Pandemiya toy adət-ənənələrimizə necə zərbə vurdu? - ARAŞDIRMA

29 Aprel 2022 16:45 (UTC+04:00)

Toyların insan həyatına fərqlilik qatan funksiyası var. Bu, bir-birinin sevincinə şərik olmaq, birləşmək və inteqrasiya etmək kimi məzmunu ehtiva edir. Ölkəmizdə qədim zamanlardan bəri toy ənənələri mərhələli şəkildə həyata keçirilir. Azərbaycan xalqının çox gözəl və qədim toy adət-ənənələri var. Bu adət-ənənələr bunlardır: qız bəyənmə və ya qızgörmə, xəbər göndərmə, kiçik elçilik, elçilik, bəlgə və ya kiçik nişan, böyük nişan, bayramlıq, kəlmələşmə, paltarbiçdi, cehiz, çörəkbişdi, qız şaxı, xınayaxdı, kəbinkəsdirmə, toy, gəlin aparma, üzəçıxdı, gəlingördü, ayaqaçdı və qonaqçağırma.

El arasında qızla oğlan bir-birlərini bəyəndikdən sonra valideynlərin fikri öyrənilir. Oğlanın ata-anası razı olduqdan sonra qızın yaxın adamlarına, məsələn xalasına, bibisinə, anasına xəbər göndərir. Çünki onların da fikri önəmlidir.

Oğlan evi qızın ailəsi haqqında araşdırma apardıqdan sonra qız evinə münasib, yaxın bir adam göndərir ki, elçi gələcəklərini qız evinə xəbər versin. Bəzən elə olur ki, qız evi razılıq vermir. Onda elin-obanın ən hörmətli, sözü sayılan adamı qız evini razı salmağa çalışır. Qadınlar razılığa gələndən sonra isə atalar görüşür. Oğlan atası 2-3 nəfər hörmətli şəxslə qız evinə gedir. Elçi gedənlər öz hərəkəti, davranışı ilə qız evinə bildirir ki, elçiliyə gəlib.

Qız atası elə birinci elçilikdən razılığa gəlmir - “Qız qapısı, şah qapısı”. “Bir qızla, anası ilə, yaxın qohum - əqrəbə ilə məsləhətləşim, sonra qəti fikirimizi sizə bildirərik”-deyir.

Qızın rəyi soruşulanda susarsa , “susmaq razılıq əlamətidir” deyərlər. Ancaq yenə qəti söz deyilmir. Çünki əsas sözü böyüklər və ya ağsaqqallar deyir.

Elçilikdə hər iki ailənin ən yaxın adamları olur. Qızın “hə”sini aldıqdan sonra uzağı bir aya qıza “bəlgə” deyilən kiçik nişan gətirirlər. Yenə də əvvəldən qız evini xəbərdar edirlər. Bu məclisdə 20-30 nəfərə yaxın adam iştirak edir. Burada ən çox qızın rəfiqələri və ya həmyaşıdları olur.

Oğlan evi bir nişan üzüyü, bir yaylıq və şirniyyat gətirirlər. Məclis başlanmamış oğlanın bacısı, qardaşı, gəlinləri və ya atası üzüyü qızın barmağına taxır, yaylığı çiyninə salır və bir şirni götürüb qıza dişlədir, yarısını isə götürüb oğlana gətirirlər.

Əvəllər qız bəyənmə adətən oğlan tərəfin böyükləri tərəfindən, toylarda, bayramlarda, həyat yoldaşlarının və dostlarının vəsiləsi ilə baş tuturdu. Lakin bunlardan əlavə qızla oğlan özü də tanış olub sevib evlənə bilər.

Son zamanlar toylarda pul yığımının adət etdiyimiz kimi deyil, elektronlaşdırlmış yeni üsulla həyata keçirən aparat barədə sosial şəbəkələrdə paylaşım edilib. Bu adət-ənənələrimizin sıradan çıxmasımı deməkdir? Pandemiya adət-ənənələrimizi məhv edir?

SİA mövzu ilə bağlı araşdırma apararaq ekspert və psixoloqların fikirlərini öyrənib.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə: “Toy adətlərimizin getdikcə eybəcər xarakter alması məni narahat edir. Söhbət təkcə orqanizmimizə “düşmən” olan çoxsaylı yeməklərdən, səs-küydən, qulaqbatıran gurultudan getmir. Toylarla bağlı bir çox milli adət-ənənələrimiz aşılanıb, əcaib şəkil alıb. Vəziyyət o həddə çatıb ki, toydan gələn bəzi adamlar baş ağrısından 3 gün yataqdan qalxa bilmirlər.

Toyda pul yığılması ilə bağlı elektron sistemin tətbiq edilməsi absurddur. Mən, ümumiyyətlə, indiki qaydada toylarda pul yığılmasının əleyhinəyəm. Sırf bu üzdən insanlar əzizlərinin, doğmalarının xeyir işinə qatıla, şad günlərində onların yanında ola bilmirlər. Elə toylar var ki, 50-100 min manat pul yığılır, amma yığılan pulun 90 faizi, bir çox hallarda isə hamısı restorana ödənilir. Mən hətta toydan sonra restorana borclu qalan adamlar görmüşəm. Səbəb hər kəsə bəllidir. Elə şadlıq sarayları var ki, bir qonaq üçün toy sahibindən 70-80, hətta 100 manat pul alır. Bu qiymətlər bəzən 150-200 manata qədər dəyişir. Bunun adı soyğunçuluqdur. Bu mənfi tendensiyadan qurtulmaq lazımdır. İnsanlar toya qarınlarını doyurmağa deyil, yeni yuva quran gənclərə xeyir-dua verməyə, onların sevincini bölüşməyə getməlidir. Restoran sahibi üçün ödənilən 50-100 minlər gənc ailənin sosial problemlərinin həllinə yönləndirilməlidir.

