Bəzi axsaqlıqlar birbaşa təhsilin keyfiyyətinə mane olur - EKSPERT DANIŞDI

4 May 2022 16:07 (UTC+04:00)

“Ali təhsilin keyfiyyəti olduqca vacib məsələdir. Xüsusilə Azərbaycanda ali təhsil müəssisələrinin kifayət qədər muxtariyyəti yoxdur, ali təhsil müəssisələrinin böyük əksəriyyəti hələ də əvvəlki üsulda işlərini davam etdirdiklərini nəzərə almaq lazımdır”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti İlqar Orucov bildirib.

Onun sözlərinə görə, burada universitetlərin maddi-texniki bazası, standart idarəetmə üsulu ilə idarə olunması, digər tərəfdən bir çox hallarda ali təhsil müəssisələrinə rəhbərlik edən insanların idarəçilik bacarığının kifayət qədər zəif olmasını müşahidə edirik: “Bu da digər universitetlərin timsalında bu faktorun nə qədər vacib olduğunu göstərir. Müstəqilliyimizin bərpasınsan 30 ildən artıq bir vaxt keçib və biz bu müddət ərzində çox az sayda milli universitetlərimizi brendə çevirə bilmişik. Müqayisə üçün eyni vaxtda Azərbaycanla pareləl olaraq müstəqillik qazanan Qazaxıstan Respublikasının ali təhsil müəssisələrinin inkişafı Azərbaycanla müqayisədə xeyli irəlidədir. Lakin son illərdə universitetlərin inkişafı, ölkə başçımızın xüsusi yanaşmaları mövcuddur. Ali təhsil müəssisələrinin kadr təminatına artıq önəm verilir.

Eyni zamanda ali təhsil müəssisələrinin rəhbərlərinin yenilikçi olması da olduqca vacibdir. Son illərdə yaxşı mənada ali təhsil idarəçiləri formalaşıb. Ali təhsil müəssisələri məhz onların rəhbərliyi dövründə təhsil ocaqlarımızın inkişafında xeyli nəzərəçarpacaq işlər görür. Bu cür insanlar məhz ali təhsildə dünyada gedən trendləri tuta bilən insanlardır və bu çox vacib məsələdir.

Xüsusilə ali təhsil müəssisələrimizin ən böyük problemlərindən biri onların yeni dövrə uyğunlaşması ilə bağlı oldu. Burada isə böyük problemlərdən biri universitetlərin potensialının artırılması ilə bağlı oldu. Kadr təninatını həyata keçirilsə belə, bəzi axsaqlıqlar birbaşa təhsilin keyfiyyətinə mane olur. Ali təhsil müəssisələri ixtisas dərsliklərinin hazırlanması istiqamətində çox vacib o qədər həssas faktor kimi özünü göstərir.

Ali təhsil müəssisələrini bitirən gənc əmək bazarında özünə yer tapa bilmir. Hansı ki, əmək bazarında işçiyə tələbat var. Onlar arasında isə əlaqə, rabitə qırılmış olur. Bu zənciri təmin etmək üçün mütləq şəkildə ali təhsil müəssisələri ilə əmək bazarının sıx işləməsi vacibdir. Bunları nəzərə aldıqda görürük ki, universitetlərdə çox böyük araşdırma, tədqiqat problemləri də var.

Tədiqqat mərkəzlərinin, laboratoriyaların, araşdırma mərkəzlərinin olmaması həqiqətən çox vacib faktordur. Ali təhsil müəssisələrimizin böyük bir hissəsinin öz kadr təminatına yönəlmiş strategiyasının olmaması hiss olunmamaqdır. Əlbəttə ki, bütün təhsil müəssisələrini bura aid etmək istəmirəm. Böyük əksəriyyəti isə bu cür durumdadır. Bu problemləri həll etmək isə olduqca vacibdir. Eyni zamanda əmək bazarına uyğunsuzluq, müasir texnologiyalardan istifadəni bacarmaq da çətindir. Buna görə də universitetlər daim inkişafları üçün çalışmalıdırlar”.