Duru bitki yağlarının istehsalında azalma müşahidə olunur - İQTİSADÇI AÇIQLADI

28 Aprel 2022 15:05 (UTC+04:00)

"Azərbaycanda son zamanlarda qidaların qiymətində artım müşahidə olunur. Bu qidalara duru yağlar da daxildir. Bu məhsulların demək olar ki, beşdə dörd hissəsinin idxaldan asılı olması nəticədə bugünkü vəziyyəti ortaya qoyur". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, eyni zamanda, duru bitki yağlarının istehsalında azalma müşahidə edilir: "Məhz bu ilin ilk üç ayında ölkədə təxminən 13 min ton duru yağ istehsal olunub. Bu da ötən il ilə müqayisədə 14 % azalma deməkdir. Ötən ilin statistikasına nəzər saldıqda ölkəmizdə təxminən 53 min ton yağ istehsal olunduğu halda, 75 min ton isə idxal olunub".

İqtisadçı sözlərinə davam edərək həmçinin qeyd edib ki, digər ölkələrdə olduğu kimi Azərbaycanda da duru yağ inflyasiyanın təsirinə məruz qalan qidalardandır: "Bütün dünyada, o cümlədən bizim ölkədə digər məhsullara nisbətən duru bitki yağlarının qiymətində hər zaman artım olub. Amma bu vəziyyətin hazırda daha yüksək səviyyədə olması təkcə infliyasiya ilə deyil, həmçinin Rusiya-Ukrayna müharibəsi ilə də bağlıdır. Belə ki Rusiya və Ukraynada birlikdə istehsal olunan qarğıdalının həcmi, dünyada bu məhsulun istehsalının 20%-ni təşkil edir. Bu iki ölkədə yaranmış problem nəticə etibarilə ölkəmizə də öz təsirini göstərir".