Bura həmişə küləklidir. Dənizdən əsən külək dünən müharibədə od püskürən, bugünsə yerindən tərpənməyə cəsarəti olmayan, indi sadəcə dəmir parçası ömrünü yaşayan hərbi qənimətlərin üzərinə hücum çəkərkən bu vıyıltıda 44 günlük payızın sazağını duyuram. Qarabağa-müharibəyə qayıdıram. Qulağıma savaş meydanındakı səslər gəlir, bu silah-sursat, texnikaların fonunda və hərdən küləyin üzümə vurduğu sillələrdə 44 günün 1-ni yaşayıram.
27 sentyabr-10 noyabr... 44 gün
Bilmirəm bu 44 günün hansındayam. Amma orada-Qarabağda müharibə meydanındayam. Suqovuşanda, Füzulidə, Xudafərindəyəm, Zəngilan, Qubadlı, Şuşadayam, Ağdam, Kəlbəcər, Laçındayam, bilmirəm haradayam, amma döyüş meydanındayam. O payızın qonağıyam Qarabağda. Havada heç günəş yoxdur. Amma onun bir doğuşuna elə ehtiyac var ki... Hava həddindən artıq soyuqdur. Hər tərəf bomboz dağlar, dərələr, düzənliklər-otuz ilin həsrətliləridir. Onları seyr etdikcə sanki mənimlə danışırlar: günəş nədir arzulayırsan? Məgər bu ellərdə 30 ildir günəş doğur? Qovmuşuq onu buralardan. Biz özümüzü soyuğa, sazağa, qaranlığa vermişik. Vətəndən ayrı günəşmi doğar? Qovmuşuq günəşi, “get, biz anamızın qoynuna qayıdanda gəlib üzümüzə doğarsan, işığını hiss edərik, hərarətini duyarıq”,- demişik. Bax bu səbəbdən də burada nə günəşi axtar, nə doğmasını arzula...

Günəşdən əlimi üzür, ətrafı seyr edirəm. Sazaq ağaclardakı rəngini sarıya döndərməkdə olan yarpaqları ora-bura əsdirməkdən heydən salır. Yorğunluqları lap kənardanca hiss olunur. Yerdəki ot-alaf da eynilə ağaclardakı yarpaqların taleyini yaşayırlar. Küləyin əsarətindədirlər, onun hökmünə tabedilər. “Burada bahar görəsən necə olur”,- deyə düşünürəm. Sanki ətraf ürəyimdən keçənləri oxuyur, sazağını sillə edib üzümə çırpır və bahar nədir, bu yerlər 30 ildir baharı qovub buralardan: biz yaşıllı, allı-güllü baharı, yayı payıza, qışa qurban vermişik. Payızdan, qışdan solğun rənglər alıb bahara, yaya libas tikmişik. Onu da payız etmişik. Biz baharın bu yerlərə gəlişini Vətənə dönənə saxlamışıq. Əlimiz Vətənin əlinə çatanda o əllərlə soyunduracağıq payız rəngli libasını baharın. O əllərlə geyindirəcəyik əyninə alça, ərik çiçəyitək ağappaq donunu, salaçağıq başına şaftalının çəhyayı çiçəyi rəngdə kəlağayısını... yaşıl rəngi əllərimizlə don biçəcəyik bu dağlara, bu düzlərə, dərələrə... indi bizim rəngimizsə boz, qara, gördüyün bu sarı, bir də həsrət rəngidir...
Təbiətlə bu söhbətdən ətrafdakı qulaqbatırıcı səslər ayırır məni. Belə dəhşətli səsləri ilk dəfədir eşidirəm. Bu səslər hər dəfə yenilənəndə vücudumdan keçir, bütün bədənimi dolanıb sonra bayıra çıxır. Payızın sazağı ilə bu səslər elə bir harmoniya yaradıb ki...
Payız əsgərimin üzündə bahar
Burada payız müharibədən, müharibə payızdan rəng alıb. Rəngi kimi adamın bədənində qanını donduran soyuğu da eynidir: payızın sazağı, müharibənin soyuğu. Adamın iliyinə işləyir bu sazaq, soyuq. Bir hərarət, bir sızqa gün işığı axtarıram. Yoxdur o, sanki ərşə qalxıb. Bombardmanın dumanı bir anlıq çəkiləındə nəzərlərim əsgərimin üzündə dolaşır və səhərdən bəri axtardığımı tapıram. Torpaq, Vətən uğrunda sinəsini sipər edən əsgərimin üzündə elə bir sevgi var ki, burada bahara oxşar tək o sevgidir. Tək o çöhrələrdə günəş doğur. Tək o üzlərdə işıq var. Bu payızın sazağını da, bu müharibənin dəhşətli səsini də tək o sevgi susduracaq gücə malikdir: payızı bahar edəcək qədər, qaranlığa işıq saçacaq qədər, soyuğu ilıq bir hərarətə çevirəcək qədər...
