"Bildiyimiz kimi dünən cənab Prezident İlham Əliyevin fərmanı ilə Vahid Hacıyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Prezidentin xüsusi nümayəndəsi təyin olunmuşdur. Bu fərman imzalanmazdan öncə möhtərəm Prezidentimiz Vahid Hacıyevi video-formatda qəbul etmişdir. Sözsüz ki, istər keçən il Şərqi Zəngəzur iqtisadi zonasının yaranması, istərsə də prezidentin xüsusi nümayəndəsinin təyin olunması cəmiyyətdə müsbət mənada böyük müsbət reaksiya yaratmışdır. Hər iki hadisəni əslində tarixi ədalətin bərpası da adlandırmaq olar.
Qeyd etmək istərdim ki, bu video-formatdakı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin çıxışı Vahid Hacıyevə tövsiyə və tapşırıq olmaqla bərabər, həm də bütövlükdə bütün Azərbaycan xalqına, hətta beynəlxalq ictimaiyyətə, erməni faşizmini dəstəkləyənlərə və onlarla iş birliyində olanlara da ciddi mesaj idi. O çıxışında ötən işğal dövründə erməni barbarları tərəfindən Qarabağda eləcə də, Şərqi Zəngəzur bölgəsində törədilmiş dağıntılara, vəhşiliyə və cinayətə də toxunaraq, erməni işğalçı ordusunun bəzi hərbi hissələrinin yerləşdiyi bir neçə inzibati binadan başqa Zəngilan rayonunun demək olar ki, yerlə-yeksan edilməsini xatırlatdı. Bu mənada Azərbaycanın Müzəffər Milli Ordusu təkcə torpaqlarımızı işğaldan azad etmədi, həm də dünya erməniliyi üzərində böyük qələbə çalmaqla, bölgəmizi erməni faşizmindən xilas etdi. Bugün işğaldan azad edilmiş ərazilərə səfər edən xarici qonaqlar çoxəsirlik tarixə malik, Azərbaycan xalqı tərəfindən yaradılmış, ermənilər tərəfindən məhv edilmiş tarixi, mədəni, dini abidələrdən tutmuş, bütün yaşayış məskənlərini, flora və faunanı gördükcə erməni vandalizminin şahidi olurlar". Bu sözləri SİA-ya açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, qürurverici haldır ki, bugün möhtərəm Prezidentimizin tapşırığı ilə bütün işğaldan azad olunmuş ərazilərdə olduğu kimi Zəngilan ərazisində də Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə geniş bərpa quruculuq işləri aparılır: "Ölkə başçısı çıxışında demək olar ki, tam dağıdılmış Zəngilan şəhər məscidinin hazırda əsaslı təmir olunduğunu, ilk pilot layihə kimi Zəngilanın Ağalı kəndinin yüksək standartlarla yenidən qurulduğunu bildirmişdi. Prezidentimiz çıxışında qeyd etmişdir ki, qurulan bu smart kəndlərdə yaşayacaq keçmiş məcburi köçkün adlandırdığımız vətəndaşlarımız üçün təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq kimi bütün amillər nəzərə alınır. Ümumiyyətlə möhtərəm Prezidentimizin hər çıxışını həm də sanki, görülən işlər haqqında xalqa hesabatı da adlandırmaq olar. Bu da onun xalqına olan sonsuz məhəbbət və ona etimad göstərmiş xalq qarşısında nadir liderlərə məxsus məsuliyyət və hesabatlılıqdan irəli həlir. Bu nöqteyi nəzərdən onun videoformat şəklində keçirilən bu qəbul zamanı etdiyi çıxışını da həm də Qarabağda, Şərqi Zəngəzurda, eləcə də Zəngilanda görülmüş işlərin hesabatı adlandırmaq olar".
