“Məktəbəqədər təlim-tərbiyə uşaqların gələcəyi üçün zəruri bir başlanğıcdır”

24 Aprel 2022 20:56 (UTC+04:00)

“Məktəbəqədər hazırlıq prosesi uşağın gələcək tədris pillələrindəki bilik bacarığının formalaşması baxımından çox önəmlidir. Məktəbəqədər təhsil uşağın şəxsiyyət kimi formalaşması və cəmiyyətə hazırlığı baxımından da müstəsna əhəmiyyət daşıyır.” Bu fikirləri “Sübhnur” Təhsil Mərkəzinin rəhbəri Gülnarə Hüseynova açıqlayıb. Təhsil Mərkəzinin rəhbəri qeyd edib ki, məktəbəqədər hazırlığın əsas özəlliyi ondan ibarətdir ki, bu hazırlıq uşaqlarada ilkin dünya görüşü, riyazi və məntiqi təfəkkürün, oxu və yazı bacarığının formalaşdırılması ilə yanaşı, gələcəkdə məktəb dərslərini daha yaxşı mənimsəməyə zəmin hazırlayır:

“Bundan başqa, məktəbəqədər təlim-tərbiyə uşaqların gələcəyi üçün zəruri bir başlanğıcdır. Uşağın bu dövrdə necə təhsil alması və hansı təlim-tərbiyə üsulundan keçməsi çox önəmlidir.

Məktəbəqədər yaş dövrü insan şəxsiyyətinin formalaşmasına təsir göstərən əsas mərhələlərdən biridir. Bu yaş dövrü uşaqların sosiallaşması, böyüklər və yaşıdları ilə daha çox ünsiyyət qurması, mədəni vərdişləri mənimsəməsi, mənəvi və estetik hisslərin oyanması dövrüdür. Bağçalar da, öz növbəsində, uşağın ətraf aləmlə qarşılıqlı münasibətini təmin etməyə, xeyirxah hisslər oyatmağa, əməkdaşlığa nail olmağa qadir olan məktəbəqədər təhsil müəssisəsidir.”