"Azərbaycanda məktəb infrastrukturları yenilənir. Artıq yeni məktəblər, baxçalar, təhsil müəsissələri tikilir və insanların istifadəsinə verilir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Razi Nurullayev bildirib.
Onun sözlərinə görə, bütün bu baş verənləri qiymətləndirmək lazımdır: "Mənim deputat olduğum İmişli rayonunda və Azərbaycanın digər bölgələrində təmirə ehtiyacı olan məktəblər var. Bununla əlaqədar olaraq da dövlət büdcəsindən pullar ayrılır və növbə ilə həmin məktəblər təmir olunur. Lakin bu gedişatla proses uzun çəkə bilər. Ona görə də mən təhsilin ölkəmiz üçün əhəmiyyətli olduğunu nəzərə alaraq demək istəyirəm ki, bu sahəyə daha çox investisiyalar ayrılmalı və özəl müəsissələrin açılması üçün əlavə stimullar yaradılmalıdır. Çünki təhsil ölkənin gələcəyidir. Bəzən elə məktəblərdə müəllimlər şagirdlərə dərs keçir ki, həmin məkanlarda savad almaq mümkünsüz olur. Ona görə ki, həmin məkan istənilən an uçma təhlükəsi ilə üz-üzə qala bilər. Heydər Əliyev Fondu bu sahədə böyük işlər görür və görməkdə də davam edir. Düşünürəm ki, cənab Prezident bu məsələlərə daha çox diqqət ayıracaq".