"Bu il mayın 2-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün 9 mərtəbəli 12 binadan və 576 mənzildən ibarət yeni yaşayış kompleksinin açılışı oldu. Bu tədbir dövlət başçısının şəhid ailələri və müharibə əlillərinə yüksək qayğısının daha bir təzahürüdür". Bu sözləri SİA-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr üzrə şöbə müdiri Fazil Talıbov deyib.

Onun sözlərinə görə, həmin açılış zamanı şəhid ailəsi ilə görüşündə Prezident İlham Əliyev bir daha bəyan etdi ki, “Biz bütün şəhidlərimizin ailələrinin məişət problemlərini həll etməyə çalışırıq və çalışacağıq. Bu, bizim borcumuzdur. Prezident kimi mənim və dövlətimizin borcudur. Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ailələrinə bu günə qədər 12 mindən çox mənzil verilib”.
Dövlətimizin başçısı şəhid ailələrinin problemlərinin həlli üçün dövlətin əlindən gələni etdiyini və bundan sonra da edəcəyini qeyd etdi və bildirdi ki, “Bütün məsələlərdə, məşğulluq, məişət problemləri, ondan sonra istənilən problem ola bilər insanın həyatında, - bütün dövlət məmurları, mərkəzi, yerli icra orqanları daim şəhid ailələri ilə bir yerdə olmalıdırlar, kömək göstərməlidirlər. Bu, bizim borcumuzdur”.
Fazil Talıbov sözlərinə davam edərək həmçinin qeyd edib ki, möhtəşəm zəfər əldə etdiyimiz 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının tapşırığına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı geniş miqyaslı sosial dəstək paketi icra olunur: "Bu sosial dəstək paketi üzrə artıq 100 min şəxsə 166 min xidmət göstərilib. Sosial dəstək paketinin mühüm bir istiqaməti olaraq, postmüharibə dövründə şəhid ailələri və müharibə əlillərinin mənzillə və fərdi evlə təminatı proqramı 5 dəfə genişləndirilib. Ümumilikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə əlillərinə 2018-ci ildə 626 ədəd, 2019-cu ildə 934 ədəd, 2020-ci ildə 1572 mənzil və fərdi ev verilibsə, 2021-ci ildə bu proqram 3 il əvvələ nisbətən 5 dəfə genişlənib, ötən il 3 min mənzil və fərdi evin verilməsi proqramı icra olunub. Beləliklə, postmüharibə dövründə 3500, ümumilikdə ötən dövrdə 12500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib. Həmçinin son 4 ildə də 1450, ümumən ötən dövrdə 7400 müharibə əlilinə minik avtomobili verilib.
Şəhid ailələrinə həmçinin Prezidentin aylıq təqaüdü, pensiya və müavinətlərlə təminatı da həyata keçirilir və xüsusilə son illərdə inqilabi islahatlar nəticəsində bu sosial ödənişlərdə ciddi artımlar baş verib. Eyni zamanda, şəhid ailələrinin övladları ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil aldıqda, təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir. Aktiv məşğulluq proqramlarında (özünüməşğulluq, ödənişli ictimai işlər və və s.) da şəhid ailəsi üzvlərinə üstünlük verilir. Əmək münasibətlərində, vergi sahəsində də onlar bir sıra imtiyazlara və təminatlara malikdirlər".