Deputat sözlərinə belə davam edib: "Fəxrlə qeyd etməliyik ki, hər birimiz bu çıxışı dinləyərkən qısa müddət ərzində ölkədə, daha doğrusu işğaldan azad olunmuş torpaqlarımızda nə qədər möhtəşəm işlərin görüldüyünün sevincini yaşayırıq. Hazırda Zəngilan rayonunda böyük infrastruktur layihələrinin icra edildiyini qeyd edən möhtərəm Prezidentimiz günümüzün reallığı kimi Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturunun, çox funksiyalı Zəngilan Beynəlxalq Hava Limanının istismara veriləcəyini, Zəngilanın gələcəkdə beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcəyini bildirdi. Möhtərəm Prezidentimiz çıxışında coğrafi vəziyyətin nəzərə alındığı və işğaldan azad edilmiş ərazilərdə Füzulidən sonra ikinci hava limanı sayılan Zəngilan hava limanının ölkəmizin iqtisadi, nəqliyyat və həm də təhlükəsizliyi ilə bağlı məsələlərin həllində önəmini də vurğulamışdı. Təqdirəlayiq haldır ki, bugün müxtəlif ölkələrdən olan bir çox ekspertlərin böyük siyasi, iqtisadi əhəmiyyət verdiyi bu beynəlxalq səviyyəli loqistik layihə; Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməklə bərabər, beynəlxalq yükdaşımaları üçün beynəlxalq səviyyəli yeni bir yol olacaqdır. Möhtərəm Prezidentimiz bütün inşa edilən avtomobil yollarının dörd və altı zolaqdan ibarət olduğunu, məhz bu yoldan Cəbrayıl rayonuna, eyni zamanda həm beynəlxalq yükdaşımalar, həm də vətəndaşlar üçün çox rahat olan Horadizdən Zəngilana, Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox zolaqlardan da ibarət magistral avtomobil yolunun çəkildiyini bildirdi. Qeyd edilən sonuncu yol infrastrukturu isə Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Möhtərəm cənab İlham Əliyev həm vətəndaşlar, həm də beynəlxalq yükgöndərənlər üçün çox əlverişli dəmir yolu infrastrukturu hesab olunan Horadiz-Ağbənd hissəsinin yaxın vaxtlarda istifadəyə veriləcəyini bildirdi. Bildiyimiz kimi işğaldan azad olunmuş ərazilərdə yaradılan və inşa edilən bütün infrastruktur layihələr təsdiq edilmiş planlar əsasında həyata keçirilir. Yəni təkcə rayonların deyil, həm də kəndlərin də baş planları hazırlanıb , baxış keçirildikdən sonra onun əsasında bərpa-quruculuq işləri görülür. Möhtərəm Prezidentimiz Zəngəzur dəhlizinin gələcək perspektivindən danışarkən bu dəhlizin Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirərək, tam yeni nəqliyyat dəhlizi olacağını vurğulamışdı. O, son vaxtlar Azərbaycana Xəzər dənizinin Şərq hissəsindən yük göndərmək istədiklərini bildirən çoxsaylı müraciətlərin olduğunu bildirərək Zəngəzur dəhlizinin ölkəmizin qonşu dövlətlərlə əlaqələrində əlavə imkanlar yaradacağını da qeyd etmişdi.
Ölkə rəhbəri Zəngilana dönəcək insanların məşğulluq probleminin həlli üçün Ağalı kəndində yaradılacaq müxtəlif yeni müəssisələr haqqında da məlumat verdi. O, keçmiş məcburi köçkünlərin Ağalı kəndində məskunlaşdıqdan sonra orada kənd təsərrüfatında, dövlət və özəl şirkətlər tərəfindən yaradılmış müəssisələrdə işlə təmin olunması ilə məşğulluq probleminin həll olunmasını müvafiq qurumlara ciddi tapşırıq verdiyini dedi. O, azad edilmiş torpaqların xüsusilə Laçın, Kəlbəcər, o cümlədən Qubadlı, Zəngilan rayonlarının təbii iqliminin və coğrafiyasının geniş kənd təsərrüfatı potensialına malik olmasını və gələcəkdə görüləcək işlərin əhalimizin ərzaq təhlükəsizliyinin təmin edilməsində xüsusi önəm daşıdığını da vurğulamışdı. Bildiyimiz kimi Zəngilan rayonunun çox gözəl və füsunkar təbiətə malik olması ona böyük turizm potensialı verir. Sözsüz bu potensial, digər rayonlarda yaradılacaq turizm imkanları məskunlaşmış insanların məşğulluq və gəlir mənbəyi olacaq. Möhtərəm Prezidentimizin dünənki videoformat qəbul zamanı etdiyi çıxışın ən önəmli istiqamətlərindən biri də işğal dövründə işğal altında olan min hektarlarla torpaqların ekologiyasına erməni faşistlərinin vurduğu böyük zərər haqqında fikir və tövsiyələridir. Bildiyimiz kimi Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarının meşələrinin kütləvi surətdə qırılması kimi bəşəri problem ətraf mühitə qarşı törədilmiş ən ağır vəhşilik və cinayətdir. Erməni vandalları xalqımıza məxsus bütün sərvətləri talan edərək, onların çox qismini xaricə aparmışdır.Sözsüz ki, Zəngilanda da bu cür qəsbkarlıq işləri görülmüş və təbiətə çox böyük zərər verilmişdir.
