İzmir “2022-ci il Avropa mükafatı”na layiq görüldü

27 Aprel 2022 22:31 (UTC+04:00)

İzmir bu il 1955-ci ildən Avropa Şurası Parlament Assambleyası (AŞPA) tərəfindən yerli və regional idarələri mükafatlandırmaq üçün verilən “Avropa mükafatı”na layiq görülüb. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Fransanın Strasburq şəhərində keçirilən AŞPA-nın Yaz Baş Assambleyasında AŞPA sədri Tini Kox İzmirin “2022-ci il Avropa mükafatı”nı qazandığını bildirib.

Avropa Şurasından verilən məlumatda yazılır: “Türkiyənin 3-cü böyük şəhəri İzmir dünyanın 24 şəhəri ilə “Qardaş şəhər”dir və xarici bələdiyyələrlə iqtisadi, sosial və mədəni əməkdaşlığa önəm verir.

Xarici nümayəndə heyətləri İzmirə səfər edir.

Şəhərdə çoxlu beynəlxalq tədbirlər keçirilir.

İzmir təbii fəlakət qurbanları və ehtiyacı olanlarla həmrəylik içində olan bir şəhərdir.

Avropa Şəhərləri Birliyi (EUROCİTİES) və Aralıq dənizi Şəhərlər Birliyi (MedCities) kimi beynəlxalq təşkilatlarda da İzmir fəal rol oynayır”.

Qeyd edək ki, “2022-ci il Avropa mükafatı” İzmirdən başqa, Almaniyanın Bamberq və İnqolştadt, Polşanın Boleslaves, Litvanın Palanqa və Ukraynanın Ternopil şəhərlərinə də verilib. Daha əvvəl isə Türkiyənin İstanbul, Bursa və Ankara şəhərləri “Avropa mükafat”ını alıb.