“Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 2-də Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılışında iştirak ediblər. Bu kompleksə 9 mərtəbəli 12 yaşayış evi daxildir. Bu hadisə onu göstərir ki, xüsusilə həssas kateqoriyada olan insanlara diqqət və qayğı cənab Prezidentin siyasətinin əsasını təşkil edir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, cənab Prezidentin yeritdiyi sosial siyasətin nəticəsi olaraq bu gün şəhid ailələrinə və müharibə əlillərinə dövlət qayğısı ən yüksək səviyyədədir: “Bu proses dünyada analoqu olmayan hadisədir. Dünyanın bir çox ölkələrində müharibələr baş verir. Amma heç bir halda müharibədə həyatını itirmiş və ya əlillik qazanan insanlara belə yüksək səviyyədə münasibət göstərilmir. Bu heç bir dövlətlə müqayisə oluna bilməz”.
Deputat sözlərinə belə davam edib: “Ermənistanda bir dənə belə hal qeydə alınmayıb. Bundan söhbət də gedə bilməz. Azərbaycanda indiyə qədər 12 min 500 şəhid ailəsi və müharibə əlili mənzillə, 7 min 400 müharibə əlili avtomobillə təmin edilib. Keçən illəri 3 min şəhid ailəsi və müharibə əlili mənzillə təmin edilib. Bütün bunlar onlara göstərilən diqqətin ən bariz nümunəsidir. Bu qayğı bu gün var və sabah da olacaq”.
Ayşən Vəli