Dəmir yumruq yenidən düşmənin başına enmək üzrədir! SİYASİ RAKURS+AKTUAL

4 May 2022 16:23 (UTC+04:00)

Ermənistandakı revanşçı qüvvələr ölkəni və kütləni ölümün ağzına doğru sürükləyirlər

Artıq bir neçə gündür ki, Ermənistandakı revanşist qüvvələr müxtəlif vasitələrlə, eləcə də əllərində olan maliyyə resurslarından istifadə etməklə qiyam və çevriliş məqsədlərini reallaşdırmağa çalışırlar. Məqsəd isə bəllidir – Paşinyanı devirməklə rəsmi Bakının İrəvana irəli sürdüyü 5 təklifdən ibarət bəndlər çərçivəsində sülh müqaviləsini imzalamamaq, Türkiyə ilə münasibətləri normallaşdırmamaq və əslində, nə qədər qəribə görünsə də, Qarabağda yeni müharibəyə başlamaq (?!) Əslində, revanşist qüvvələrin bu dərəcədə aşırı axmaq və izafi sadomazoxist olduqlarını son vaxtlara qədər elə də ciddi təsəvvür etmək olmurdu, lakin son proseslər göstərir ki, 44 günlük müharibədən sonra iqtisadiyyatı çökmüş, ordusu məhv olmuş bir ölkə siyasilərinin, daha dəqiq desək müxalifətçilərinin yenidən müharibə ab-havası ilə ortalığa düşmələri onlar haqqında yalnız bu cür düşünməyə vadar edir. Və maraqlısı da budur ki, tərəfdarları az olsa da, ermənilərin bir qismi hələ də həmin uğursuz düşüncələrində qalmaqda davam edirlər və onlar revanşistlərin küçə yürüşlərinə, mitinqlərinə, yol bağlamaq aksiyalarına qatılırlar. Onların arasında gənclər də az deyil...

Çünki yaxşı bilirlər ki, rəsmi Bakının hərbi gücü və qüdrəti qarşısında tab gətirməyə heç bir vasitələri, imkanları yoxdur

Bu gün Ermənistandakı mövcud situasiyanı yaradanların əsasında dayanan sabiq prezidentlər – Robert Koçaryan və Serj Sarqsyan, eləcə də Nikol Paşinyan hökumətindən istefaya getmiş Milli Təhlükəsilik Xidmətinin sabiq direktoru Artur Vanetsyan və daşnakların deputatı İşxan Saqatelyan faktiki olaraq Ermənistanı ölümün, məhvin, birdəfəlik xəritədən silinməyin ağzına doğru sürükləyirlər və onlar gəncləri yenidən ölümün ağuşuna atmağa nə qədər hazır olduqlarını açıq şəkildə göstərirlər. Çünki yaxşı bilirlər ki, rəsmi Bakının hərbi gücü və qüdrəti qarşısında tab gətirməyə heç bir vasitələri, imkanları yoxdur. Onların məqsədləri yenidən klan olaraq hakimiyyətə yiyələnmək və bunun üçün ölkəni və ölkə gənclərini məhv edib, qanları üzərində varlanmaq. Onlara kimsə, haradansa sifariş verə bilər, hətta silah və maliyyə yardımları da göstərilə bilər, fəqət bütün bunlar uzağı bir neçə gün davam edə bilər. Belə ki, revanşistlər yığnağı bir reallığı da unudurlar ki, onlar qisasçılıq hissləri ilə, vəziyyəti gərginləşdirməklə, əslində, bütöv bir ölkəni birdəfəlik məhv etməyin astanasında dayanıblar. Çünki Azərbaycan heç nə itirmir, əksinə, Dəmir yumruq artıq havadadır və hər an enməyə hazır vəziyyətdədir!

