İmicdən çox təhsilin keyfiyyətinə üstünlük versək, daha məqsədəuyğundur

28 Aprel 2022 13:04 (UTC+04:00)

“Vahid forma, yoxsa səbəst geyim arasında seçim aparsaq, yaxşı olar ki, vahid formaya üstünlük verilsin. Lakin vahid forma hər il dəyişdirilməməlidir. Bu ailə büdcəsinə zərərdir”. Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, bu nöqteyi nəzərdən vahid geyim forması yaxşıdır: “Lakin bu gün biz imicdən çox təhsilin keyfiyyətinə üstünlük versək daha məqsədəuyğundur. Geyim bizim üçün əsas keyfiyyət məsələsi hesab oluna bilməz. Vacib olan təhsilin keyfiyyətini artırmaqdır. Əgər şagird savadlıdırsa, biz onu geyiminə görə qınamamalıyıq. Elə şagirdlər var ki, onlar vahid geyim formasında olsa da təhsil səviyyəsi yox dərəcəsindədir. Geyimlə məktəbi və ya digər bir müəssisəni nümunə kimi təqdim edə bilmərik. Lakin istənilən halda şagird və müəllim fərqləndirilməsi üçün vahid geyim forması yaxşıdır”.

Elçin Əfəndi sözlərinə belə davam edib: “Əgər biz vahid məktəbli formasını bütün ölkə üçün tətbiq edə bilmiriksə, bu forma yalnız müəyyən məktəblər üçün keçərlidirsə o zaman sərbəst geyim formasına üstünlük verilməlidir. Həmçinin, vahid geyim formasının qiyməti elə olmalıdır ki, onu bütün valideynlər ala bilsin. Əgər valideyn baha qiymətə bu formanı ala bilmirsə, o zaman övladını sərbəst geyimdə məktəbə yola salacaq.

Yeni qərara əsasən vahid geyim forması 3 ildən bir dəyişiləcək. Amma mütləq formanın qiyməti nəzərə alınmalıdır ki, hər bir valideyn üçün əlçatan olsun”.

Ayşən Vəli