“Ümumiyyətlə son illərdə xəstəliklərin və insanların mövsümdən asılı olaraq orqanizmində baş verən dəyişikliklər barədə aparılan elmi-tədqiqat işləri olduqca genişlənib. Hətta artıq ABŞ-da çox geniş bir elmi-tədqiqat işi aparılır”. Bu sözləri SİA-ya açıqlamasında tibb elmləri namizədi, dosent, əməkdar həkim Tariel Eyvazov bildirib.
Onun sözlərinə görə, insanların hansı mövsümdə, hansı fəsildə anadan olmasına uyğun olaraq onların xasiyyətləri, həyat fəaliyyətləri barədə müəyyən rəylərə gəlinir: “Ancaq bununla yanaşı biz həm praktika, həm də insanlar arasında mövsümün dəyişməsilə bəzi xəstəliklərin əmələ gəlməsi və ya kəskinləşməsinə rast gəlirik. Statistika göstərir ki, insanlar arasında 20 faizə qədər mövsüm dəyişikliyi zaman müəyyən xəstəliklərdən əziyyət çəkirlər. Bunun əsas səbəblərindən biri yaz-yay aylarında Günəşin Yer kürəsinə daha yaxın olmasıdır. Digər fəsillərdən fərqli olaraq yaz-yay aylarında Günəş şüaları insanlara birbaşa öz təsirini göstərir. Günəşin ultra bənövşəyi şüalarına qarşı insan orqanizmində müəyyən bir reaksiya baş verir.
Ümumiyyətlə yay aylarında müəyyən saatlarda havada, Günəş şüalarının altında qalmaq insan orqanizminə oluqca zərərlidir.
İkinci bir məsələ isə bitkilərin tozlanması məsələsidir. Bitkilərin tozlanması zamanı xüsusi maddələr yayılır ki, bu bir çox insanlara mənfi təsir edir. Məsələn bir çox insanlarda baş gicəllənməsi, yüksək hərarət, immun zəifliyi ilə müşahidə olunur.
Yaz-yay aylarında immun sisteminin gücləndirilməsi üçün təbii qidalardan istifadəyə üstünlük vermək lazımdır.
Buna görə də bu cür mövsüm dəyişikliyi zamanı qidalanmaya mütləq şəkildə diqqət etmək və immun sistemimizi gücləndirmək lazımdır”.