"Azərbaycanın dövlət başçısı Ali Baş Komandan İlham Əliyev və Heydər Əliyev Fondunun rəhbəri, Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva hər zaman təhsilə və təhsildə aparılan islahatlara xüsusi diqqət göstərmişdir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə bildirib.
Onun sözlərinə görə, ölkəmizdə təhsilə göstərilən diqqət, qayğı göz önündədir: "Ötən günlərdə ölkə başçısı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Sabunçu rayonunda inşa edilən 304 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər. Bu bir daha onu göstərir ki, cənab Prezident və Mehriban xanım Əliyeva iş cədvəlinin gərgin olmasına baxmayaraq təhsilə, təhsillə bağlı məsələlərə hər zaman vaxt ayırmışlar. Qeyd edim ki, deputatı olduğum Lənkəran, Masallı bölgəsində məktəblərin yenidən təmir olunması üçün müəyyən tədbirlər həyata keçirilib. Həm dağ rayonlarında, həm də digər kəndlərdə məktəblərin təmir olunması, orada istilik təchizatlarının qurulması, ən müasir texnologiyalarla təmin edilməsi, bir sözlə uşaqların rahat təhsil alması üçün müxtəlif tədbirlər alınmışdır. Lənkəranda bir il ərzində təxmini 8 məktəb tikilib. Bu dövlət başçısının və Azərbaycanın birinci xanımının təhsilə verdiyi dəyərdən irəli gəlir. Bundan sonrakı dövrlərdə də biz bunun şahidi olacağıq. Ümid edirəm ki, işğaldan azad edilmiş torpaqlarımızda da bu kimi təhsil ocaqları fəaliyyət göstərəcək".