“Cənab Prezident İlham Əliyev dövlətçilik siyasətində təhsilə diqqət məsələsini həmişə ön sıralara çəkib. Prezident seçildiyi dövrdən ildən-ilə təhsilə, yeni məktəblərin tikilməsinə, ali məktəblərin maddi-texniki bazasının yüksəlməsinə, təhsilin keyfiyyətinə çox böyük diqqət edir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, vaxtaşırı olaraq Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bu və ya digər tədris ocağının açılışında iştirak etdiyini görürük: “Tədris müəssisələri dünyanın ən yüksək tələbləri səviyyəsində qurulur. Bu günlərdə Kürdəxanı qəsəbəsində yeni məktəb tikilisi bir daha onu göstərdi ki, təhsilin inkişafı və təhsilə qayğı cənab Prezidentin fəaliyyətinin əsas hissəsini təşkil edir. Göründüyü kimi məktəblər yüksək səviyyədə təmir edilib, texniki təchizatı yüksəkdir. Həmçinin şagirdlərin yüksək səviyyədə təhsil alması üçün bütün şərait var”.
Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, bu gün dövlətin təhsilə qayğısına Heydər Əliyev Fondu xüsusi dəstək verir: “Kürdəxanı qəsəbəsindəki məktəbin Heydər Əliyev Fondunun dəstəyilə tikilməsi bir daha məktəb tikintisinin dövlətin, cəmiyyətin, şəxsən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın diqqətində olduğunu göstərir. Ölkədə mövcud olan 5 mindən çox orta məktəbin 3 minə qədəri ya yeni tikilib, ya da təmir edilib. Bu gün işğaldan azad olunan rayonlarımızın bərpa planınında yeni məktəb tikintisi ilk növbədə nəzərə alınır. Məcburi köçkünlər və qaçqınlar bu torpaqlara geri qayıtdıqdan sonra uşaqlar təhsilini fasiləsiz olaraq davam etdirəcək. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kürdəxanıda məktəb açılışında iştirak etməsi onu göstərir ki, təhsil həmişə dövlətin və cənab Prezidentin diqqətində olub və bundan sonra da olacaq”.