisəsidir. …Biz Akademiyanın hörmətini həmişə qoruyub saxlamalıyıq. Heç vaxt imkan vermək olmaz ki, Akademiyamız yüksək səviyyəli elmi tədqiqat institutlarımız, özəl elmi müəsisələr arasında itsin. Buna yol vermək olmaz. Azəbaycan Elmlər Akademiyası dövlətin Akademiyasıdır. Prezidentin birbaşa himayəsi altındadır, tabeliyindədir və Prezidentin qarşısında cavabdehdir. Bir daha bunu deməyə məcburam ki, Azərbaycan Respublikasının müstəqil Elmlər Akademiyası Azərbaycanın ən yüksək elmi müəsəsi, elmi təşkilatıdır". Bu fikirləri Ulu Öndər Heydər Əliyev səsləndirmişdir. Bu fikirlərdə bütün Akademiyanın taleyi, fəaliyyəti əks olunub. Hər zaman bunun şahidi olmuşuq ki, dahi dövlət rəhbərləri ən çox qayğını elmə göstəriblər.
Sovet dönəmində də təhsil sistemində olan islahatlar məhz Heydər Əliyevə tapşırılmıdır. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra istər universitetlərin, istərsə də akademiyada institutların sayı dəfələrlə artdı, akademiya üzvlərinin sayı çoxaldı.
BUGÜNKÜ GƏNCLİYİMİZİN UĞURLARI MƏHZ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN TƏMƏLİNİ QOYDUĞU GƏNCLƏR SİYASƏTİNİN NƏTİCƏSİDİR
SALMAN SALMANOV:
Müstəqil dövlətimizin ilk illərində Azərbaycanın bütün sahələrində olduğu kimi, bəlkə də, yüzilliklərə qədər hesablanmış gənclər siyasətinin əsası qoyulmuşdur. Ulu Öndər gənclər siyasətinin əsasını Azərbaycana ilk rəhbərlik etdiyi dövrdə qoymuşdur. 1988-1993-cü illərdə ölkədə baş verən xaos zamanı ölkə gəncliyi demək olar ki, məhv olmuşdur. Universitetlərdən kənarlaşmış, müxtəlif qruplara qoşulmuşdular. Azərbaycan gəncliyi tamamilə məhv olurdu. Bu dövrdə isə Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə ilk işlərindən biri gənclər siyasətinin yenidən formalaşdırılması oldu. Həmin dövrdə gərgin bir dövrdə Heydər Əliyevin Gənclər və İdman Nazirliyinin əsasını qoyması gəncləe siyasətinin təməlini qoydu. Bundan sonra Ulu Öndərin özünün şəxsən iştirakı ilə gənclər forumunun təşkili və həmin forumdan sonra 2 fevral tarixinin Gənclər Günü elan olunması da görülən əhəmiyyətli işlər sırasında idi.
Dövlətin gənclər siyasətinin bugünkü layiqli davamçısı məhz ölkə Prezidenti Cənab İlham Əliyevdir. Biz bu gün gözəl məktəblərdə, ali təhsil müəssisələrində təhsil aldıq. Bu gün Azərbaycan gənci ölkəni tərk etmədən belə ikili diplom layihələri sayəsində dünyanın nüfuzlu universitetlərindən məzun ola bilirlər. Bütün bunlar bizim gəncliyimizin təməli sayılır. Eyni zamanda Cənab Prezident İlham Əliyevin 2007-ci ili gənclər, 2020-ci ili könüllülər ili elan etməsi də gənclərə göstərilən böyük qayğı və diqqətin göstəricisi idi. Eyni zamanda ölkə başçısı hər zaman çıxışlarında biz gənclərə güvəndiyini də vurğulayıb. 44 günlük Vətən müharibəsi zamanı da Azərbaycan gənci öz vətənpərvərliyi, gücünü bütün dünyaya nümayiş etdirdi. Həmin gənclikdir ki, Qarabağa görmədən ona bağlı böyümüşdü və bu gün də məhz o gənclər torpaqlarımızı azad etdi. Bütün sadaladıqlarımın hər biri Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasətinin nəticəsi idi. Biz gənclərə göstərilən bu etimad qarşısında da borcumuzdur ki, hər zaman ölkəmizin maraqlarını qoruyaq. Bugünkü gəncliyimizin uğurları məhz Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasətinin nəticəsidir.
Nəzakət ƏLƏDDİNQIZI