Hadisələr Azərbaycanın birtərəfli fəaliyyətə keçməsinə doğru – güc tətbiqi səmtində inkişaf edir
Aprelin əvvəlində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin Brüsseldə keçirilmiş üçtərəfli görüşlərində əldə edilmiş razılaşmalara başxmayaraq sülh sazişinə hazırlıq prosesi, aprel ayının sonuna qədər birgə sərhəd komissiyalarının yaradılması prosesi nəinki İrəvan tərəfindən gecikdirilir, üstəlik Ermənistan silahlı qüvvələri artıq bir neçə dəfə Azərbaycan ordusunun Kəlbəcər istiqamətindəki mövqelərini atəşə də tutublar.
Bütün bunlarla yanaşı, Rusiya sülhməramlı kontingentinin (RSK) müvəqqəti yerləşdikləri ərazilərimizdə də mövcud olan qanunsuz silahlı dəstələr məhz RSK-nın gözü qarşısında (?!) mühəndis-istrhkam işləri aparır, dayaq nöqtələri qurur, səngərlər qazır, bu vasitə ilə silahlı təxribat törətmək üçün hazırlıq işləri apardıqlarını gizlətmirlər.
Və ən maraqlısı və təəccüblüsü isə budur ki, baş verən bütün olaylar Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistanın təhlükəsizlik şurasının katibi Armen Qriqoryanla Brüsseldə keçirdiyi görüşü əsnasına təsadüf edir. Belə olan halda birmənalı olaraq məntiqi suallar yaranır:
Hansı səbəbdən Ermənistan rəhbərliyi öz nümayəndələrini Azərbaycan nümayəndələri ilə görüşlərə göndədir?
Danışıqlar prosesində əldə edilmiş ilkin razılaşmalara baxmayaraq Azərbaycanla sərhədlərdə və Qarabağda törədilən silahlı insidentlər nəyə hesablanıb?
Ermənistanın “AMMA”ları haraya qədər davam edəcək? – Tofiq Zülfüqarovdan maraqlı proqnozlar...
SİA xəbər verir ki, bu kimi məsələlərə münasibətlər bildirən sabiq XİN rəhbəri Tofiq Zülfüqarov rusdilli caliber saytına maraqlı fikirlər bildirib və ilk olaraq eyham vurub ki, Qarabağ müharibəsində aldığı sarsıdıcı məğlubiyyətindən sonra Ermənistan hakimiyyəti sülh danışıqları fonunda sadəcə imitasiya edir, yəni səmimi davranmır. Onun sözlərinə görə, İrəvan öz nüfuzunu beynəlxalq aləmdə qoruyub-saxlaya bilməsi və eyni zamanda, Azərbaycanla münasibətdə öz təhlükəsizliyini təmin etməsi üçün imitasiyalara yol verir. Belə ki, rəsmi Bakı ərazi bütövlüyünün tam bərpası prosesini başa çatdırmaqda qərarlıdır.

Tofiq Zülfüqarov əlavə edib: SİTAT: “Erməni tərəfi açıq şəkildə bəyan edir ki, onlar necə deyərlər, özlərinin “artsax siyasətlərini” yeni şərtlərdə davam etdirmək niyyətindədir, ona görə də bir-birinə zidd bəyanatlar verirlər və fəaliyyətləri də tez-tez ziddiyyət təşkil edir. Bir tərəfdən Ermənistan Azərbaycan torpaqlarına qarşı siyasi ilhaqını davam etdirir, digər tərəfdən Azərbaycanın təsirləri altında beynəlxalq qanunlara riayət etmək məcburiyyətindədir. Nə vaxt ki, Azərbaycan müvafiq beynəlxalq tənzimləmə prinsiplərini təklif edirsə erməni tərəfi bəyan edir ki, bunu əsas kimi götürür, ancaq sonrakı tənzimlənmə prosesi “AMMA...”da ilişib-qalır...”.
“İrəvan RSK-nın müvəqqəti yerləşdiyi ərazilərə “könüllülər” görüntüsü altında öz hərbi bölmələrini göndərir, yəni faktiki olaraq Azərbaycanın ərazilərində Ermənistanın silahlı qüvvələri mövcuddur”
Zülfüqarov davam edərək bildirib ki, başqa sözlərlə ermənilər bu və ya digər şəkildə Azərbaycanın daxili işlərinə qarışırlar.

