"Müstəqillik dövründə yetişən gənclər böyük qəhrəmanlıq, şücaət göstərdilər. Heç vaxt Qarabağda olmayan bu gənclər vətənpərvər ruhda böyüdülər, Azərbaycan xalqı qarşısında, Vətən qarşısında tarix yazaraq müqəddəs bir missiyanı yerinə yetirdilər. İgid oğullarımız torpaqlarımızı işğaldan tam azad etdilər. Vətən müharibəsində hər yaşda olan insanlar döyüşdülər, amma gənclərimiz çox böyük üstünlük təşkil edirdilər. Vətən müharibəsində dünya Azərbaycanlıları bir oldular, bir yumruq kimi birləşdilər. Bu dövrdə xaricdə yaşayan azərbaycanlılar da çox fəal oldular. Avropanın əksər böyük şəhərlərində diaspor nümayəndələrimiz Azərbaycan dövlətinə dəstək nümayişləri təşkil etdilər. Bu nümayişlərdə on minlərlə soydaşımız bir amal uğrunda birləşdilər. Dünya ictimaiyyətinə Azərbaycan dövlətinin apardığı ədalətli müharibənin mahiyyətini çatdırılmasında diaspor fəallarımız böyük işlər gördülər. Vətən müharibəsində qalib xalq, qalib dövlət amalı uğrunda hər kəs birləşdi və Zəfər qazandıq". Bu sözləri SİA-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib.
Onun sözlərinə görə, aprelin 22-də mədəniyyət paytaxtımız olan Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər Qurultayı keçirildi. Qurultayda dünyanın 65 ölkəsindən 400-ə gədər nümayəndə iştirak edirdi: "Zəfər Qurultayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də iştirak etdi və hər kəsə nümunə ola biləcək çıxış etdi. Ölkə başçımız çıxışı zamanı müharibədən əvvəl, müharibə zamanı və postmüharibə dövründə Azərbaycan dövlətinin apardığı siyasət və atdığı addımlar barədə ətraflı məlumat verdi. Cənab İlham Əliyev diaspor nümayəndələrinə gələbədən sonra onların qarşısında duran vəzifələr barədə, eləcə də fəaliyyətlərini hansı istiqamətdə davam etdirəcəkləri barədə tövsiyə və tapşırıqlar verdi.
Zəfərə gedən yolda Azərbaycan dövləti və xalqı çox böyük səbr və təmkin nümayiş etdirdi. Xalqımız 30 il davam edən mənasız danışıqlardan yoruldu və öz gücü ilə ədaləti, beynəlxalq hüququ bərpa etdi. Xalqımız bütün dünyaya güclü xalq olduğunu və işğalla barışmayacağını bəyan etdi. 30 il müddətində beynəlxalq təşkilatlar Ermənistanın işğalçılıq siyasətinə göz yumdular və Azərbaycanı bu işğalla barışmağa sövq etməyə çalışdılar".
Deputat sözlərinə belə davam edib: "Vətən müharibəsində Azərbaycan tək Ermənistanla müharibə aparmayıb, eyni zamanda dünya erməniləri və Ermənistanın havadarları ilə müharibə aparıb və gələbə qazanıb. Qələbə naminə gənclərimiz ölümə getməyə hazır oldular və Vətən, xalq uğrunda ölümə getdilər.
Bu gün müharibə başa çatsa da Azərbaycana qarşı torpaq iddiaları hələ də davam edir. Xaricdə yaşayan hər bir Azərbaycanlı yaşadıqları şəhərdə çıxışlar etməli, sosial şəbəkələrdə fəallıq göstərməli, bütün vasitələrlə Azərbaycanın haqq səsini yaşadıqları ölkənin içtimayətinə çatdırmalıdırlar. Ölkə başçımız xaricdə yaşayan həmvətənlərimizə heç olmasa ildə bir dəfə Azərbaycana gəlməyə və işğaldan azad edilmiş torpaqlara səfər etmələrini də tövsiyə etdi.
Bu gün Azərbaycan xalqı öz doğma torpağı olan Qarabağa və Şərqi Zəngəzura qayıdıb. Artıq heç bir qüvvə Azərbaycan xalqını öz torpaqlarından çıxara bilməz.
Prezident seçildiyi ilk ildən cənab İlham Əliyevin fəaliyyəti torpaqlarımızın işğaldan azad edilməsinə yönəlmişdir. Postmüharibə dövründə də ölkə başçımız üçün ən ümdə məsələ Azərbaycan dövlətinin gücləndirilməsi olub və beynəlxalq ictimaiyyətə çatdırıb ki, Azərbaycan dövləti hər zaman, hər sahədə Ermənistandan üstün olub.