Mən dəfələrlə Türkiyədə toy məclislərində olmuşam. Əksər hallarda süfrədə sərinləşdirici içkilər və şirniyyat olur. Ən yaxşı halda isə qonaqlara iki çeşid yemək təklif edirlər. Azərbaycanda isə bəzən yemək çeşidlərinin sayı 20-ni keçir. Guya biz hər axşam evimizdə 20 çeşid yemək yeyirik? Bir adamın 20 çeşid yemək yeməsi qarınqululuq əlamətidir. Bu əcaib adətdən vaz keçməklə həm də insanlarımızı əlavə yükdən xilas edə bilərik”.

Psixoloq Aytən Ələkbərova: “Son illər yaxın adamın toyda oturub pul yığması və ya pul yazdıranların adını yazması sıradan çıxıb. Yəni, indi zərfə pul qoyularaq hər kəs qutuya atır. Get-gedə bu hala adaptasiya olduq.

Əgər müəyyən məqamlarda qadağalar qoyulursa onun azacıq da olsa mahiyyətini izah edirik. İndi gənclərimiz və xanımlarımız adət-ənənəyə heç uymurlar. Bunun üçün maraqlı proqramlar hazırlanmalıdır. Bu proqramlar hazırlansın ki, abrımızı bizə geri qaytaracaq məqamlar olsun.

Psixologiya deyir ki, həyat sənin üçün necə raahtdırsa elə də yaşa, öz potensialını önə çıxar, öz gücündən istifadə et, özgüvəninin öz dayaqlarından ibarət olduğunu anla. Psixologiya demir ki, sən həyatı səni məhv edəcək qaydada yaşa.

Adət ənənələrimizi itirməyək. Çünki onlar çox gözəldir. Amma inkişafa doğru addım atırıqsa, bunu da bir inkişaf olaraq görək".

SİA mövzu ilə bağlı şəhər sakinlərinin fikirlərini də öyrənib.

Şəhər sakini Aysu Məmmədova: “Məncə çox gözəl yenilikdir. Həm toy sahibi, həm də qonaqlar üçün çox rahatdır və ən əsası qarışıqlığın qarşısını alır.

Ədət ənənələrimizin sıradan çıxma məsələsinə gəldikdə isə, bəzi adətlərimiz varki mənə görə, ümumiyyətlə, sıradan çıxsa yaxşıdır. Biz inkişaf etməkdə olan ölkəyiksə texniki yeniliklərə də açıq olmalıyıq.

Qaldı ki, pandemiya dönəmində adət ənənələrimizə, pandemiya onları məhv etmədi, əksinə, onlarla adamın toplaşaraq yeyib-içib dava salması olmadan da, iki insanın sakit şəkildə evlənib xoşbəxt ola biləcəyini bizə göstərdi”.

Şəhər sakini Fatimə Əzizli: “Mən, Bakının Buzovna kəndində yaşayıram və olduqca da Bakı adətlərinə bağlı bir insanam. Bizdə qız və oğlan toyu ayrı olur. Düzdür, restoran toyları olsa da, kənd toyları daha çox maraqlıdır.

Pandemiya bizim kənddə toy adətlərinə hec bir təsir etməyib, əksinə toylar əvvəlkindən də yüksək səviyyədə davam edir. Bizim toylarda şabaş, tərif zamanı pul vermək də var. Toyda qutu sistemindən əlavə, el ağsaqqalları və ağbirçəkləri tərəfindən dəftər tutulur və yazılır. Toyda bəzi vaxtlarda xına mərasimi də toyun içərisində keçirilir. Məncə el adəti ilə keçirilən toylar maraqlıdır. Hətta bizdə gəlin maşını karvanı “Əli-ayağı”ziyarətgahı adlanan yerdən keçib toya gedirlər".

Şəhər sakini Alidə Qarayeva: “Elimizin bütün adət-ənənələri gözəldir. Hərəsinin öz yeri var. İndiki gənclər isə bu adət ənənələrdən qaçır və ya görməzdən gəlir. Düşünürəm ki, bu hallar heç yaxşı deyil. Bu adətlər bizə babalarımızdan əmanət qalıb”.

Şəhər sakini Paşa Məmmədov: "Adət-ənənəyə düşkün biriyəm. Lakin elə adətlərimiz var ki, sadəcə utancvericidir. Bəzi adətlər gənclər üzərində basqı edilərək tətbiq olunur. Bu çox yanlışdır. Hər kəsin öz doğrusu var. Əgər bu adət mənə görə doğru deyilsə, bununla niyə razılaşmalıyam?".

Şəhər sakini Sona Şıxəmirli: "Texnologiyanın inkişafı hər mövzuya müəyyən qədər təsir edir. Düşünmürəm ki, bu adət-ənənələrimizin sıradan çıxması deməkdir. Bizim üçün əsas puldu. Necə yazdırılmasının çox da önəmi yoxdur, məncə. Pul olandan sonra bacaran elektron, bacarmayan ənənəvi formada yazdıracaq".

Ayşən Vəli