Cizgi filmləri uşaqların psixologiyasına NECƏ TƏSİR EDİR? - SORĞU

26 Aprel 2022 17:05 (UTC+04:00)

Uşaqlara milli ruhun təbliğ edilməsi olduqca vacib məsələlərdəndir. Milli ruhun təbliğ edilməsi isə onlara lap körpəlikdən aşılanmalıdır. Uşaqlar üçün müasir dövrümüzdə milli maraqlarımızı təbliğ edən çox az sayda cizgi filmi yaradılmışdır. Bu görə də uşaqlar daha çox başqa ölkələrin cizgi filmlərini izləyir, elə həmin ölkələrin də mədəniyyətini mənimsəyir. Həm dilimizi, həm də mədəniyyətimizi korlayan xarici cizgi filmləri həm də uşaqların psixologiyasına pis təsir göstərir. Bəs görəsən şəhər sakinləri bununla bağlı nə fikirləşirlər. SİA olaraq sorğu keçirdik:

Şəhər sakini Ramiz Novruzov: “İndi televiziyalarda uşaqlara aid heç bir düzgün proqramlar, cizgi filmlər yoxdur. Televiziyanı açırsan ancaq ağlamalı verlişlər, boş-boş proqramlar var. Uşaqlar bunlardan nə öyrənə bilər. Düşünürəm ki, onları milli ruhda böyütmək lazımdır. Gələcəkdə xeyirli bir vətəndaş olması üçün onları düzgün tərbiyələndirmək lazımdır. Xarici ölkələrin cizgi filmlərinə baxıb ancaq psixologiyalarını korlayır”.

Şəhər sakini Leyla İbrahimova: “Müasir dövrün uşaqları öz yaşından böyük olan şeylərə maraq göstərirlər. Yəni bu da onların gələcəyinə pis təsir edir. Bu onların həm sosial həyatına, həm də psixologiyasına təsir edir. Bizim mənəviyyatımıza uyğun olan, maraqlı cizgi filmlər olsa bəlkə həvəs edib ona baxarlar. Bu da onların inkişafına müsbət təsir göstərər. Amma onlar xarici cizgi filmləri izləyib başqa şeylərə maraq salırlar”.

Şəhər sakini Sevil Cavadova: “Xarici kanallarda olan cizgi filmlər uşaqlar üçün məsləhətli və onlara uyğun cizgi filmlər deyil. Uşaqlar cizgi filmlərə baxıb bundan yaxşı örnək götürməlidirlər. Amma əksinə belə cizgi filmlər onların tərbiyəsinə pis təsir edir. Məncə bizim mentalitet dünyadakı bütün mentalitetlərdən yaxşıdır. Əvvəllər uşaqlara uyğun çox gözəl cizgi filmlər olardı. Onların yaşına, düşüncəsinə uyğun olmalıdır".

Şəhər sakini Gülşən Əliyeva: "Bizim milli dəyərlərimizi əks etdirən cizgi filmlərin olmaması təbii ki, pis haldır. Uşaqlar cizgi filmlərə baxıb nəsə öyrənməlidirlər, cizgi filmləri tərbiyəvi xarakter daşımalıdır. "Maşa və Ayı" cizgi filminə baxan uşaq oradan nə götürə bilər? Ancaq yaramazlıq, dəcəllik. Uşaq nəyə baxır, onu da götürür. Ona görə də bizim milli maraqlarımıza uyğun cizgi filmləri yaradılmalıdır".

Şəhər sakini Ruhəngiz Mehdiyeva: "Biz sovet vaxtında böyümüşük. Çox gözəl, tərbiyəvi cizgi filmləri var idi. Amma indi düzgün, uşaqlara uyğun cizgi filmlər yoxdur. İndi hamısı animasiya filmləridir. Bu filmlər uşaqlara pis təsir edir. Uşaqları başqa yollara sürükləyir. Uşaqları aqressiv edir, tərbiyələrini pozur. İstərdim ki, bizim özümüzün milli dəyərlərimizi daşıyan cizgi filmləri çəkilsin. Tərbiyəvi xarakter daşısın".

Şəhər sakini Nəsibə Mirzəyeva: "Uşaqlar bizim gələcəyimizdir. Əvvəllər çox gözəl cizgi filmlər var idi. Düşünürəm ki, milli nağıllarımıza uyğun, tərbiyəvi xarakter daşıyan cizgi filmlər çəkilməlidir. Uşaqlar xarici cizgi filmlərə baxıb həm dilimizi unudurlar, həm də tərbiyələri pozulur".