Müharibə zamanı Azərbaycan Ermənistana məxsus 4-5 milyard dollarlıq silah-sursatını və texnikasını məhv edib və ya qənimət kimi götürüb. Bu gün hər kəsə aydındır ki, Ermənistan kimi kasıb bir ölkə bu gədər texnika və hərbi sursat ala bilməzdi. Müəyyən dövlətlər və qüvvələr var ki, Ermənistana bu silahları pulsuz verib.
Azərbaycan Ordusu cəmi 44 günə Ermənistan ordusunu məhv etdi və Ermənistan rəhbərliyi 2020-ci ilin noyabrın 10-da məğlub olduğunu etiraf etdi və kapitulyasiya aktına imza atdı. 2020-ci ilin noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildikdən sonra Ermənistan başa düşdü ki, Azərbaycana qarşı müqavimət göstərmək yersizdir və müqavimət göstərəcəkləri təqdirdə bu onlara baha başa gələcək. Prezident cənab İlham Əliyev çıxışında Minsk qrupunun fəaliyyətsizliyi haqqında ətraflı məlumat verdi. Həqiqətən də 1992-ci ildə Azərbaycan-Ermənistan münaqişəsinin həllində vasitəçi rolunu öz üzərinə götürmüş Minsk qrupunun fəaliyyəti 2019-cu ildə təmamilə iflasa uğradı. Ermənistan rəhbərliyinin cəfəng fikirlər səsləndirməsi bu qurumun fəaliyyətinin tam mənasız olduğunu bir daha üzə çıxartdı və danışıqlar prosesinə son qoyuldu.
Işğal zamanı ermənilər bütün şəhər və kəndlərimizi xarabazarlığa çevirmişdilər. Şuşa kimi tarixi bir şəhərdə bütün binalar tamamilə dağıdılmışdır. Ağdam şəhərini elə dağıtmışdılar ki, xaricdən gələn qonaqlar bu şəhəri Xirasimaya bənzətmişdilər. Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və bütün nüfuzlu beynəlxalq təşkilatlar ölkəmizin mövqeyini dəstəkləyirlər və Azərbaycanın yaratdığı reallığı gəbul edirlər. Amerika Birləşmiş Ştatları və Böyük Britaniya kimi böyük dövlətlərin prezidenti və baş naziri ölkə prezidentimiz cənab İlham Əliyevə ünvanladıqları məktublarda bu ölkələrin də Azərbaycanın postmünaqişə dövründə yaratdığı reallıqları gəbul etdiklərini bildirmişdilər.
Ermənistan Azərbaycana qarşı törətdiyi bu vəhşiliklərə baxmayaraq bölgənin gələcəyi naminə Azərbaycan Ermənistanla sülh sazişi bağlamağa hazır olduğunu bəyan etmişdir. Azərbaycan dövləti beş prinsipdən ibarət təklif irəli sürdü və Ermənistan tərəfi bu prinsipləri qəbul etdi. Ermənistan rəhbərliyi rəsmən bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur və gələcəkdə də olmayacaq. Cənab İlham Əliyev diaspor nümayəndələrinə onlar tərəfindən tarixi hadisələrin dünya ictimaiyyətinə düzgün çatdırılmalarını onların qarşısında bir vəzifə kimi qoydu. ХIX əsrdə imzalanmış Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələri dünya ictimaiyyətinə çatdırılmalıdır ki, onlar əsl tarixi həqiqətləri öyrənsinlər. Məhz bu sülh müqavilələrindən sonra ermənilərin Qarabağa köçürülmələri başlamışdır. XX əsrin əvvəllərində də ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi davam etmişdir. 1920-ci ildə Sovet hakimiyyəti tərəfindən Zəngəzur Azərbaycandan alınaraq Ermənistana verilmişdir. Sonrakı dövrlərdə də Azərbaycan torpaqlarının Ermənistana bağışlanması prosesi davam etdirilmişdir. 1940-50 ci illərdə azərbaycanlılar Ermənistandan, öz doğma torpaqlarından deportasiya edilmişdir. 1988-ci ildə minlərlə azərbaycanlılar öz ata yurdlarından ermənilər tərəfindən qoyulmuşdur.
Yaxın gələcəkdə azərbaycanlılara qarşı cinayət törətmiş hər kəs ədalət məhkəməsi qarşısına çıxarılacaq. Cənab İlham Əliyevin diaspor nümayəndələri qarşısındakı çıxışı ermənilərə və onlara havadarlıq edənlərə bir xəbərdarlıq mesajı oldu".
Ayşən Vəli