Azərbaycanın səbr kasası dolmağa başlayır, Ermənistan isə ağıllanmalıdır!
Ermənistanın Azərbaycana qarşı aqressiyası başlayandan andan ölkəmiz işğalçıya qarşı bütün mümkün sanksiyaları tətbiq edib. Lakin bununla yanaşı, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və beynəlxalq hüququn məhz Azərbaycanın tərəfində olmasına baxmayaraq aqressor ölkə öz təcavüzkar siyasətini davam etdirib. Üstəlik, o da faktdır ki, Rusiya bu illər ərzində Ermənistanı silahlandırıb, Qərb isə maliyyə yarıdmlarını əsirgəməyib. Misal üçün, işğal dövründə ABŞ 5 milyard, Fransa və Avropa İttifaqı isə 2 milyard dollar maliyyə yardımlarını göstəriblər. Eyni zamanda, Qarabağdakı cinayətkar separatçı rejimə də işğalçılıq dövründə müxtəlif istiqamətli yardımlar göstərilirdi.
Azərbaycan isə Türkiyə ilə paralel şəkildə Ermənistana münasibətdə sanksiyalarını tətbiq edir və bu faktor beynəlxalq hüquqlar əsasında reallaşdırılırdı.
Belə olan halda sual yaranır: bəs müharibəyə qədər hansı təsir mexanizmləri işlədilib?
- Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan sərhədləri bağlı qalıb.
- Şimalda və Naxçıvanın sərhədlərində hərbi vəziyyət tətbiq edilib və sərhədlərdə iki korpus öz mövcudluğunu saxlayıb.
- Naxçıvanın blokadada saxlanılmasına cavab olaraq nəqliyyat blokadası tətbiq olunub və Ermənistanın Rusiyaya dəmir yolu vasitəsi ilə çıxışı bağlanılıb, həmçinin, Bakı-Tbilisi-Qars dəmir yolundan istifadəsinə qadağa qoyulub.
- Ermənistan Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda reallaşdırdığı bütün beynəlxalq iqtisadi layihələrdən təcrid vəziyyətinə salınıb.
Nəhayət – 2020-ci ilin 27 sentyabr tarixində başlayan və 44 gün davam edərək noyabrın 10-da başa çatan Vətən müharibəsindən sonra Ermənistana qarşı yeni təzyiq mexanizmləri yaranıb. Onu da qeyd edək ki, Ermənistanın müxtəlif vasitələrlə sülh müqaviləsini imzalamaq prosesini qəsdən uzatması, sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində inadkarlıq nümayiş etdirməsi, qarşılıqlı olaraq ərazi bütövlüklərini tanımaq şətrlərindən imtina etməsi – bütövlükdə üçtərəfli bəyanatda qəbul edilmiş bəndlərə riayət etməməsi istər müharibədən öncə, istərsə də müharibədən sonra mövcud olan sanksiyaları öz qüvvəsində saxlamaqda davam edir.
Beləliklə, 44 günlük Vətən müharibəsindən sonra yeni reallıqlar yarandı və Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə sərhədləri müəyyənləşdirildi.
- Kəlbəcərdə, Laçında, Qubadlıda, Zəngilanda sərhəd zastavalarımız quruldu.
(44 günlük müharibədə darmadağın edilmiş iki erməni korpusu hələ də Azərbaycanda müvəqqəti yerləşmiş Rusiya sülhməramlıları kontingentinin xidmət apardıqları ərazilərimizdə qalmaqda davam edir)
- Gorus-Qafan yolunun bağlanması.
- Qaragöl və Göyçə gölü istiqamətində yeni yerlərin dəqiqləşdirilməsi.
- İran İslam Respublikası ilə Araz çayı boyunca Naxçıvana və oradan da Türkiyəyə gedəcək nəqliyyat dəhlizi Memorandumunun imzalanması.
- Qarabağda hərbi gücümüzün artırılması və suveren ərazilərimizdə dəqiqləşdirmə və müəyyənləşdirilmə proseslərinin davam etdirilməsi, Fərrux, Daşbaşı və s. yüksəkliklərin nəzarətə götürülməsi.
- Qarabağda Azərbaycanın maraqlarına və ərazi bütövlüyünə zidd ola biləcək istənilən beynəlxalq səfərlərə icazənin verilməməsi.
- Ermənistandan qanunsuz yollarla Qarabağa çəkilmiş qaz kəmərinə nəzarətin ələ keçirilməsi.
- Su resurslarının əksəriyyətinə nəzarətin bərpa olunması.
- Rabitə və internet xətlərinə nəzarət və istənilən an məhdudiyyətin qoyulması.
Və əgər Ermənistan sülh razılaşmasının imzalanması prosesində lazımsız və mənasız inadkarlıqlarını davam etdirəcəksə, növbəti konfrontasiya mexanizmləri reallaşdırıla bilər:
- Ermənistan ərazi bütövlüyümüzü tanımaqdan imtina edərsə, rəsmi Bakı tarixi Azərbaycan torpaqlarına – Qərbi Zəngəzura, Göyçəyə və Basarkeçərə ərazi iddialarını qaldıra, eyni zamanda, delimitasiya edilmədən demarkasiya prosesini həyata keçirə bilər.
- Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılması prosesini dayandırar.
- Ermənistan Zəngəzur dəhlizinin realizəsinə getməzsə, Azərbaycan Silahlı Qüvvələri Laçın dəhlizində Nəzarət Keçid Məntəqəsini qura bilər.
- Qarabağdakı qanunsuz hərbi birləşmələrinə qarşı nöqtə zərbələrinin endirilməsi və Qarabağın qanunsuz rejimdən təmizlənməsi.
- Qarabağın bütün su resurslarına tam nəzarətin bərpa olunması – 1 və ya 1,5 il ərzində.
-Yeni Laçın yolu Ermənistan infrastrukturundan məhrum olur, Xankəndiyə və bu gün RSK-nın müvəqqəti nəzarət etdiyi ərazilərə elektrik, qaz və internet kəsilir.
- Azərbaycan hərbi hava qüvvələrinin Qarabağ səmasındakı hava üstünlüyünü daha da genişləndirməsi və daha güclü nəzarət mexanizmlərini həyata keçirməsi.
- 10 noyabr 2020-ci ildə Paşinyanın işğal faktını təsdiqlədiyi və müvafiq olaraq imza atdığı bəyanatdan çıxarışlar etməklə Ermənistana qarşı təzminat tələbi ilə məhkəmə iddialarını qaldırılması
- Habelə, işğal dövründə ərazilərimizdə qanunsuz fəaliyyət göstərən xarici şirklətlərə qarşı məhkəmə iddialarının qaldırılması, iqtisadi və ekoloji zərərlərə görə təzminatların tələb olunması.
Beləliklə, zaman Azərbaycanın xeyrinə işləməkdə davam edir, sadəcə, qalır bu reallığı Ermənistanın anlamasına ki, görünür, İrəvan hələ də ümidlərini haralara isə dikib. Amma nahaq yerə, artıq Brüsseldə verilən vaxt da bitmək üzrədir və aprelin sonlarına bir neçə gün qalıb, Ermənistan isə, necə deyərlər, nəinki hərəkətə keçmir, ümumiyyətlə, susqunluğunu davam etdirir. Bu isə Bakının onsuz da tükənməyə başlayan səbr kasasını doldurmaqdadır.
Rövşən RƏSULOV