SİTAT: “Misal üçün, erməni tərəfi deyir ki, Qarabağdakı erməni əhalisinin təhlükəsizliyini təmin etmək istəyir, ancaq iş ondadır ki, orada RSK yerləşir və onların funksiyaları məhz Qarabağın erməni əhalisinin təhlükəsizliyini təmin etməkdən ibarətdir. Eyni zamanda, İrəvan RSK-nın müvəqqəti yerləşdiyi ərazilərə “könüllülər” görüntüsü altında öz hərbi bölmələrini göndərir, yəni faktiki olaraq Azərbaycanın ərazilərində Ermənistanın silahlı qüvvələri mövcuddur, baxmayaraq ki, onlar 2020-ci ildə darmadağın ediliblər. Bundan da əlavə, Ermənistan qondarma strukturların maliyyələşməsi üçün müxtəlif növ proqramlar icra edir və bütün bunlar Azərbaycan ərazilərinin ilhaqına cəhdlərdir, eləcə də müxtəlif diversiyalara hesablanıb. Məntiqcə hazırda Ermənistan-Azərbaycan trekində məhz bu hallar baş verir”.
“Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında hər dəfə vurğulayır ki, ərazi bütövlüyümüzün pozulacağı halında və Ermənistanın destruktiv fəaliyyətinin davamında Bakı güc tətbiq etməyə hazırdır”
“Təbii ki, Azərbaycan bəyan etdiyi mövqeyi ilə, siyasi vasitələrlə Ermənistana sülh yolu ilə tənzimlənməsinin daha səmərəli olduğunu göstərməyə çalışır. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında hər dəfə vurğulayır ki, ərazi bütövlüyümüzün pozulacağı halında və Ermənistanın destruktiv fəaliyyətinin davamında Bakı güc tətbiq etməyə hazırdır. Başqa sözlərlə, bizim ölkə ikikomponentli siyasət tətbiq etməkdədir”, deyə Tofiq Zülfüqarov qeyd edib.
.jpg)
Keçmiş XİN rəhbəri sözlərinə əlavə olaraq deyib ki, Rusiya və başqa xarici oyunçular ənənəvi olaraq münaqişəni Azərbaycanın daxili işlərinə, siyasətinə təsir etmək vasitəsi kimi istifadə edirlər.
“Onlar üçün münaqişənin mövcudluğu 30 il boyunca tətbiq edilən təzyiq vasitəsi kimi qəbul edilir. Əlbəttə, heç kim (nə Rusiya, nə də Qərb) Azərbaycana qarşı olan bu təsir vasitəsini itirmək istəmir ki, nəticədə bu gün izlədiyimiz ikibaşlı siyasətə gətirib-çıxarır. Bir tərəfdən sülhə sədaqətli olmağı əks etdirən bəyannamə, Azərbaycanın ərazi bütövlüyünə hörmət, başqa tərəfdən isə gərginlik ocağını münaqişə situasiyasını saxlamaqla bağlı praktiki fəaliyyət”, Zülfüqarov bildirib.
Politoloq Fərhad Məmmədov: “Həmin vaxtdan 1 il 4 ay keçib, amma kommunikasiyaların blokadadan çıxarılması yönündə heç bir irəliləyiş yoxdur”
Politoloq Fərhad Məmmədov isə öz növbəsində bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan heç vaxt əsrarəngizliyi ilə seçilməyib. “44 günlük müharibəyə qədər bu planda heç nə dəyişmirdisə, müharibədən sonra da eynisi yaşanır. Bizdə 2021-ci ilin 11 yanvarında dəqiqliklərlə yazılan bəyanatın əldə edilməsi təcrübəsi var. Həmin vaxtdan 1 il 4 ay keçib, amma kommunikasiyaların blokadadan çıxarılması yönündə heç bir irəliləyiş yoxdur. Yalnız komissiyalararası səviyyədə iş aparılıb”, deyən politoloqun sözlərinə görə, mövcud situasiyaya gəlincə hər kəs Paşinyanın Moskvaya səfərindən sonra ritorikasının dəyişildiyini gördü.

SİTAT: “Səhəri gün Paşinyanın parlamentdə Qarabağın statusu ilə bağlı Ermənistan tərəfindən “plankanın” aşağı salınması barədə bəyanatından sonra Aİ-nin Cənubi Qafqaz üzrə nümayəndəsi Toyvo Klaar özünün tvitter səhifəsində erməni baş nazirinin “uzaqgörən” qərarını alqışladığını dedi. Yəni Paşinyanın beynəlxalq ictimaiyyət deyərkən kimi nəzərdə tutduğu aydınlaşdı”.
“Azərbaycanın birtərəfli fəaliyyəti Rusiyanın və Avropanın geosiyasi güc mərkəzləri üçün sürpriz olmayacaq”
“İndi biz Paşinyan hökumətinin delimitasiya ilıə bağlı qərar verməsi ərəfəsində parlament müxalifətinin aktiv fəaliyyətini müşahidə edirik və eyni hal ötən ilin fevralında da baş vermişdi. Lakin Ermənistanda hər dəfə müxalifət aktivliyi yaşanacaqsa bu heç də yaxşı nəyəsə gətirib-çıxarmayacaq”, deyən politoloq əlavə edib: “Düşünürəm ki, bu mesaj ötən görüşlərdə Azərbaycanın nümayəndə heyəti tərəfindən erməni tərəfinə çatdırılıb. Bu barədə Azərbaycan Prezidenti də hər dəfə bəyan edir. Bununla yanaşı biz Ermənistandakı müxalifət aktivliyinin hər hansı iri miqyaslı olduğunu da müşahidə etmirik. Bundan əlavə, Paşinyan hansısa dövlət çevrilişi adı altında oyunlar da oynaya bilər”.

Fərhad Məmmədovun sözlərinə görə, erməni rəhbərliyinin ümumi strategiyası hazırkı mərhələdə prosesin uzadılmasına və çətinləşdirilməsinə doğru yönəldilib. “Azərbaycanla Ermənistan arasındakı danışıqlar prosesi ilə bağlı Rusiya tərəfi və Qərb partnyorları da məlumatlıdırlar. Məhz onların vasitəsi ilə üçtərəfli bəyanatlardakı fikirlər yer alıb, habelə Şarl Mişelin də bəyanatı buraya aid edilə bilər. Ona görə də Azərbaycanın birtərəfli fəaliyyəti bu ölkələr və geosiyasi güc mərkəzləri üçün sürpriz olmayacaq”, deyə politoloq bildirib.
Rövşən RƏSULOV