“Bütün dünyaya məlumdur ki, 44 günlük Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusu Ermənistanın işğalçı ordusunu darmadağın etdi. Bunun nəticəsində Ermənistan baş naziri kapitulyasiya aktına imza atdı. Onlar rəzil bir vəziyyətdə məğlub oldular. Bu təkcə Ermənistan üzərində qələbə deyil, həm də, cənab Prezidentin sözləri ilə desək, dünya erməniliyi, erməni faşizmi və bu faşizmi dəstəkləyən qüvvələr üzərində olan bir qələbə idi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, Ermənistan öz kapitulyasiya aktına özü imza atsa da, bu gün onlar arasında kifayət qədər revanşist və faşist qüvvələr var: “Onların bir neçəsi gözümüzün önündə olan Serj Sarkisyan, Robert Koçaryandır ki, bu şəxslərin əli günahsız xalqın qanına bulanıb. Belə qüvvələr həm Ermənistan daxilində, həm də xaricində kifayət qədərdir. Hər kəsə də məlumdur ki, erməni diasporu və lobbisi erməni dövlətindən güclüdür. Ona görə bütün bunların fonunda bu qüvvələr məğlubiyyəti heç cür qəbul etmirlər. Onlar Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasını istəmirlər. Lakin sülh müqaviləsi üçün kifayət qədər hüquqi zəmin yaranıb”.
Məlahət İbrahimqızı sözlərinə belə davam edib: “Qələbəmizdən sonra isə ermənilər dəfələrlə təxribat törətmək istəyiblər. Elə dünən də Ermənistanın təxribat-diversiya qrupu Azərbaycan sərhədini keçməyə cəhd göstərib. Nə qədər təxribatlar olsa da Azərbaycan Ordusu bunların qarşısını almağa qadirdir. Biz dəfələrlə onları məğlub etmişik və hələ də özlərinə gələ bilmirlər”.
Məlahət İbrahimqızı sözlərinə belə davam edib: “Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesi üçün cənab Prezident tərəfindən 5 təklifdən ibarət bir paket təqdim olunub. Cənab Prezidentin təklifləri həm Brüsseldə Şarl Mişellə, həm Moskvada Putinlə müzakirə olunub. Bunlar beynəlxalq səviyyədə qəbul olunmuş təkliflərdir. Aprel ayının 6-da Avropa İttifaqı Komissiyasının prezidenti Şarl Mişelin dəvəti ilə həm Paşinyan, həm cənab Prezident bu görüşdə idi. Görüşdən sonra Şarl Mişel cənab Prezidentin irəli sürdüyü təklifləri səsləndirdi. Zəfərimiz artıq beynəlxalq statusda tanınıq və qəbul olunur. Həm də Cənubi Qafqazın iki ölkəsi arasında münasibətlərin normallaşması prosesi üçün lazım olan ən vacib təkliflər dəstəklənib. Bu təkliflər ABŞ tərəfindən də təqdirəlayiq qiymətləndirilib. Bu moskvada da bir neçə dəfə müzakirə olunub.
İlk iki təklif daha çox erməni faşistlərini qıcıqlandırır. İlk təklif hər iki dövlətin bir-birinin ərazi bütövlüyünü tanıması, ikinci isə hər iki dövlətin biri-birinə qarşı ərazi iddiasında olmamasıdır. Təbii ki, Azərbaycan Ermənistana qarşı heç vaxt ərazi iddiasında olmayıb. Çünki Ermənistanın ərazisi olmayıb. Bu halda hansı ərazi iddiasından söhbət gedə bilər?! Bu iddiada həmişə erməni faşistləri olub.
Cənab Prezident tərəfindən irəli sürülən 5 təklif Ermənistan dövlət rəsmiləri tərəfindən qəbul olunaraq təsdiqlənib. Paşinyan da cənab Prezidentin təkliflərinə müsbət rəy verib. Bu o deməkdir ki, saxtakar ermənilərin 200-300 illik layihəsi puç olur. Onlar özləri də buna möhür vuraraq təstiq edir. Azərbaycan xalqı, Azərbaycan dövləti və cənab Prezident tərəfindən 44 günlük Vətən müharibəsində Ermənistana elə bir zərbə vurulub ki, bundan sonra onlar özlərinə gələ bilməyəcək. Bu gün erməni revanşistləri və faşist erməni liderləri sülh müqaviləsinin qarşısını ala bilməz. Bu erməni xalqının siyasi iradəsi çərçivəsində deyil. Bu beynəlxalq təşkilatlar və supergüclər tərəfindən zəmanət verilən bir prosesdir. Onlar bu prosesə şahidlik edəcəklər.
Təxribat törədən qüvvələr bilməlidir ki, artıq gecdir və məsələ bitib. Saxta erməni tarixinin ifşa olunmasından sonra onların içində erməni faşizmi canlanmaq istəyirsə, deməli onlar kifayət qədər dərs çıxarmayıblar. Proses qarşısıalınmazdır və 2-3 ay gecikə bilər. Yaxın zamanlarda prosesin əsas mərhələsi başlayacaq.
Hər iki ölkənin XİN rəhbərləri ilə xüsusi komissiyalar yaradılıb. İlk dəfə olaraq 30 il ərzində Azərbaycan Ermənistan XİN başçıları vasitəçilik olmadan telefon əlaqəsində olublar”.
Ayşən Vəli