Səngərdə səhəri axşam, axşamı səhər edir əsgərim. Gecənin qaranlığında od yağışının işığında leysan kimi ələndiyi görünən payız yağmurunda islanır, tərpənmir, elə yerindəcədə dayanır, bədəninin hərarəti ilə əynində quruyur paltarları. Bir an geri çəkilmir. Bu dəhşətli səslərin içərisində hərdən nəğmələr də eşidilir. Vətəndən, anadan, torpaqdan oxuyurlar.
Əzizim kətan yaxşı,
Geyməyə kətan yaxşı.
Gəzməyə qürbət ölkə,
Ölməyə Vətən yaxşı.
Qarabağ şikəstəsinin də səsi gəlir uzaq səngərlərdən.
Könlüm keçir Qarabağdan,
gah bu dağdan, gah o dağdan
axşamüstü qoy uzaqdan
havalansın xanın səsi
Qarabağın şikəstəsi...
Üzü, qulaqları, əlləri qıpqırmızıdır əsgərimin, sazaq yandırıb, qızardıb. Bu qırmızı rəng nərə çəkən igidimin düşmən üzərinə hücumunun da rəngidir. Nərə səsinin rəngidir. Qarış-qarış qələbənin rəngidir. Azad olunan kəndlərədə dalğalanan bayrağımızın rəngidir. Bu rəng payızda bahar rəngidir... Qarabağın payızını bahar edən rəngdir. Vətən, torpaq uğrunda canından keçənlərin torpağı lalələşdirən rəngidir. Bu qan həm də payızda torpağın aclığını doyuran sudur, su rəngidir...
Payız Qarabağ müharibəsinin zaman, məkan, fəsil anlamıdır əbədiyyən. Haqqı unudulmazımızdır. Payız anasıdır bahar üzlü əsgərimin. Yarpağı yastığı, yorğanı, sinəsi ana qoynudur. Budur, şəhidim var, payız ana qoynuna alıb onu, gözlərindən yaş ələyir üstünə. Laylay deyir: bu laylayda həm balasını oxşayır, həm elini. “Sənə qıyan əllər qurusun”la, “Gəlməsəydiniz bu yurdun düşməndə bağrı qan olardı” cümlələri tez-tez bir-birini əvəz edir Payız ananın dilində. O, balasını ağlayır, bir gözündə ələm, birində qürur. Birində əbədi kədər, birində əbədi torpaq vüsalı. Hicranı didib dağıdan o vüsal. Şəhidimin qanı rəngindəki vüsal. Əsgərimin gözünü yumduğu qara rənglə ruhunun pərvazlandığı ağ və mavi rənglər arasındakı qəhrəmanlığın, ölməzliyin bəxşişi vüsal... Qarabağın qara bəxtindəki ağ rəngli vüsal...
Od puskürən silahlar
Yenə də bilmirəm torpaqlarımızın hansındayam. Amma 44 günlük müharibənin 1 qünündə oradayam. Müharibə meydanında dəhşətli səslər var. Bu səslər od püskürən, ömürləri yarımçıq qoyan zireh, artilleriya, qoşqu və silah-sursatlardan çıxır. 30 ilin əvvəlində-Birinci Vətən Müharibəsində torpaqlarımızın işğalına fərman verənlərin istəkləri naminə düşməni təchizatlandırdıqları silahların on, iyirmi qat artığıdır bu silahlar. Dayanmadan-durmadan od püskürürlər. O avtomobillər 30 ildə torpaqlarımızda düşmən istehkamlarının yaradılmasına, səngərlərin qazılmasına, minaların basdırılmasına xidmət edib. Bizim torpaqlarımızda bizlərə təhlükə yaratmaq üçün istifadə edilib.

Bu silahların burnunda soydaşlarımız Qarabağdan-öz doğma ata-baba yurdlarından didərgin salınıblar. Gecənin yarısında bu silahların dəhşətli səsi vahimə ilə girib evlərə. Ömürləri yarımçıq qoyub, körpələri qanbağır edib, onların məsum dünyasına zərbələr endirib. Bu silahlar 30 ildir, yurd təşnəsi çəkib ürəklərə. Səpələyib minlərlə insanı ölkəmizin bölgələrinə. Adlarını köçkün, qaçqın qoyub bu silahlar onların. 30 ildə yalnız yuxularda doğma həyətlərinə qədəm qoyub şuşalılar, laçınlılar, kəlbəcərlilər, ağdamlılar... bu silahlarla zorla evindən çıxarılanlar 30 ildə bayramlarda ağlayıblar, əzizlərinin qəbirlərini ziyarət edə bilməyiblər.
