Bütün bunların hamısı ölkədəki səhiyyənin inkişafından xəbər verir - DEPUTAT AÇIQLADI

2 May 2022 16:57 (UTC+04:00)

“Bu gün səhiyyənin inkişafı dövlətin əsas, prioritet məsələlərindən biridir. Dövlət başçısı cənab İlham Əliyev digər sahələrə olduğu kimi səhiyyə sahəsinə də həmişə böyük diqqət və qayğı göstərir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan səhiyyəsinin inkişaf etməsi hamıya məlumdur: “Səhiyyə sisteminin inkişaf etməsində bildiyimiz kimi maddi texniki bazanın güclü olması əsas şərtlərdən biridir. Bu gün Azərbaycanda məhz çoxlu sayda maddi texniki bazası yüksək olan xəstəxanalar, poliklinikalar fəaliyyət göstərir. Burada peşəkar həkimlər çalışır. Çox sevindirici haldır ki, bu gün xaricdə tibb təhsili almaq üçün gedən tələbələrimiz orada təhsillərini başa vurduqdan sonra peşəkar bir həkim kimi Azərbaycana qayıdaraq öz vətəndaşlarımıza yüksək səviyyəli xidmət göstərirlər. Artıq qonşu dövlətlərdən də müalicə üçün Azərbaycan həkimlərinə müraciət edənlər var. Bütün bunların hamısı ölkədəki səhiyyənin inkişafından xəbər verir. Bu, çox qürurverici faktlardır.

Bildiyimiz kimi artıq İcbari Tibbi Sığorta fəaliyyət göstərir. TƏBİB tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əmək haqqının ödənilməsi qaydasında dəyişikliklər edildi. Bu dəyişikliklərin edilməsi ilə 31 ixtisas üzrə çalışan həkimlərin aylıq əmək haqqlarının artırılması nəzərdə tutulur. Əlbəttə ki, bu da əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, tibb işçilərinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edəcək. Səhiyyə işçilərinin əmək haqlarının ödənilməsi qaydası üzrə cari il edilən beşinci dəyişiklikdir. Hesab edirəm ki, Azərbaycanda səhiyyə daha da inkişaf edəcək və səhiyyəsi yüksək olan ölkələrlə rəqabət aparacaq”.