“Cəmiyyətdə insanların 60-80 faizi həyatlarında ən azı bir dəfə bel ağrısı yaşayırlar. Bel ağrıları ilk başlayanda həkimə müraciət etmək lazımdır”. Bu sözləri SİA-ya açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Fizioterapiya bölməsinin rəisi, tibb xidməti mayoru Şəhla Qafarova bildirib.

Onun sözlərinə görə, zamanında müdaxilə edilmədikdə el arasında bel yırtıqları deyilən, fəqərəarası disk yırtıqları əmələ gəlir:
“5 bel fəqərəsi və fəqərələr arasında elastiki, intervertebral disk dediyimiz, təqribən 1,27 sm ölçüsündə yuvarlaq "yastıqcıqlar" var.
Bu yastıqcıqlar sayəsində, hərəkətlər elastiki olur, yəni insan əyilə, çevrilə, qaça və yeriyə bilir.
İntervertebral disk iki hissədən ibarətdir. İçindəki geləbənzər möhtəviyyat (annulus pulposus) və möhtəviyyatı əhatə edən bağlardan ibarətdir (annulus fibrosis).
Elastik bağların zamanla, müxtəlif səbəblərdən kiçik və hissəvi yırtılması ilə proses başlayır, bağların tamamilə yırtılması nəticəsində, geləbənzər, yumşaq möhtəviyyatın dağılması ilə bel yırtıqları deyilən xəstəlik əmələ gəlir. Tamlığı pozulan möhtəviyyat onurğa beynindən çıxan sinirlərin üzərinə düşməsi və sıxması nəticəsində müxtəlif fəsadlar əmələ gəlir.
1.Xəstəlik əsasən, normal yaşlanma prosesi zamanı yaranır.
Belə ki, uşaqlarda və cavanlarda disk (yastıqcıqlar ) daha çox elastiki olur.
Yaşlandıqca düzgün olmayan qidalanma, kifayət qədər su qəbulu olmadıqda, disk susuzlaşır, büzüşür, elastikliyini itirir.
Bu halda hər hansı kiçik yük götürərkən, əyilərkən, uzun müddət oturaq vəziyyətdə qalarkən disk yırtığı riski artır.
2.Bundan başqa xəstəlik 20-50 yaş arasında kişilərdə daha çox müşahidə olunur.
3.Xəstəliyin yaranmasında travmaların da rolu böyükdür.
4.Artıq çəki, qarın piylənməsi, bel əzələlərinin zəifliyi də səbəblərdəndir.
Əvvəlcə xəstə, beldə ağrı hiss edir, daha sonra ağrılar artır və ağrı ayaqlara yayılır, ayaqlarda zəiflik, hissiyyat pozğunluğu və s. müşahidə olunur.
İlk əlamətlər hiss olunduqda mütəxəssisə müraciət etmək lazımdır.
Müalicəsi əsasən, Fizioterapiya və reablitasiya əsasında aparılır.
Fizioterapiya prosedurları nəticəsində əzələlər qüvvətləndirilir, onurğanın üzərinə birbaşa olunan prosedurlar nəticəsində disk bağlarının elastikliyi artırılır. Xəstəliyin yaranması və proqressivləşməsinə mane olunur.
Xəstəliyin qarşısını almaq üçün, düzgün qidalanma, müntəzəm idman hərəkətləri və hər gün 30 dəqiqə açıq havada gəzmək məsləhət görülür. Gecikdirilərsə, neyrocərrah müdaxiləsi lazım olacaqdır.
Hər kəsə sağlam həyat arzulayıram.