Maska tələbinin ləğv edilməsinə ŞƏHƏR SAKİNLƏRİNİN BAXIŞI - SORĞU

25 Aprel 2022 14:45 (UTC+04:00)

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Azərbaycanda may ayının 1-dən maska tələbi ləğv edilir. Eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq hava limanı ərazisində və Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir. Bəs görək şəhər sakinləri maska tələbinin ləğv olunması barədə nə düşünür. SİA bu mövzu ilə bağlı sorğu keçirib.

Şəhər sakini Hicran Əmikişiyeva: "İnsanlar həqiqətən tibbi maskaya doyublar. Amma kim özünü qorumaq istəyirsə, kimin xəstəliyə dözümü yoxdursa maska taxmağa davam edəcəklər. Şəxsən mən tələb ləğv olunsa belə yenə də maska taxacam. Çünki yoluxma hələ də tam bitməyib. Ümumiyyətlə, maska istifadəsinin könüllü olmağı yaxşıdır".

Şəhər sakini Aqil Hüseynov: "Belə bir qərarın verilməsi lazım idi. Bu, nəinki bizim ölkəni, bütün dünyanı narahat edən bir məsələdir. Onsuzda yoluxma sayı azalıb. Ümid edirəm ki, bu virus bəlası tamamilə yox olar".

Şəhər sakini Sara Pənahzadə: "Təbii ki, artıq maskanın ləğv edilməsi lazım idi. Maska taxılsa-taxılmasa da xəstəlik olub, çox güman ki olmağa davam edəcək. Sadəcə hər kəs özünü qorumalıdır".

Şəhər sakini Rza Abdullayev: "Maskaya artıq heç bir ehtiyac yoxdur. Xəstəlik sovrulub gedir. Qarşıdan yay fəsli gəlir. Qışda birtəhər taxmaq olur, amma havalar isti olanda heç cür dözmək olmur".

Şəhər sakini Gülpəri Məmmədova: "Düşünürəm ki, maska ləğv olunsa, hər mənada rahat nəfəs alarıq. Mən özüm zob xəstəsiyəm. Mənim kimi o qədər insan var ki, maska taxmaq onları narahat edir. Bizim ailədə heç kim koronavirusa yoluxmadı. Çünki özümüzü qoruyurduq. Hər kəs özünü qorusa, maskaya da ehtiyac olmaz".

Şəhər sakini Həsən Həmzəyev: "Məncə, xəstəlik tam bitmədiyi üçün maskanın ləğv olunması hələ lazım deyildi. İnsanların iç-içə olduğu yerdə maska taxmaq daha yaxşıdır. Çünki heç kim yenidən virusa yoluxmayacağımıza zəmanət vermir. Biz özümüzü qorumasaq, heç kim bizi düşünən deyil".