Rusiya hökuməti yanında Maliyyə Universitetinin Sosial Elmlər və Kütləvi Kommunikasiyalar fakültəsinin dekanı Aleksandr Şatilov “Caliber” analitik mərkəzinə müsahibəsində regionda gedən proseslər və gözlənilən hadisələr haqda fikirlərini bildirb. Müsahibəni oxucularımıza təqdim edirik.
- Aleksandr Borisoviç, Paşinyanla Putin arasında Moskvada keçirilən son danışıqların nəticələrini necə qiymətləndirirsiniz?
- Mənə elə gəlir ki, Moskva hələ Qarabağda aktiv oyun əhval-ruhiyyəsində deyil, üstəlik, bu trasda vəziyyətin gərginləşməsi birmənalı olaraq Rusiyaya heç bir fayda vermir. Ona görə də Vladimir Putinin əsas vəzifəsi münaqişənin hər iki tərəfi üçün məqbul sülh formulu tapmaqdır. Eyni zamanda, Rusiya Federasiyasının mövcud vəziyyəti (Ukraynadakı xüsusi hərbi əməliyyat, sanksiya müharibəsi və s.) nəzərə alaraq, İrəvanı Azərbaycan tərəfinə itələyərək onu bəzi güzəştlərə getməyə sövq edəcəyini istisna etmirəm.
- Rusiya və Ermənistan liderlərinin birgə Moskva bəyanatının bəndlərindən birində deyilir ki, tərəflər ksenofobiyanın və neonasizmin istənilən təzahürlərinə qarşı səyləri artırmaq barədə razılığa gəliblər. Bu, o deməkdirmi ki, Rusiya Ermənistanın Ukrayna ilə münaqişədə mümkün iştirakını nəzərdən keçirir?
- Mənə elə gəlir ki, hazırda Rusiya rəhbərliyi anlayıb ki, postsovet tərəfdaşlarından heç biri Ukrayna münaqişəsində iştirakə “imzalanmayacaq”. Hətta Belarus, indiyə qədər əsasən diplomatik dəstək və RF Silahlı Qüvvələrinin bazası üçün ərazisinin təmin edilməsi ilə məhdudlaşır. Moskva daha real və praqmatik düşünür və hərəkət edir- Ukraynanın denazifikasiyasını özü təkbaşına həyata keçiriləcək.
Postsovet məkanındakı digər “qaynar nöqtələrə” gəlincə, hələlik onları “dondurmaq” Kremlin maraqlarına uyğundur.
- Əgər Rusiya neonasizmə qarşı çıxırsa, niyə bu prinsipial mövqe Qaregin Njdeni İrəvanın mərkəzində ona abidə ucaltmaqla şöhrətləndirdiyi Ermənistana şamil edilmir?
- 2018-ci ildə Ermənistanda baş verən rəngli inqilab Rusiya Federasiyası üçün son dərəcə xoşagəlməz sürpriz oldu. Birincisi, erməni elitası uzun illər Ermənistanın əsas hamisi və sponsoru Qərb dövlətləri olmasına baxmayaraq, öz siyasi oyunlarında Moskvaya açıq-aşkar göz yumdu.
İkincisi, 1998-ci ildən bəri ilk dəfə olaraq Ermənistanda açıq-aşkar anti-Rusiya, qərbyönlü qüvvələr hakimiyyətə gəldi - faktiki olaraq, Levon Ter-Petrosyan 20 illik fasilədən sonra hakimiyyətə qayıdıb, o da vaxtilə əsas rəhbərlərdən biri olub. SSRİ-nin “qəbirqazanlar”ındandır- 1990-cı ilin avqustunda onun fəal iştirakı ilə Ermənistanın Müstəqillik Bəyannaməsi qəbul edildi və bu, digər ittifaq respublikalarının “suverenlik paradının” başlanğıcını qoydu. Nikol Paşinyan əslində Ter-Petrosyanın “reinkarnasiyası” idi, çünki o, hakimiyyətə gələrkən Rusiya Federasiyasına qarşı tənqidi ritorikadan çox istifadə edib, qərbyönlülüyünü hər cür nümayiş etdirib, Amerika və Avropanın siyasi mərkəzləri ilə fəal əməkdaşlıq edib. “Rəngli inqilablar” texnologiyalarının köməyi ilə Qərbə zidd olan hakimiyyətlərin devrilməsində iştirak edib.
