Avropada mənşəyi məlum olmayan hepatit virusu yayılıb

29 Aprel 2022 22:47 (UTC+04:00)

Dünyanın bəzi ölkələrində uşaqlar arasında mənşəyi məlum olmayan hepatit virusu yayılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Avropa Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (ECDC) məlumatında bildirilir.

Yayılan məlumata görə, kəskin hepatit virusuna yoluxma halları əsasən Avropa və Şimali Amerikada uşaqlarda müəyyən edilib.

İngiltərədə 111, Avstriya, Belçika, Danimarka, Fransa, Almaniya, İrlandiya, İtaliya, Niderland, Norveç, Polşa, Rumıniya, İspaniyada təxminən 55 belə hal qeydə alınıb.

Xəstəliyin mənşəyi məlum olmadığı üçün ECDC effektiv nəzarət tədbirlərini müəyyən edə bilmir.

Mütəxəssislər ümumi gigiyena qaydalarına riayət olunmasını, o cümlədən əllərin hərtərəfli gigiyenası, azyaşlıların tez-tez olduğu yerlərin təmizlənməsi və dezinfeksiya olunmasını tövsiyə edir.

Ümumdünya Səhiyyə Təşkilatı aprelin 16-da İngiltərədə 74 uşaqda mənşəyi məlum olmayan hepatit virusu aşkarladığını açıqlayıb.

Bildirilib ki, son bir ayda yayılan virus aşkar edilən uşaqlarda sarılıq, ishal, qusma, qarın ağrısı kimi əlamətlər müşahidə olunub.