Gənclərin asan yolla pul qazanmaq istəyi NƏDƏN İRƏLİ GƏLİR? - PSİXOLOQ MÜNASİBƏT BİLDİRDİ

4 May 2022 12:29 (UTC+04:00)

"İlk olaraq valideynlərin erkən yaşdan etibarən övladlarının hər şeyi bilməsini istəməsi onlarda təhsilə olan marağı azaldan səbəblərdəndir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, artıq VIII-IX siniflərdən sonra uşaqda orqanik dəyişikliklər içərisində mərkəzi sinir sisteminin oyanması, bunun nəticəsində daha emosional olması və yaxud onun özünə qapanması valideynin həddindən artıq dərəcədə təhsilin üzərində dayanmasının nəticəsindədir: "Valideynlər uşağa çox basqı edir. Bu da uşağı təhsilə yönəltməkdən daha çox, onları təhsildən uzaqlaşdırır".

Psixoloq sözlərinə davam edərək həmçinin qeyd edib ki, digər tərəfdən indiki zəmanədə gəncləri təhsildən və işdən soyudan səbəblərdən biri də pulun asan yolla qazanılmasıdır: "Tanınmış insanların sosial şəbəkələrdə oynadığı oyunlar, bu oyunlar sayəsində qazandığı uğurlar sanki yeniyetmələrdə həvəs yaradır və şüursuz addımların atılmasına gətirib çıxarır. Şüurlu şəkildə düşünülən hər şeyin arxasında təhsil dayanır. Təhsil olmadıqda cinsini dəyişmək, asan yolla pul qazanmaq istəyi kimi şüursuz addımlar atılır. Təbii ki, bu problemlər yalnız valideynin təhsilə olan istəyindən ya da sosial şəbəkələrdə məşhur olub pul qazanmaq istəyindən irəli gəlmir. Bu, həmçinin, təhsil sisteminin əvvəlki kimi olmadığından da yaranan bir problemdir. Əvvəllər insanlar universitet oxuyub, təcrübə keçdikdən sonra iş sahibi olur və yaxşı kariyera qura bilirdilər. Lakin indiki dövrdə yaxşı iş sahibi olmaq üçün universiteti bitirdikdən sonra ya xarici ölkəyə getməli, ya da burada illərlə təhsilini davam etdirməlidirlər".