Paşinyan baş nazir olduqdan sonra Moskvadan uzaqlaşaraq Vaşinqton və Brüsselə doğru sürüklənməyə davam etdi, eyni zamanda müasir Ukraynanın ruhuna uyğun çirkin hərəkətlər etdi. Eyni operadan Hitlerin şəriki Qaregin Njdenin tərənnümünü göstərmək olar. Təəssüf ki, indi Ermənistanın rəsmi hakimiyyət orqanları Sovet marşalı Baqramyana deyil, faşist Njdeyə hörmət edir. Və bu, əlbəttə ki, müasir Ermənistan rəhbərliyi ilə qarşılıqlı əlaqə baxımından Moskvaya ruh yüksəkliyi əlavə etmir.
- Putin və Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılmasını sürətləndirmək barədə razılığa gəliblər. Nə qədər vaxt aparacaq?
- İstisna etmirəm ki, ikitərəfli komissiyanın yaradılması prosesi sürətləndiriləcək, başqa məsələ odur ki, sərhədlərin delimitasiyası qeyri-müəyyən müddətə uzana bilər.
- Paşinyanla Putinin görüşündən sonra Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması ilə bağlı müsbət siqnallar gözləmək lazımdırmı?
- Düşünürəm ki, Paşinyana müəyyən “sülhməramlı” siqnallar göndərilib, digər məsələ odur ki, Moskva bu prosesdə daha yaxından iştirak etmək istərdi, bu da yalnız Rusiyanın Ukraynada xüsusi əməliyyatı başa çatdıqdan sonra mümkün olacaq.
- İndiki geosiyasi vəziyyətdə Rusiya Avropanın Ermənistan-Azərbaycan gündəmində vasitəçilik təşəbbüsünü Cənubi Qafqazda ciddi rəqabət kimi qiymətləndirirmi?
- Əgər Avropa İttifaqının “kollektiv qurum” kimi təsirindən danışsaq, burada Rusiya rəqabətdən o qədər də qorxmur, çünki indi Aİ özünün, ilk növbədə, sosial-iqtisadi xarakterli problemlərinin həllində bataqlığa düşüb. Amma Cənubi Qafqaza nüfuz etmə və anqlosaksların (xüsusən də ingilislərin) sülh prosesinə cəlb olunması Moskvanı xeyli narahat edə bilər.
- Ermənistanla Türkiyənin yaxınlaşması Rusiyanın maraqlarına cavab verirmi?
- Söhbət Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasından gedirsə, o zaman Moskva ancaq sevinəcək, çünki hazırda o, Ukrayna istiqamətində çox məşğuldur və Cənubi Qafqazda vəziyyətin gərginləşməsi birmənalı olaraq onun maraqlarına uyğun deyil. Lakin Türkiyə öz təsirini Ermənistana da genişləndirməyə çalışsa və İrəvana sərt təzyiq göstərsə, hadisələrin bu cür inkişafı təbii ki, Rusiya rəhbərliyinin xoşuna gəlməyəcək.
Buna baxmayaraq, təcrübənin göstərdiyi kimi, çox vaxt çox kəskin siyasi və iqtisadi ziddiyyətlərə baxmayaraq, Putin və Ərdoğan adətən sülh yolu ilə razılaşa bilirlər.
Müsahibə aldı – Mətanət Nəsibova
Tərcümə etdi – Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb.