Qiymətlərin bahalaşması qaçılmazdır - İQTİSADÇI AÇIQLADI

25 Aprel 2022 12:02 (UTC+04:00)

"Azərbaycanın taxıl idxalında Rusiya 80-84%, Qazaxıstan 16-20% paya sahib idi. Rusiya məhdudiyyət qoyduqdan sonra idxal payın 46%-ə endirdik, Qazaxıstanın payını isə 54%-ə qaldırdıq. İndi Qazaxıstan da taxıl idxalına məhdudiyyət tətbiq etdi. Bu vəziyyəti qorxulu hal hesab etməyə və ajiotaj yaratmağa gərək yoxdur. Əvvəla ona görə ki, Azərbaycan ötən ilin eyni dövrü ilə müqayisədə taxıl ehtiyatını artıra bilib. Digər tərəfdən, dünya taxıl istehsal həcmləri Rusiya və Qazaxıstandan ibarət deyil". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, Çin 135 milyon tonla birinci, Hindistan 99 milyon tonla ikincidir: "Dünya bazarlarına buğda ixrac edən ölkələr sırasına 39,5 milyon tonla Rusiya 3-cü sırada dayanır. Ardınca ABŞ, Kanada, Fransa və digər dövlətlər gəlir. 1-ci yerdə qardaş Türkiyə də var.

Rusiya ilə Qazaxıstan başlarına hələ nələrin gələcəyini bilmədikləri üçün öz ehtiyatlarını artırır və məhdudiyyət tətbiq edirlər. Onların boşaltdığı bazarları tutmağa hazır olan ABŞ. Fransa, Hindistan və s. kimi ölkələr isə həmişə var".

İqtisadçı sözlərinə davam edərək həmçinin qeyd edib ki, Hindistan artıq Rusiyanın boşaltdığı bazarları tutmaq üçün dünyanın 30-a yaxın ölkəsinə özü müraciət edib. Məlumatlara görə, burada Azərbaycan da var. Hindistan bu fürsətdən istifadə edərək, 99 milyon tonluq istehsal həcmini 112 milyon tona çatdıracağını bildirir.

Analitik hesab edir ki, taxıl alışında narahat olmalı məqamlar da var. Bu daşınma məsafəsinin uzaqlığı, logistik xərclərin artmasıdır. Eləcə də tələbin artması fonunda ixracatçıların ixrac rüsumlarını yüksəltmə riskləridir. Bütün bunlar məhsulun maya dəyərinə oturduğu üçün qiymətlərin bahalaşması qaçılmazdır. Deməli, problem taxıl yox, qiymətdədir.

Bununla belə, taxıl idxal mexanizmlərinin yenidən başlaması müəyyən çətinliklər olmadan keçməyəcək. Uzun məsafələr logistika xərclərinin artması ilə əlaqələndirilir. Bundan əlavə, ixracatçılar tələbatın artması səbəbindən ixrac rüsumlarını artıra bilərlər. Bütün bunlar malın son maya dəyərində əks olunduğu üçün qiymət artımı qaçılmaz olacaq. Deməli, söhbət buğda tədarükündən yox, puldan gedir, satıcılar isə həmişə olacaq. Qiymət artımı probleminin optimal həlli subsidiya mexanizmlərinin genişləndirilməsi müstəvisindədir. Bu, son məlumatlara görə, 52,7 milyard dollar valyuta ehtiyatına malik olan bir ölkə üçün tamamilə həll edilə bilər".