İmişlinin Qulubəyli kəndində şəhidlərin xatirə lövhəsi açılıb - FOTOLAR

29 Aprel 2022 13:25 (UTC+04:00)

İmişli rayonu Qulubəyli kəndində Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının “Orion-E” ərazi partiya təşkilatının sədri Mütəllim Bədirovun şəxsi vəsaiti hesabına inşa olunan şəhidlərin xatirə lövhəsinin açılışı olub. SİA-nın verdiyi məlumata görə, xatirə lövhəsinin açılışında İmişli rayon icra hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İlk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılışda çıxış edən İmişli rayon icra hakimiyyətinin başçısı Elçin Rzayev bildirib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgərlərin xatirəsi daima yaddaşlarda qalacaq. Məhz onların göstərdiyi şücayət nəticəsində uzun illərdir işğal edilmiş torpaqlarımız bu gün işğaldan azad olunmuşdur. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gedən döyüşlərdə ordumuz bir daha dünyaya qüdrətini sübut etmişdir, şəhidlərimizin qanı yerdə qalmamışdır. Ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb.

YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev çıxış edərək qeyd etdi ki, birinci və ikinci Qarabağ müharibəsində İmişli rayonu Qulubəyli kəndindən şəhid olmuş 9 nəfər şəhidimiz digər şəhidlərimiz kimi heç zaman unudulmayacaq. Azərbaycan xalqı şəhidlərimizin xatirəsini daim yad edəcək, onların qəhrəmanlıqlarından hər zaman söhbət açacaqlar. S.Ağayev şəhid ailələrinə və müharibə əlillərinə dövlətimizin göstərdiyi mərhəmətli qayğını xüsusi vurğulayaraq şəhidlərin ailə üzvləri adından göstərilən diqqətə və qayğıya görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirdi.

Tədbirdə digər çıxış edənlər şəhidlərin qəhrəmanlıqlarından, vətənpərvərliklərindən söz açaraq onlarla bağlı xatirələrini bölüşdülər.