Qərb-Rusiya qarşıdurması Ermənistan kontekstində

Biz bu məsələdə daha bir faktora da toxuna bilərik. Əgər bu gün Ukraynada Rusiya-Qərb qarşıdurması davam edirsə, həmin qarşıdurma yalnız o ərazilərdə deyil, dünyanın bir sıra nöqtələrində müxtəlif vasitələrlə aparılır. Misal üçün, nəzərə alsaq ki, Ermənistandakı revanşçı qüvvələr daha çox Rusiyaya bağlı dəstələrdirlər və hazırda həmin ölkənin rəhbərliyində oturan iqtidar təmsilçiləri Qərbin cinahında yer alırlar bu zaman oradakı proseslərin də Qərb-Rusiya qarşıdurması kontekstində getdiyini qeyd edə bilərik. Ancaq məsələ heç onda da deyil, məsələ ondadır ki, Nikol Paşinyan hakimiyyəti revanşist müxalifətlə birdəfəlik, güc dili ilə danışmağa ehtiyat edir və görünür, onun da hansısa məqamlarda çəkindiyi amillər mövcuddur. Çünki müxtəlif vasitələrlə böyüyən etirazlar dalğası açıq-aydın qiyam və çevriliş mənzərəsini təsəvvürlərdə canlandırır və bu baş verərsə, yuxarıda da qeyd etdiyimiz kimi, uduzan tərəf bilavasitə Ermənistan olacaq. Yəni “Artsax” deyilən ifadə onların sonlarını gətirəcək!

Nikol Paşinyan bağlı qapılar arxasında təhlükəsizlik şurasının iclasını keçirərkən, revanşistlər parlament binasını ələ keçirməyə çalışırlar

Yeri gəlmişkən, yazı çapa hazırlanarkən artıq revanşist qüvvələrin Ermənistan parlamentini ələ keçirmək cəhdləri barədə də məlumatlar yayılmağa başladı. Üstəlik, bu, o zaman baş verdi ki, Nikol Paşinyan hökuməti bağlı qapılar arxasında təhlükəsizlik şurasının iclasını keçirirdi. Görünür, bu iclasda əsas müzakirə predmeti etirazçılara qarşı yalnız polisin deyil, həm də ordunun çıxarılıb-çıxarılmaması müzakirə olunur. Belə ki, hakimiyyət uğrunda mübarizə aparan revanşist qüvvələrin hərəkətləri artıq hakim partiyanın sıralarında ciddi narazılıq doğurur. Ermənistan parlamentinin binası qarşısında Nikol Paşinyana dəstək aksiyası keçirən hakim “Vətəndaş sazişi” partiyasının üzvlərindən biri keçmiş Qarabağ klanının hakimiyyətə qayıtmaması üçün ölkə rəhbərliyinin radikal tədbirlər görməsinin, “polad çəkic”dən istifadə etməsinin zəruri olduğunu tələb edib.

Bu gün həmin qaniçənlərə dəstək göstərən ermənilərə sadəcə və ən yumşaq şəkildə AXMAQ adı daha çox yaraşır

Belə radikal addımlar atmayan hakimiyyət müəyyən dərəcədə, yollarda, qəsəbə və şəhərlərdə hərəkəti dayandırmağa çalışan etirazçıların piketlərini dağıtmaqla, ictimai asayişi pozanları polis məntəqələrinə göndərməklə cavab verir. Amma nə zamana qədər belə davam edəcəyini də kimsə deyə bilmir. Çünki “xalq” adlandırılan revanşist kütlə eyforik həddə çatmaqla istər özlərini, istərsə də ölkəni közə atdıqlarının hələlik (!) fərqinə varmırlar. Hələlik Robert Koçaryan və s. sabiqlər İrəvanın Fransa meydanına gələrək selfilər çəkdirir, özlərini “xalqın dəstəkçiləri”, yaxud “mələk” kimi göstərirlər, halbuki məhz onlar onilliklər boyunca bu xalqın qanını necə deyərlər, cılxa-cılxa içiblər. Beləliklə, bu gün həmin qaniçənlərə dəstək göstərən ermənilərə sadəcə və ən yumşaq şəkildə AXMAQ adı daha çox yaraşır.

Azərbaycanın isə qarşıda çox işi var və bu gün azad olunmuş ərazilərimizdə bərpa işləri həyata keçirilir, üstəlik daha iti layihələrin reallaşdırılması prosesi sürətlə davam etməkdədir. Belə olan məqamda rəsmi Bakının maraqlarına mane olmağa cəhd edən erməni siyasi buqələmunlarının başlarının əzilməsi üçün isə bir an kifayətdir. Həmin anı isə realizə edəcək bir qüvvə mövcuddur – DƏMİR YUMRUQ!

Rövşən RƏSULOV