"2020-ci il sentyabrın 27-dən başlanan, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə tarixi qələbə ilə başa çatan Vətən Müharibəsində Azərbaycan Silahlı Qüvvələri hansı gücə qadir olduğunu göstərdi. Qürurverici haldır ki, müharibədə əsgərlərimiz mərdliklə, böyük ruh yüksəkliyi ilə döyüşdü. Bu döyüşlər ordu ilə xalqın birliyinin sarsılmazlığını bir daha bütün dünyaya nümayiş etdirdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Pərvin Kərimzadə deyib.
Onun sözlərinə görə, düşmənlə yanaşı, bütün dünya gördü ki, xalqımız öz ordusuna inanır, ordumuz isə xalqa arxalanır: "Azərbaycan Ordusunun öz torpaqlarında həyata keçirdiyi hərbi əməliyyatlar, dövlət başçısının da vurğuladığı kimi, məhz sülhə məcburetmə əməliyyatı adlandırılıb. Azərbaycan Ordusu heç vaxt mülki obyektləri hədəf almadı, dinc sakinlərə zərər vermədi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədalət bərpa olundu. Bölgəmizdə yeni reallıq yarandı".
Deputat sözlərinə davam edərək həmçinin qeyd edib ki, müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan Azərbaycan Ordusu əzəli torpaqlarımızı işğaldan azad etmək uğrunda beynəlxalq hüquq çərçivəsində legitim döyüşlər apardı və böyük zəfərimizi xalqımızın tarixinə qızıl hərflərlə yazdı: "44 günlük Vətən müharibəsində Azərbaycanın qələbə qazanmasında Xüsusi Təyinatlı Qüvvələrimiz mühüm rol oynadı.
Ümumiyyətlə, Azərbaycan Ordusunda Xüsusi Təyinatlı Qüvvələr özünəməxsus əhəmiyyətə malikdir. Qeyd edək ki, 1999-cu ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə Azərbaycan Ordusunun ən çevik və yüksək döyüş qabiliyyətinə malik bölmələrindən biri - Xüsusi Təyinatlı Qüvvələri yaradıldı. Xüsusi Təyinatlı Qüvvələrin formalaşmasında Birinci Qarabağ müharibəsinin iştirakçıları olan zabit və gizirlər fəal iştirak ediblər. Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti 2016-cı ilin Aprel döyüşləri zamanı düşmənin çoxsaylı canlı qüvvəsi və hərbi texnikasını məhv edərək ordumuzun gücünü göstərdi. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə aprelin 30-da Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsinin şəxsi heyəti qarşısındakı nitqində vurğuladığı kimi, “Bizim Aprel döyüşlərindəki qələbəmizdə xüsusi təyinatlıların çox böyük xidmətləri olmuşdur. Ancaq əfsuslar ki, Aprel hadisələri işğalçılar üçün dərs olmadı. Onlar işğalı əbədiləşdirmək üçün öz səylərini davam etdirdilər və işğalı əbədi etmək üçün Azərbaycana, Azərbaycan Silahlı Qüvvələrinə hədə-qorxu gəlməyə davam etdilər. Bizi yeni müharibə ilə hədələyən düşmən İkinci Qarabağ müharibəsində öz dərsini aldı. “Qarabağ Ermənistandır və nöqtə” deyən düşmən bu gün “Qarabağ Azərbaycandır” deyir. Nəyin hesabına? Danışıqlar hesabına yox! Güc hesabına, qüdrət hesabına, Azərbaycan Ordusunun Zəfəri hesabına! Biz güclü ordu yaratmışıq".
Vətən müharibəsində də Xüsusi Təyinatlı Qüvvələr böyük şücaət göstərdilər, Azərbaycan hərb tarixinə yeni qəhrəmanlıq səhifələri yazdılar. Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələri işğal altında olan ərazilərin azad edilməsi üzrə ən mühüm əməliyyatların, ilk növbədə, Şuşa əməliyyatının və bir sıra başqa əməliyyatların keçirilməsində həlledici rol oynayıblar".