“ADA Universitetinin təşkilatçılığı ilə keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda dünyanın nüfuzlu düşüncə quruluşlarının rəhbərləri iştirak edib. Prezident İlham Əliyev də iştirak edib. Konfransda iştirakçılar tərəfindən irəli sürülmüş Qarabağda beynəlxalq konfransın keçirilməsi təklifi Prezidentimiz tərəfindən müsbət qiymətləndirib”. Bu sözləri SİA-ya açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, məhz ilk konfransın iştirakçılarının demək olar ki, əksəriyyəti tanınmış ekspert, tədqiqatçı, geopolitiklər ikinci konfrasda iştirak edirdilər: “İlk konfransda olduğu kimi bu konfras da Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin iştirakı ilə keçirilirdi. Həqiqətən də, üç saata yaxın davam edən bu konfransa baxan hər kəs, hər bir azərbaycanlı, Azərbaycanın dostu möhtərəm Prezidentimizin ona ünvanlanan çoxşaxəli sualların cavabına nəinki heyran olur, hətta iftixar hissi keçirirdi. Əslində Möhtərəm Prezidentimizin iti zəkası, müdrikliyi və təmkinliyi, uzaqgörənliyi, zəngin idarəetmə təcrübəsi və güclü diplomat olduğu onun hər bir suala verdiyi cavabında ifadə olunurdu. Dünyada və bölgədə gedən geosiyasi prosesləri dərindən və mərhələli analiz etmək qabiliyyətinə malik və özünəməxsus xarizma ilə hər bir suala zərgər dəqiqliyi ilə mükəmməl cavab vermək ancaq nadir dünya liderlərinə xas olan xüsusiyyətdir”.
Deputat sözlərinə belə davam edib: “Hesab edirəm ki, Prezidentimizin bu ənənəvi təqdimatı universitetlərdə beynəlxalq münasibətlər üzrə yeni diplomatik üslub kimi tədris edilməlidir. Çünki verilən hər bir suala onun cavabı diplomatiyada bir “case study” adlandırılır. Qürurverici hallardan biri də odur ki, konfrans iştirakçıları sual verərkən möhtərəm Prezidentimizin qabiliyyətinə, savadına, bilik və bacarığına, fitri istedadına və cavablarını ingilis dilində ən yüksək və səlis səviyyədə ifadə etməsinə heyranlıqlarını gizlədə bilmirdilər. Daha doğrusu sual verən konfrans iştirakçıları suallarına verilən cavablardan hədsiz məmnun olduqlarını bildirirdilər. Onlar hətta qısa müddət ərzində möhtərəm Prezidentimizin rəhbərliyi ilə işğaldan azad olunan torpaqlarımızda görülən işlər haqqında yüksək fikirlər səsləndirirdilər.
Qeyd etmək istərdim ki, konfrans çərçivəsində onun ilk günündə Şuşaya və işğaldan azad edilmiş ərazilərə səfərin təşkil olunması konfrans iştirakçılarına erməni vandalizmi və erməni faşizminin əsl mahiyyəti haqqında daha dolğun təssürat və bitkin məlumat əldə etməyə imkan yaratmış oldu. Məhz konfransın ikinci günü bu təssüratın onların açıqlamalarında əks olunduğu açıq hiss edilirdi. Konfrans iştirakçılarının bir çoxunun bu forumun əhəmiyyətinə dair səsləndirdikləri fikirlərə görə bundan sonra Şuşa dünyada təkcə bəşər mədəniyyətinə verdiyi töhfəsinə görə deyil, həm də diplomatik problemlərin çözüm mərkəzi, paytaxtı olacaqdır. Əslində Möhtərəm Prezidentimizin bu diplomatik forumda bugün dünyanı düşündürən və dünyanın ən aktual çağırışlarını, xüsusilə də Qafqazın bugünü və gələcəyi ilə bağlı problemləri özündə etiva edən sualları cavablandırması təkcə bölgə əhalisi üçün deyil , həm də beynəlxalq ictimaiyyət üçün çox önəmli idi. Möhtərəm Prezidentimizin bütün cavablarındakı ana xətt xalqımızın 44 günlük Vətən müharibəsi zamanı işğal altındakı torpaqlarımızı iki yüz ildən çox yaşı olan erməni faşizmindən azad etməsi ilə bərabər Azərbaycanın bölgədəki əvəzolunmaz rolu idi. Məhz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Milli Ordumuzun şücaəti ilə qazandığımız möhtəşəm Zəfər Qafqazda yeni eranın başlanmasına və yeni reallıqların yaranmasına səbəb oldu.