Susdurur əsgərim o silahları. Bir-bir susdurur. Kənbəkənd, şəhərbəşəhər susdurur. Çevirir od püskürən ağzını düşmənə tərəf, “artıq 90-cı illər deyil”,- deyir. Bir addım da irəliyə gələ bilməzsiniz. Qarşınızda güclü Azərbaycan ordusu var. Bu ordunu üstələyə nə casarətiniz, nə də gücünüz çatar. Çıxın bu torpaqlardan, sizin olmayan, tamahınız olan torpaqlardan...
Düşmən silahını, texnikasını qoyub qaçır. Canını əsgərimdən qorumaq üçün qaçır. Çünki qarşısında vətənpərvərlik ruhu iliyinə işləmiş Azərbaycan gənci var. Bu qüdrətli ölkənin sərkərdəsi var. Həmrəy insanları, bir əmrlə hər biri Qarabağa yollanacaq insanları var. Bir də Qələbəyə, Zəfərə gedən yolda qısa bir yolçuluq var.
Silahların, zirehlərin, texnikaların səsi qulaqlarımda çığnayır. Küləyin səsi də bu səslərə yoldaşlıq edəndə bir anlıq düşüncələrdən ayrılır, müharibədən Hərbi Qənimətlər Parkına qayıdıram...
Təkərlərdə quruyan palçıqdan Qarabağın ətri gəlir
Qarşımda Zəfər var, onu seyr edirəm, qələbənin o heyrətamiz dadını yenidən dadıram. Ətrafım göz baxdıqca uzanan ərazidə hərbi qənimətlərlə doludur. Od püskürən silahlar necə də susublar. Onların gücü əllərindən alınıb, cəsarətsizləşiblər. Sadəcə dəmir parçalarına çevriliblər. İki il öncə üstümüzə hücumla gələn, yüzlərlə igidimizin ömrünü, arzularını yarımçıq qoyan silahlar... Yüzlərlə igidimizin sağlamlığını əlindən alan silahlar. Yüzlərlə ananın göz yaşı, atanın əyilmiş qəddi olan silahlar... Yüzlərlə balanın atasızlığına səbəb, yüzlərlə qadının sevdiyini əlindən alan silahlar... Müharibədən sonra onlarla dünyaya gələn uşağın ata üzünü görməsini əngəlləyən silahlar... Neçə-neçə nişanlı qızın hicran dağı silahlar... Necə də susublar. Sanki bütün bunları edən onlar deyilmişlər. Gəncədə, Bərdədə, Ağdamda günahsız insanların qətlinə hökm verən deyilmişlər. İnsanların qurulu evlərini dağıdan deyilmişlər. Həyət-bacalarında işlədikləri yerdəcə ömürlərini tamamlayan deyilmişlər...

Düşmən silahlar... Yağıların əlləri dəyən, nəfəsləri içərisinə dolan murdar silahlar. Yeni torpaqların işğalı üçün düşmən əmrini yerinə yetirən silahlar... Baxdıqca Zəfərimiz üçün qürur duyduğum, itkilərimiz üçün susqunluqlarından belə qisas almaq istədiyim silahlar, texnikalar, avtomobillər...
Bütün bu düşüncələrin fonunda gözlərim tankların, avtomobillərin, qoşquların təkərlərinə sataşır. Qurumuş palçıqlar düşüncəmə hakim kəsilir. Bu texnikalar düşmənindir, ancaq o palçıq bizimdir. Bizim torpaqların 44 gündə payız yağları ilə islanıb palçıqlaşan parçasıdır. Əlimi atıb o palçıqdan bir parça qoparıb, əlimdə ovxalayıram, burnuma tərəf yaxınlaşdırıram. İlahi, bu palçıq qurusu Suqovuşan, Füzuli, Xudafərin, Zəngilan, Qubadlı, Şuşa, Ağdam, Kəlbəcər, Laçın... qoxur. Nə qədər doğma ətir saçır. Bu munis duyğu bir az öncə parçalamaq istədiyim texnikaların əslində günahının olmadığını anladır mənə: onlar cansızdır, kimlərinsə iradəsi ilə hərəkət etdirilən əşyalardır. Nə yazıq ki, bəxtlərinə erməni kimi murdar məxluqatlara məxsusluq yazılıb. Nə xoşbəxtdilər ki, erməni məhbusluğundan çıxıb belə bir gözəl ölkəyə gətirilmək kimi alın yazına malik olublar. Nə bəxtəvərdilər ki, üzərlərində biz azərbaycanlıların bir ovucu üçün canımızı verməyə hazır olduğumuz torpaq var. Hələlik azad torpaqlar minalardan təmizlənməkdə, abadlaşdırılmaqdadır ki, soydaşlarımız yurdlarına rahatlıqla qayıda bilsinlər. Doğma torpaqlara qayıdanadək o yurdların ətrini bu təkərlərdəki palçıqlaşmış torpaqdan duymaq 30 illik yurd təşnəli qəlblərə məlhəm kimi gələr...
Mətanət MƏMMƏDOVA