Qələbə ruhlu Zəfər Qurultayı! MƏQALƏ

28 Aprel 2022 09:23 (UTC+04:00)

İlham Əliyev: "Bu, böyük xoşbəxtlikdir - hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün”

Diaspor quruculuğu Azərbaycanda müstəqilliyin ilk illərindən aktuallıq kəsb etməyə başlasa da, bu taleyüklü vəzifənin yerinə yetirilməsinə dövlət tərəfindən xüsusi diqqət göstərilməsi məhz Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra mümkün oldu. Hələ 1991-ci ildə Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan MR Ali Məclisi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis olunması barədə qərar qəbul etmiş və bu tarixi günün bütün ölkə ərazisində bayram kimi qeyd olunması ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisi qarşısında vəsatət qaldırmışdı. Ermənistanın təcavüzü və torpaqlarımızın işğalı dövrünə təsadüf edən 1990-cı illərdə Ulu Öndər beynəlxaq ictimaiyyətin ölkəmizin problemlərinə biganəliyi fonunda soydaşlarımızın dünyadakı səsimiz ola biləcəyi gerçəyini təbliğ edərək, bu istiqamətdə atılan addımları dövlət siyasəti xəttinə çevirdi. Onun dövlət başçısı kimi bütün xarici səfər proqramlarına mütləq həmin ölkədə yaşayan Azərbaycan icması ilə görüşlər daxil edilirdi. Həmyerlilərimizlə ayrıca xoş ab-hava, isti münasibətlərə köklənmiş bütün görüşlərində onları yaşadıqları ölkəyə inteqrasiya ilə yanaşı, tarixi vətənlərini də unutmamağa, onun dərdinə biganə qalmamağa, azərbaycançılıq ideologiyası ətrafında birləşməyə çağırırdı. Məhz həmin illərdən başlayan azərbaycanlıların təşkilatlanması 2001-ci il noyabrın 9-10-da müstəqil Azərbaycanın, eləcə də bütün dünya azərbaycanlılarının həyatında tarixi hadisə kimi yaddaqalan Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi ilə davam etdi. Ümummilli Liderin dillər əzbərinə çevrilən "Mən fəxr edirəm ki, azərbaycanlıyam!" sözləri ilə də tarixə düşən bu qurultayda Heydər Əliyev Azərbaycan diasporunun güclənməsi üçün istiqamətlər müəyyənləşdirdi və tövsiyələrini verdi.

Bu gün böyük qürur hissi ilə qalib Azərbaycanın uğurlarından bəhs edirik. Amma qalibiyyətə qədər keçilən yolun təhlili daim bir zərurət kimi ortaya qoyulur, onu şərtləndirən amillər əsaslı şəkildə diqqətə çatdırılır. Bütün bu reallıqlar isə bilavasitə Heydər Əliyev siyasətinin layiqli davamçısı, bu gün Azərbaycançılıq ideologiyasını dünyaya sübut edən Prezident İlham Əliyev tərəfindən həyata keçirilir. Dünya Azərbaycanlılarının Şuşa şəhərində keçirilən beşinci qurultayı isə tariximizə Zəfər qurultayı kimi fəxarətli titulla düşdü. Parlaq zəfərimizdən sonra, ilk dəfə 2022-ci ilin aprelində dünya azərbaycanlıları azad Qarabağda, azad Şuşada toplaşdılar, qurultay keçirdilər. Öz sarsılmaz və əbədi həmrəyliklərini bir daha qürur ünvanımız Şuşadan bütün dünyaya, dosta-düşmənə nümayiş etdirdilər.

Bu möhtəşəm tədbirdəki çıxışı zamanı Prezident İlham Əliyevin vurğuladığı kimi, bundan sonra Azərbaycan xalqının müzəffər xalq kimi əbədi yaşayacağı, dövlətimizin qalib dövlət kimi sonsuzadək var olacağının mesajını verdilər: "Bu, böyük xoşbəxtlikdir - hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün. Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarşısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər".

Azərbaycan Prezidenti nitqində o məqama da xüsusi diqqət çəkdi ki, bizim xaricdə yaşayan gənc azərbaycanlılarımız həm İkinci Qarabağ müharibəsinin tarixini yaxşı bilməlidir, həm də bu həqiqətləri öz dostlarına çatdırmalıdırlar. Çünki xaricdə yaşayan azərbaycanlılar böyük qüvvədir və onların fəaliyyəti ölkəmiz üçün çox önəmlidir: "Onların fəallığı və Azərbaycan həqiqətlərinin çatdırılması, Azərbaycan maraqlarının müdafiə edilməsi, əlbəttə ki, bizim dövlətimizi daha da gücləndirir. Biz Azərbaycan dövləti olaraq öz fəaliyyətimizdə həmişə xaricdə yaşayan azərbaycanlıların yaşayışı ilə maraqlanırıq, təmaslar qururuq. Dövlətlərarası münasibətlər müstəvisində bu, önəmli bir amildir. Mən də öz həmkarlarımla, harada ki, azərbaycanlılar yaşayır, o ölkələrin rəhbərləri ilə daim bu məsələyə diqqət yetirirəm".

Vətən müharibəsində yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətə Azərbaycan həqiqətlərinin çatdırılmasında uğurlu fəaliyyət göstərən diasporumuzun nümayəndələri də Qarabağın azad olunmasından sonra ilk böyük görüşlərini qürur ünvanımız Şuşada keçirmələrinin, azad torpaqlarımıza qürurla qədəm basmağın xoşbəxtliyini yaşadılar.

Abil Ağasəfov,

YAP Qəbələ rayon təşkilatının sədri