Prezident bir daha Azərbaycan Ordusu ilə fəxr etdiyini səsləndirib - DEPUTAT ŞƏRH ETDİ

30 Aprel 2022 18:08 (UTC+04:00)

"Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsinin şəxsi heyəti qarşısında çıxış edərək Azərbaycanın güclü mövqelərə malik olduğunu bildirib. Eyni zamanda, Azərbaycan ordusunun gücündən bəhs etdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan 30 ilə yaxın bir müddətdə münaqişənin dinc yolla həllini istəyərək bu istiqamətdə addımlar atıb: "Amma Ermənistan işğalçılıq siyasətindən əl çəkmədi və Azərbaycanın bu məvqeyini doğru anlamadı. Cənab Prezident hər zaman münaqişənin dinc vasitələrlə tənzimlənməsi baş verməyəcəksə, bizim hərbi gücümüzün torpaqlarımızı azad etməyə imkan verdiyini bildirib. Həqiqətən də 44 günlük Vətən Müharibəsi bir daha nümayiş etdirdi ki, Azərbaycan Ordusu cənab Prezidentin vaxtilə qeyd etdiyi kimi torpaqlarımızı işğaldan azad etməyə qadirdir". Deputat sözlərinə davam edərək həmçinin qeyd edib ki, ordumuz qısa zamanda Ermənistan qoşununu darmadağın etdi və tarixi qələbə qazandı: "Bu qələbədə hər bir Azərbaycan əsgərinin töhfəsi var. Nəzərə almaq lazımdır ki, xüsusi təyinatlılar 44 günlük Vətən Müharibəsi tarixi qələbəmizdə sözün əsl mənasında təsirli rol oynadı. Bu baxımdan Prezident Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsi qarşısında çıxış edərkən onlarla fəxr etdiyini, şərəf duyduğunu bir daha səsləndirdi. İlham Əliyev çıxışı zamanı Azərbaycan dövlətinin, xalqının bundan sonra da ayıq-sayıq olmalı olduğunu qeyd edib. Prezident bildirib ki, Ermənistanda yenə də revonşist qüvvələr mövcuddur. Onlar Azərbaycana qarşı ərazi iddialarını irəli sürürlər. Ona görə Azərbaycan bundan sonra da hərbi gücünü artıracaq. Prezident 2004-cü ildən bəri hərbi xərclərin prioritet təşkil etdiyini də bildirib. Azərbaycanda əsas diqqət hərbi sahəyə yönəldilib. Hesab edirəm ki, ölkə başçısı bununla Ermənistana növbəti mesajını ötürmüş oldu".