Təhsil sahəsində atılan addımlar öz bəhrəsini verir - ŞƏRH EDİLDİ

4 May 2022 10:57 (UTC+04:00)

“Biz son dövrlər ərzində onu müşahidə edirik ki, Azərbaycan Respublikasında təhsilə diqqət və qayğı var. Xüsusilə də istər dövlət başçısı, istərsə də Birinci vitse-prezident tərəfindən müvafiq olaraq təhsil sahəsində mütərəqqi addımların atılması, prioritet məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqları müşahidə edirik. İstənilən halda bütün bunlar yəni, baş verən bu islahatlar təhsil üçün bir növ yatırım xüsusiyyətinə malikdir”. Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, hal-hazırda respublikanın müxtəlif şəhər və rayonlarında, eyni zamanda qəsəbə və kəndlərində məktəb tikintilər həyata keçirilir: “Həmçinin məktəblərin daha müasir standartlara cavab verən avadanlıqlarla təmin olunması ilə bağlı işlər görülür. Əlbəttə bu birbaşa dövlət başçısının müvafiq tapşırıqları əsasında baş tutur. Təsadüfi deyil ki, ucqar dağ kəndlərində və yaxud da ucqar rayonlarda biz modul tipli məktəblərin tikintisinin şahidi oluruq. Bugünkü gündə Heydər Əliyev Fondu tərəfindən, eyni zamanda dövlət büdcəsindən ayrılan maliyyə vəsaitləri hesabına respublikanın müxtəlif yerlərində biz bu tikinti işlərinin sırf təhsillə bağlı məktəblərin müvafiq olaraq universitetlərin tikintisinin şahidi oluruq.

Son illər biz onu müşahidə edirik ki, təhsilə olan diqqət və qayğının nəticəsidir ki, xaricdə təhsil almaq istəyən və dövlət proqramı ilə, dövlət xətti ilə xaricdə təhsil almağa can atan vətəndaşlarımız var. Yəni, həmin onlar bu diqqət və qayğını üzərlərində hiss edirlər. Mən təkcə bu məktəb tikintisini demək istəməzdim. Burada digər məqamlar da var. Məsələn, son dövrlər biz müşahidə etdiyimiz Tələbə Təhsil Kredit Fondu yaradıldı. Dövlət başçısının sərəncamı və bu fond əsasında bu vaxta qədər maliyyə cəhətdən sıxıntı yaşayan və təhsilini buna görə dayandıran tələbələr artıq qeydiyyat hesabına öz təhsillərini davam etdirə biləcəklər. Bu mütərəqqi bir addımdır.

Eyni zamanda ölkədə təhsili ilə bağlı müvafiq işlər görülür. Bununla bağlı dövlət başçısı tərəfindən xüsusi tapşırıqlar verilib və yüksək ixtisaslı kadrların müvafiq postlara təyin olunması ilə bağlı, onların hazırlanması ilə bağlı işlər görülür. Bunlar hamısı təhsil adına atılan mütərəqqi addımlardır və bugün üçün olmasa da təxminən 3-5 il sonra biz daha effektiv nəticələrin şahidi olacağıq”.

Elçin Əfəndi sözlərinə belə davam edib: “Hal-hazırda bilirsiniz ki 4 min 447 orta ümumtəhsil müəssisəsi var və bunların içərisində bəzilərinin təmir-tikintiyə və yaxud da bərpaya ehtiyacı var. Bu səbəbdən Dövlət Başçısının müvafiq tapşırığı əsasında işlər aparılır. Yəni, bəzi məktəblər var ki, orada tikinti, təmir-bərpa işləri həyata keçirilir.

Təsadüfi deyil ki, son 5-6 il ərzində yüzlərlə belə məktəb tikilib. Yəni, biz müxtəlif regionlarda məktəblərin açılışının şahidi olmuşuq. Bundan əlavə işğal altından azad olunan ərazilər ki var, orada da hal-hazırda müvafiq olaraq məktəb tikintiləri həyata keçirilir, təhsil ocaqları yaradılır.

Təhsil sahəsində müxtəlif istiqamətlərdə islahatların aparılmasını müşahidə edirik. Müəllimlərin işə qəbulu ilə bağlı da müvafiq qərar dəyişiklikləri oldu. Bu yaxınlarda əvvəlki qaydada deyil, daha yeni qaydada müəllimlərin işə qəbulu həyata keçiriləcək. Hər il dövlət büdcəsindən müvafiq yardımın ayrılması ilə ödənişsiz əsaslarla oxuyan tələbələr üçün imkan yaradılır. Yəni, demək olar ki, artıq dövlət sifarişi ilə oxuyan tələbələrin sayı ödənişli oxuyan tələbələrin sayına bərabərdir, biraz ondan artıqdır. Bu da təhsil üçün atılan növbəti uğurlu addımlardan biridir.

Dövlət başçısı tərəfindən regionlarda təhsilin inkişafı ilə bağlı müvafiq dövlət proqramını nəzərə alsaq, bu yaxınlarda da verilən qərar əsasında artıq 12 regional təhsil idarəsi yaradıldı və müvafiq olaraq bir neçə gün əvvəl Təhsil Nazirliyi tərəfindən həmin regional təhsil idarələrinə rəhbər işçilər təyin olundu və bunlar da ən azı regionlarda təhsilin inkişafına mühüm töhfə verəcək qərarlardandır.

Son olaraq qeyd edim ki, təhsil sahəsində atılan addımlar öz bəhrəsini verir və verəcək”.

Ayşən Vəli