"Ümumiyyətlə, bu yeni bir hadisə deyil. Ermənistan həmişəki təcavüzkar simasını ortaya qoyur. Bir tərəfdən Ermənistanın baş naziri Azərbaycanla sülhdən danışır, digər tərəfdən isə Zəngilan istiqamətində Azərbaycan-Ermənistan sərhədində təxribatlar törədir". Bu sözləri SİA-ya açıqlamasında deputat Elşad Mirbəşiroğlu deyib.
Onun sözlərinə görə, Ermənistan yenidən Azərbaycana xətər yetirməyə cəhd edir: "Ona görə də bununla bağlı iki istiqamətdə fikir formalaşır. Birinci fikir, hər vasitə ilə Azərbaycana qarşı təxribatları davam etdirən Paşinyana tabe olmayan qüvvələrin mövcud olması ilə bağlıdır. İkincisi isə Paşinyanın riyakarlığı ilə bağlı olan fikirdir. O, sülh masasına əyləşərək ölkəmizə qarşı təxribatlar törədir".
Deputat sözlərinə davam edərək həmçinin qeyd edib ki, bu təxribatlar hər hansı bir nəticə ilə sonlana bilməz: "Ermənistan ağır məğlub durumunu qismən də olsa yüngülləşdirməyə çalışır. Amma bunun üçün Ermənistanın heç bir imkanı mövcud deyil. İki ilə yaxın müddətdə ermənilər qeyd olunan istiqamətdə dəfələrlə cəhd etsə də, heç bir nəticə əldə etmədi. Ən sonda Paşinyan Ermənistanın məğlub vəziyyətini dərk etdi və Azərbaycanla sülh danışıqlarına başladı.
Ermənistanın təxribatları hər zaman olduğu kimi onun özünə qarşı ağır zərbə ehtimalını ortaya qoyur. Azərbaycan bu təxribatların qarşısını almaq gücündədir. Eyni zamanda, Azərbaycan dövləti 2020-ci ildə göstərdi ki, bundan sonra da törədiləcək təxribatlara qarşı mübarizə aparacaq gücümüz var. Bu halda Ermənistan daha da ağır vəziyyətə düşə bilər".