Rusiya Ermənistan-Azərbaycan arasındakı proseslərə maneələr yaratmağa çalışır - MÜSAHİBƏ

26 Aprel 2022 16:24 (UTC+04:00)

Beynəlxalq ekspert Anar Əliyevin SİA-ya müsahibəsini təqdim edirik:

-Şuçada Zəfər Qurultayı baş tutdu. Dünya Azərbaycanlılarının V Qurultayında 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi iştirak edirdi. Azərbaycan dövlət başçısı 22 apreldə qurultayda çıxış etdi. İstərdim ki, söhbətə buradan başlayaq.

-Azərbaycan dövlətinin maraqlarının beynəlxalq səviyyədə qabardılması, apardığımız haqq mübarizəsinin dünya ictimaiyyətinə düzgün çatdırılması ilə bağlı tədbirlər daim keçirilib. Amma torpaqlarımız azad olunduqdan sonra Zəfər Qurultayının mədəniyyət paytaxtımız Şuşada keçirilməsi əlamətdar bir hadisə oldu. Qurultayda dünya azərbaycanlılarının bundan sonra görəcəyi işlər, atacağı addımlarla bağlı mesajlar səsləndi. Prezident İlham Əliyev çıxışı zamanı geniş istiqamətli fikirlər səsləndirdi. Düşünürəm ki, bu mesajlarda əsas hədəf dünya erməniçiliyi idi. Erməni siyasəti üzərindən Cənubi Qafqazda oyun qurmaq istəyən bəzi dünya güclərinə mesajlar verildi. Cənab Prezident erməni dövlətinə növbəti dəfə təxribatlar törətdiyi, Azərbaycana qarşı çıxışlar etdiyi halda daha ağır zərbələr alacağını xatırlatdı. İlham Əliyev, "Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcburdur. Əgər tanımasa, biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq" deyə maraqlı bir fikir də səsləndirdi.

Eyni zamanda, V Qurultayda dünya azərbaycanlıları ilə bağlı məsələlərə də toxunuldu. Yalnız qalib Azərbaycan dövlətinin nümayəndəsi olduğunu hiss etməklə iş bitmir. Bundan sonra da mübarizəni davam etdirməliyik.

-Brüssel görüşünün gündəliyi tam açıqlansa da, Moskvada Putinlə Paşinyan arasındakı müzakirələrin detalları tədricən bəlli olur. Sizcə, ortada razılaşmaların olduğu bir məqamda Kremldə bağlı qapılar arxasında danışıqlara nə dərəcədə ehtiyac yaranmışdı?

-Əvvəla, xatırlatmaq lazımdır ki, Brüssel görüşü ilə bağlı məlumatlar ictimaiyyətə ötürülən kimi Rusiya Prezidenti həm Ermənistanın baş naziri, həm də Azərbaycan Prezidenti ilə telefon əlaqəsi saxladı. Bununla da Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsində Rusiyanın dominant rolunu bir daha göstərməyə çalışdı. Yəni, hələ Brüssel görüşü baş tutmadan öncə Paşinyanın Moskvaya səfəri planlaşdırılmışdı. Ona görə də bu səfərin məhz Brüssel görüşü ilə əlaqədar baş tutduğunu demək düzgün deyil. Amma təbii ki, Brüsseldə Azərbaycanın irəli sürdüyü 5 şərt, aprel ayının sonunadək sərhədlərin delimitasiyası və bununla bağlı işçi qrupunun yaradılması ilə bağlı fikirlərin səslənməsi bir sıra qüvvələri, xüsusilə də Rusiyanı narahat etdi. Çünki Rusiya prosesin tənzimlənməsi məsələsinin onun nəzarətindən çıxdığını çox yaxşı dərk edir. Eyni zamanda, Rusiya bilir ki, əgər Azərbaycan ilə Ermənistan arasında münasibətlər normallaşsa Rusiyanın bölgədə iştirakçılığı aradan qalxacaq. Ona görə də Rusiya prosesə maneələr yaratmağa çalışır.

-Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov ikinci dəfə üçüncü tərəfin iştirakı olmadan erməni həmkarı Ararat Mirzoyanla telefonda danışdı. Hesab etmək olarmı ki, artıq Azərbaycan və Ermənistan bundan sonra yola ikilikdə davam edəcək, yəni vasitəçi olmadan?

-Bu hadisənin özü də bir müsbət xarakter daşıyır. Müstəqillik əldə etdikdən sonra demək olar ki, iki dövlətin baş nazirləri arasında belə bir görüş ilk dəfə idi baş tuturdu. Bunu daha çox Brüssel görüşündə iki dövlət arasında əldə olunan razılıqlar fonunda keçirilən danışıqlar kimi dəyərləndirirəm. Bu istiqamətdə cəhdləri davam etdirmək lazımdır. Bundan bir neçə gün öncə Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu maraqlı bir fikir səsləndirdi ki, söhbət Azərbaycanla Ermənistan arasında münasibətlərdən, Ermənistanla Türkiyə arasında əlaqələrin bərbasından gedirsə üçüncü tərəfə nə ehtiyac var. Bu mənada addımların atılması iki dövlət arasında sülh müqaviləsinin imzalanması yolunda uğurlu bir gedişdir.

-Azərbaycanla Ermənistan arasında Birgə Sərhəd Komissiyasının, habelə sülh müqaviləsinin işlənib hazırlanması ilə bağlı işçi qrupunun görüşlərinin yaxın zamanlarda təşkil olunmasına dair razılıq əldə olunub. Sülh danışıqlarından gözləntiniz nədir, gözlənilən barışıq əldə olunacaqmı?

-Əslində, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması çox uzun bir prosesdir. Bu prosesdə ayrı-ayrı istiqamətlər üzrə işçi qrupu işləməlidir. Amma ən azından bu istiqamətdə əməli addımların atılması hər iki tərəfdən, xüsusilə Azərbaycan tərəfindən belə bir siyasi iradənin ortada olduğunu göstərir. Təəssüf ki, Ermənistanın bu mövqeyinə təsir edəcək qüvvələr var. Amma gec-tez bu proses yekunlaşmalıdır. Ermənistan özü də dərk edir ki, düşdüyü bataqlıqdan çıxmaq üçün Azərbaycanla sülh müqaviləsi imzalamağa məcburdur.