Heydər Əliyev və təhsilimizə konseptual yanaşmalar

4 May 2022 18:56 (UTC+04:00)

Bütün əmək fəaliyyətim təhsil sistemi ilə bağlı olub. Hətta 10 ilə yaxın başqa sahədə işləmiş olsam da, yenə də bilavasitə əməkdaşların peşəkar inkişafı ilə məşğul olmuşam. Son 40 il ərzində bu və ya digər formada təhsil siyasətinə aid layihələrin hazırlanmasında və onların həyata keçirilməsində yaxından iştirak etmişəm. Fəxr edirəm ki, ölkə təhsilinin yeniləşməsinə və onun sistemli inkişafına möhkəm zəmin yaratmış və ölkə Prezidenti tərəfindən 2013-cü ildə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın layihəsinə də mühüm töhfələr verə bilmişəm.

Məqalənin mövzusunu özüm üçün əvvəlcədən müəyyənləşdirmişdim. Onun formatı haqqında çox düşündüm və üstünlüyü bir il əvvəl nəşr olunmuş “Təhsilimiz: dünəndən sabaha. Optimistin baxışları” kitabımda Heydər Əliyevlə bağlı əks etdirdiyim aşağıdakı fikirlərin bölüşməsinə verdim.

Heydər Əliyev və təhsil (“Müəllim, Müəllim ol!” dərsindən)
Görkəmli dövlət xadimi, böyük şəxsiyyət Heydər Əliyevlə ünsiyyətim həmişəlik yaddaşıma həkk olunmuşdur. O, 1969–1982-ci illərdə Azərbaycana rəhbərlik edib, 1982–1986-cı illərdə sovet hökumətində ən yüksək vəzifələrdən birini tutub və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olub. O zamanlar ölkənin bir sıra mühüm sosial-iqtisadi sahələri onun kurasiyasında idi, o cümlədən H.Əliyev SSRİ-də aparılan təhsil islahatlarına da rəhbərlik edirdi. Mən həmin islahatların həyata keçirilməsi üzrə Ümumittifaq Koordinasiya Komissiyasının üzvü olmuş və əksər tematik diskussiyalarda, habelə sovet təhsilində köklü dəyişikliklərin aparılmasına dair təkliflərin hazırlanmasında yaxından iştirak etmişəm. Heydər Əliyev Azərbaycan Respublikası Prezidenti vəzifəsində də Azərbaycanda sosial, iqtisadi, mədəni, infrastruktur və digər istiqamətlərdə böyük islahatlar apardı, milli təhsil sistemimizin inkişafı ilə bağlı bir sıra mühüm, konseptual mahiyyətə malik təşəbbüslərə təkan verdi.

Milli-mənəvi dəyərlər (“Birləşdirici bucaq – dəyərlər” dərsindən)
Heydər Əliyev: “Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”.

Cəsarətli addım
(“Məktəbəqədər təhsilə yaşıl işıq!” dərsindən)

Moskva şəhər Təhsil Departamentinin dəvəti ilə 14–17 oktyabrda (2008-ci il) “Erkən yaşlı uşaqların təhsili” mövzusunda beynəlxalq forumda iştirak etdim. Mən “Erkən yaşlı uşaqların intellektual inkişafı” bölməsinin iştirakçısı oldum, habelə “Müasir uşaq – o kimdir?” mövzusunda keçirilən “dəyirmi masa” müzakirələrində çıxış etdim.
Yeri gəlmişkən, “dəyirmi masa”ya akademik Vitaliy Rubtsov rəhbərlik edirdi. O, Moskva Dövlət Psixoloji-Pedaqoji Universitetinin rektoru, eyni zamanda Rusiya Təhsil Akademiyasının L.Q. Şukina adına Psixologiya İnstitutunun direktorudur. Qeyri-rəsmi söhbətimiz zamanı hörmətli akademik həyatında və elmi fəaliyyətində son dərəcə mühüm və mərhum Heydər Əliyevin adı ilə bağlı olan hadisədən bəhs etdi.

Qeyd edim ki, Vitaliy Rubtsov dünya miqyaslı görkəmli alim-psixoloq, inkişafetdirici təlim nəzəriyyəsi və təcrübəsinin əsasını qoyanlardan biri olan Vasiliy Davıdovun yetirməsidir. Davıdov həm də sovet pedaqogikasının ideoloji opponenti kimi də tanınırdı. Ötən əsrin 70-ci illərinin sonundan dəfələrlə, özü də kəskin şəkildə mövcud rəsmi pedaqoji doğmaları tənqid edir, sovet təhsil sistemində dərin dəyişikliklər aparılmasının zəruriliyindən açıqcasına danışırdı. V.Davıdov bu cür “üsyankar” çıxışları və məqalələrinə görə 1983-cü ildə Sov.İKP sıralarından xaric edilir və institut direktoru vəzifəsindən uzaqlaşdırılır.
Davıdov işdən çıxarıldıqdan sonra, əlbəttə ki, Rubtsovun o vaxt rəhbərlik etdiyi və novatorluğu ilə fərqləndiyi İnkişafetdirici təlim laboratoriyasının ləğvi məsələsi də gündəmə gəlmişdi. Vitaliy Vladimiroviç vəziyyətdən çıxış yolu axtarmağa çalışsa da, atılan addımlar heç bir nəticə verməmişdi və mahiyyət etibarilə verə də bilməzdi. Nəhayət, dostlarının israrlı təkidi ilə Rubtsov SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevə müraciət məktubu yazmışdı. Sovetlər gerçəkliyində heç kəsin tanımadığı hansısa psixologiya elmləri namizədinin məktubuna SSRİ-nin əsas rəhbərlərindən biri tərəfindən diqqət yetiriləcəyinə, əlbəttə ki, ümid yox idi.

Nə qədər təəccüblü olsa da, qısa bir zamanda gənc alim Heydər Əliyevdən birmənalı dəstək almış və bu dəstək sayəsində laboratoriyanın bağlanması təhlükəsi aradan götürülmüşdü. Rubtsov və onun həmkarları indinin özündə də həmin günləri, partiya sıralarından xaric edilmiş Davıdovun adı ilə assosiasiya olunan laboratoriyanın ləğv edilməsinin qarşısını almaqda Sov.İKP MK Siyasi Bürosu üzvünün atdığı çox cəsarətli addımı böyük iftixarla xatırlayırlar.

Təhsilə konseptual yanaşma (“Sovet avtoritarizmi və müasir menecment” dərsindən)

Obyektivlik naminə təsdiq etməliyik ki, təhsilə konseptual yanaşmanı hələ 1999-cu ilin avqustunda Prezident Heydər Əliyev belə səsləndirmişdir: “Təhsil xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir”.

İnsan və vətəndaş mövqeyi

(“Təhsil və həyat” bölməsindən)
Heydər Əliyevin “Bir ağacı kəsən sanki mənim bir qolumu kəsir” emosional ifadəsi yadıma düşdü. Mən həmin sözlərin səsləndiyi yığıncağın iştirakçısı olmuşam...

Strateji baxış

(“Başlanğıcın başlanğıcı” dərsindən)
SSRİ dağılanadək və ondan sonrakı illərdə də əzmkarlıqla ümumi təhsil konsepsiyasının hazırlanması, məktəb proqramları və dərsliklərin yenidən işlənməsinin zərurəti haqqında dəfələrlə fikir söyləmişdim. Mətbuatda, radio və televiziya çıxışlarımda təlim rus dilində olan siniflərdə şagirdlərimizin tarix fənnini Rusiya dərsliklərindən öyrənməsinin qəbulolunmazlığını xüsusi vurğulayırdım... Heydər Əliyevin 2000-ci ildə Nərimanov rayonunundakı 82 nömrəli məktəbə səfəri zamanı yeni dərsliklər qoyulmuş rəflərin birində Rusiyanın tarix dərsliyini gördükdə necə qəzəbləndiyini təsəvvür etmək çətin deyil. Bir il ərzində vəziyyət düzəldi...

İcbari təhsil

(“Orta təhsil: doqquz illik?..” dərsindən)
Müstəqil Azərbaycanın ilk Konstitusiyası üzərində işlər aparılarkən ən mübahisəli məsələlərdən biri məhz icbari ümumi təhsilin müddəti ilə bağlı idi. Əfsuslar olsun, lakin bir çox müəllim, alim, ictimai xadim 9 illik icbari təhsilə üstünlük verirdi. 11 illik icbari ümumi təhsilin tərəfdarları da az deyildi. Tam məsuliyyətlə deyirəm: 1995-ci ilin Konstitusiyasında məhz 11-illik orta təhsilin icbariliyi barədə Qanun müddəasının əks olunması şəxsən Prezident Heydər Əliyevin qətiyyətli mövqeyi hesabına baş vermişdir.

Asif Cahangirov,

YAP Veteranlar Şurasının üzvü, Respublikanın əməkdar müəllimi