Dövlətimiz şəhid ailələrinin problemlərinin həlli üçün əlindən gələni edir - ŞƏRH EDİLDİ

4 May 2022 15:29 (UTC+04:00)

"İlk öncə qeyd etməliyəm ki, istər Ulu Öndərimiz Heydər Əliyev, istərsə də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dövlət siyasətinin ən əsas istiqamətlərindən biri sosial siyasətdir. Sosial siyasətimizdə isə prioritet şəhid, qazi və məcburi köçkün məsələsi bütün görülənlərin fövqündə olmuşdur. Məhz sonuncu qeyd etdiyim təbəqə isə əhalimizin həssas qrupunun əsas zümrəsini təşkil edir. Bu deyilənlərə 2003-cü ildən bugünədək möhtərəm Prezidentimiz cənab İlham Əliyevin fəaliyyətinə nəzər salmaqla bir daha şahidi olarıq. Qeyd etdiyim kimi həm birinci, həm də ikinci Qarabağ müharibəsi zamanı şəhid və qazi olmuş vətəndaşlarımızın bütün sosial problemləri dövlət başçımızın, eləcə də, Birinci xanımın gündəlik fəaliyyətinin əsas manşeti olmuşdur. Məhz bu yanaşma hökumətin bütün üzvlərinin, dövlət strukturlarının da fəaliyyətinin əsas istiqaməti olmuşdur. Bu Ali cütlük hətta bütün tədbirlərdə müvafiq aidiyyatı qurumlara, ictimaiyyətə şəhid və qazilərimizin hər cür məişət problemlərinin həllinə hədsiz həssaslıq və diqqətlə yanaşmağı, həll etməyi vəzifə və vətəndaşlıq borcu kimi tapşırmışdı". Bu sözləri SİA-ya açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, uzun illərdir ki, ən əziz bayram günlərdə eləcə də əlamətdar tarixi hadisələrdə möhtərəm Prezidentimizin və Respublikamızın Birinci xanım Mehriban Əliyevanın əhalinin ən həssas təbəqəsi ilə birgə keçirmələri ölkəmizdə örnək bir ənənə halına çevrilib: "Elə bugünlərdə də bu Ali cütlük öz ənənələrinə növbəti sadiqlik göstərərək Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri ilə Ramazan bayramının ilk gününü bir yerdə qeyd etmişdilər. Elə həmin gündə də onlar şəhid və qazi ailələri üçün yeni yaşayış kompleksinin açılışında iştirak ediblər.

Bildiyimiz kimi Birinci Qarabağ müharibəsində 15 minə yaxın şəhidimiz və 4 minə yaxın itkin vətəndaşımız olub. Yəni, itkin düşmüş insanlarımız da Qarabağ müharibəsinin qurbanlarıdır. Ümumiyyətlə, bugünədək Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ailələrinə 12 mindən çox mənzil verilib".

Deputat sözlərinə belə davam edib: "Buna baxmayaraq Birinci Qarabağ müharibəsinin bəzi şəhid ailələri hələ də mənzil növbəsindədir. Lakin möhtərəm Prezidentimizin tapşırığı ilə qarşıdakı bir neçə ildə şəhid və qazilərimizin mənzilə olan ehtiyacı tamamilə yekunlaşdırılmalıdır. Tezliklə, hətta yaralı olan hərbçilərimiz də mənzillə təmin ediləcəkdir. Möhtərəm Prezidentimiz və Respublikamızın Birinci xanımının iştirakı ilə keçirilən bu görüşdə şəhid ailələri və qazilərimiz üçün nəzərdə tutulan 544 mənzili 12 çoxmərtəbəli binadan ibarət yaşayış kompleksinin də açılışı oldu. Eyni zamanda yüzdən çox qazilərimiz nəqliyyat vasitələri ilə təmin olundu.

Bildiyimiz kimi təkcə keçən il 3 min, bu il isə 1500 mənzil verilib və bu proses bu ilin sonunadək davam edəcək. Yeri gəlmişkən bildirmək istərdim ki, ötən dövr ərzində şəhid ailə üzvləri və müharibə iştirakçılarından ibarət 93 min nəfərə 103 min sosial ödəniş təyin olunub. Mənzil proqramı 5 dəfə genişləndirilib, 2021-ci ildə 3000, post-müharibə dövründə 3500 mənzil verilib. Beləliklə, ümumilikdə 12500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə, 7400 müharibə əlili avtomobillə təmin olunub. Vətən müharibəsinin 200 hərbçisi, ümumilikdə 300 müharibə əlili son nəsil protezlərlə, 1400 müharibə əlili 17 min reabilitasiya vasitəsi və 1500 şəxs reabilitasiya xidmətləri ilə təmin edilmişdir.

Fəxrlə deməliyəm ki, dövlətimiz tərəfindən verilən bu mənzillərdə yaşamaq üçün hər cür şərait var. Şəhid və qazi ailələrinin məşğulluqla, məişət, pensiyalarla, təqaüdlə bağlı bütün bu məsələlər, eləcə də onların ailə üzvləri daima diqqət mərkəzindədir. Möhtərəm Prezidentimiz bu haqda bütün dövlət qurumlarına daima tapşırıq verir və bunların icrası ciddi nəzarət altındadır.

Bugünədək Qarabağ müharibəsində qazilərimiz və mindən çox yaralı əsgər-zabitimiz olub. Onların da sağalması və reabilitasiyası üçün həm hökumətin aidiyyatı qurumları, həm də Heydər Əliyev Fondu çox mükəmməl proqramlar həyata keçirir. Onlar normal həyata inteqtasiya etmələri üçün son model olan protezlərlə təmin edilirlər. Şəhidlərimizin əbədiləşdirilməsi üçün bütün rayonlarda, eləcə də Bakıda Zəfər muzeylərinin yaradılması nəzərdə tutulub. Hansı ki, onların adları bu muzeylərin şərəfli hissəsi olacaq. Hər şəhidin adı orada həkk olunacaq. Möhtərəm Prezidentimiz şəhidimizin mənzilində olarkən qeyd etmişdi ki, azad edilmiş bütün şəhərlərdə, hər bir şəhərdə yaradılan binalarda, evlərdə, məktəblərdə, xəstəxanalarda, o binaların hər bir daşında şəhidlərimizin əbədi təsviri həkk olunub, çünki onlar bu torpaq üçün həyatlarını qurban veriblər. Dövlət üçün bu çox əsas məsələdir. Minnətdarlıqla deməliyik ki, bugün həqiqətən də dövlətimiz şəhid ailələrinin problemlərinin həlli üçün əlindən gələni edir və bundan sonra da edəcəkdir.

Xüsusilə qeyd etmək lazımdır ki, xalqımız üçün hər zaman hər bir şəhidin xatirəsi əziz olub. Bundan sonra da Azərbaycan var olduqca xalqımız onları ürəklərində, xatirələrində, qan yaddaşlarında əbədiyyən yaşadacaqdır.

Son olaraq, xatırlatmaq istərdim ki, möhtərəm Prezidentimizin keçən fərmanı ilə sentyabrın 27-nin Şəhidlərimizin Anım Günü kimi təsis edilməsi də əziz şəhidlərimizə dövlət qayğısının bariz nümunəsidir. Sözsüz ki, məhz müqəddəs Ramazan bayramında belə bir nəcib təşəbbüsün gerçəkləşdirilməsi ölkə rəhbərimizin təməli humanizm və sosial ədalət olan sosial siyasətinin və dövlətidarəçilik konsepsiyasının mühüm tərkib hissələrindəndir".

Ayşən Vəli