Birmənalı olaraq demək lazımdır ki, bu reallıqlar bölgə dövlətlərinin sülh və inkişaf naminə bir platformada əməkdaşlıq etməsini qaçılmaz və zəruri etdi. Qeyd etdiyim kimi, möhtərəm Prezidentimizin cavabları birbaşa və ya dolayısı yolla bu gün Azərbaycanın həm bölgə, həm də bütövlükdə Avropa məkanı üçün nə qədər önəmli olduğunu əhatə edirdi. O Azərbaycan xalqının otuz ilə yaxın müddətdə üzləşdiyi erməni təcavüzkarlığını, beynəlxalq təşkilatların ölkəmizə qarşı ikili standartlarla yanaşmalarını və bu yanaşmanın bu gün də davam etməsini konkret faktlarla bildirirdi. O, BMT-nin, ATƏT kimi təşkilatların əslində ancaq müəyyən dövlətlərin marağına xidmət etməsinə, beynəlxalq təşkilatlardakı erməni lobbisinin güclü təsiri kimi vacib məsələlərə də öz mövqeyini bildirdi. Avropa İttifaqının müharibədən sonra Azərbaycana və Ermənistana ikili standartlarla maliyyə yardımının qəbul edilməzliyini cənab Prezident açıq tənqid etdi. Bununla bərabər O, postmünaqişə dövründə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində Avropa İttifaqının rolunu yüksək qiymətləndirərək, Avropa İttifaqının ədalətli və fəal rol oynayacağına ümidvar olduğunu da qeyd etdi. Vacib məqamlardan biri də Ermənistanın bütün işğal dövründə dünya mirasının ayrılmaz parçası olan Qarabağda erməni vandalları tərəfindən dağıdılmış xalqımızın çoxəsirlik tarixə malik mədəni irsinə YUNESCO-nun səssiz qalmasına da cənab İlham Əliyevin kəskin münasibət bildirməsidir. Bildiyimiz kimi, işğal altında olan torpaqlarımıza erməni vandalları tərəfindən minlərlə minalar basdırılmışdır və Ermənistan bugünədək minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etməmişdir. Bugünədək 300-ə yaxın mülkü insan minalar səbəbindən dünyasını dəyişibdir. Ölkəmiz öz imkanları hesabına minalardan təmizləmə prosesi aparsa da ərazi çox böyük olduğundan təmizləmə prosesi illərlə vaxt tələb edir. Möhtərəm Prezidentimiz öz cavablarında bu məsələyə da toxunaraq Beynəlxalq təşkilatların, mina problemi ilə məşğul olan beynəlxalq QHT-lərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mina probleminə laqeyd münasibətini, bunun ədalətsizlik və ikili standartlar olmasını, yolverilməz olduğunu bildirdi.
Bütün bunlara baxmayaraq, Möhtərəm Prezidentimizin də qeyd etdiyi kimi məhz yaranmış bu reallıqlar, Azərbaycanın liderliyi ilə Ermənistanın heç bir qeyd-şərt olmadan Azərbaycanın təşəbbüslərini, eləcə də ölkəmizin irəli sürdüyü 5 təməl prinsipi qəbul etmək durumuna gətirmişdir ki, bu da iki dövlət arasında imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcəkdir. Əks halda Ermənistan bölgədə tamamilə təcrid edilmiş vəziyyətdə qalmaqla, müstəqil dövlət kimi mövcud olacağı sual altında olacaqdır. Ermənistanın bir dövlət kimi və erməni xalqının bu bölgədə mövcud olmasının yeganə yolu odur ki, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından vaz keçməli və onilliklərboyu təbliğ etdiyi saxta və zəhərli ideologiyanı tamamilə dəyişdirməli və bölgədə üçtərəfli səviyyədə qarşılıqlı əlaqələr üçün konstruktiv əməkdaşlıq niyyətini bildirməlidir. Möhtərəm Prezidentimiz öz təqdimatında dövlətimizin müstəqil siyasəti ilə ölkəmizin bölgədə, eləcə də bütövlükdə xarici siyasətində böyük uğurlar qazandığını qeyd etdi. Tarix boyu Rusiyanın, Türkiyənin və İranın bölgədə böyük təsirə və nüfuza malik olmasına baxmayaraq ölkəmizin xarici siyasətində balanslı və bərabərhüquqlu əməkdaşlığa dayanan siyasət yürüdülmüşdür. Bir tərəfdən doğal müttəfiqimiz və qardaş ölkəmiz olan Türkiyə ilə imzalanmış və ittifaq dövlətinin rəmzi olan Şuşa Bəyannaməsi, digər tərəfdən Moskva Bəyannaməsi, eləcə də İranla ilişgilərimiz dövlətimizi daha da güclü edir və bundan sonra da daha güclü edəcəkdir”.
Ayşən Vəli