Avropanın ikinci ən böyük çinar meşəsi yerləşən Zəngilanda Bəsitçay təbiət qoruğunun böyük hissəsi məhv edilib və bəzi yerlər isə yandırılmışdır. Belə çirkin əməllər Kəlbəcər və Laçın rayonlarında da törədilmişdir.
Bu ərazilərdə erməni vəhşiliyinin törətmiş olduğu bu kadrlar dəfələrlə
müxtəlif xarici kanallar vasitəsilə də görüntülənmişdir. Lakin beynəlxalq təşkilatlar necə ki, otuz il susdu, görmədi, indi də lal , kor və kardırlar.
Bildiyimiz kimi Möhtəşəm Zəfərdən sonra Müzəffər Ali Baş Komandanımız ilk dəfə Zəngilana səfəri zamanı Bəsitçay təbiət qoruğunda yeni çinarlar əkdi. Yəni bərpa işləri başlayıb və çox uğurlu nəticələr var, aidiyyatı qurumlar bu işi davam etdirirlər.
Bununla bərabər Ermənistan Zəngilandakı və digər rayonlardakı qızıl və digər qiymətli metal yataqlarını da vəhşicəsinə istismar edərək, qanunsuz olaraq orada çıxarılan qızılı xaricə daşıyaraq satmışdır. Möhtərəm Prezidentimiz bu cinayətin və talanın təşkilatçıları olmuş saysız hesabsız hərbi cinayətlər törətmiş Sarkisyan və Köçəryan quldur birliyinin beynəlxalq məhkəmədə cavab verəcəyini, bunun üçün təxirəsalınmaz işlərin görülməsinin vacibliyini və müvafiq qurumların vəzifə məsuliyyətini xatırlatdı. O ,ümumiyyətlə, Qarabağda törədilmiş hərbi cinayətlərlə bağlı bütün hüquqi prosedurlara start verildiyini və bu cinayətin cavabsız qalmayacağını əminliklə bildirdi. Bu haqda Dövlətimizin Başçısı istər beynəlxalq, istərsə də respublikamızda keçirilən tədbirlərdə dəfələrlə ictimaiyyətə çatdırmış, dəymiş bütün ziyanın ödənməsi tələbini etmişdir. Utancverici hallardan biri də Zəngilanın Vejnəli kənd qızıl yatağının xarici vətəndaşlar eləcə də, erməni əsilli xarici vətəndaşlar tərəfindən qanunsuz istismar edilməsidir. Bu faktlar beynəlxalq təşkilatlara məlum olsa da, hələ də susqunluq göstərilməkdə davam edilir. 44 günlük Vətən müharibəsində dünya erməniliyini darmadağın edən Azərbaycan xalqı bu cinayətkarları dünya qarşısında ifşa etməyə və vurulmuş ziyanın müqabilində təzminat ödətdirməyə qadirdir.
Erməni faşizminin hesab verəcəyi cinayətlər bununla bitmir. Belə ki, Zəngilanın ərazisindən keçən Oxçuçay çayı Ermənistanın ekoloji terroruna məruz qalmışdır. Azərbaycanın qızıl mədənlərində talançılıq edən bəzi xarici şirkətlər də bu ekoloji terrorun müəlliflərindəndir. Bildiyimiz kimi mədəndən Oxçuçayına axıdılan zəhərli maddələrin təsirindən bu çayın suyu sarı rəngə boyanmışdır. Bu ekoloji terror dəfələrlə yerli və xarici mətbuatda dərc edilibdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev çıxışında qeyd etdiyi kimi Ermənistanın cinayətkar rəhbərləri olmuş Sərkisyan və Koçaryanın suç ortağı olan xarici şirkət “Cronimet” şirkətidir. Bu haqda ölkəmiz adından Almaniyanın hüquq-mühafizə orqanlarına rəsmi müraciət edilsə də və Avropada ekologiya problemlərinə çox həssaslıqla yanaşılsa da, bugünə qədər cavab yoxdur. Bu da bir daha özlərini demokratik, şəffaflıq, hüququn aliliyini əsas prinsip kimi bayraq edən dövlət və beynəlxalq təşkilatların riyakarlığına sübutdur".
Ayşən Vəli