Türkiyənin Milli Suverenlik və Uşaq Günü qeyd olunub

23 Aprel 2022 23:41 (UTC+04:00)

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Türkiyə Respublikasının 23 Aprel - Milli Suverenlik və Uşaq Gününə həsr olunmuş “Türk dünyasının uşaqlarının birliyi" adlı şənlik və azərbaycanlı rəssam Kövsər Qurbanın rəsmlərindən ibarət sərgi keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Fondun prezidenti Günay Əfəndiyeva Türk dünyasının gələcəyinin memarları olan uşaqları Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda görməkdən şad olduğunu bildirib. Qeyd edib ki, hər bir dövlətin ən dəyərli varlığı sülhün, sevginin, ümidin təmsilçiləri olan uşaqlardır: “Bu gözəl gündə bayramın həyəcanını sizinlə paylaşaraq, bütün Türk dünyasının uşaqlarını buraya toplaşan Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Türkmənistandan olan uşaqların simasında birlikdə dünyaya sülh, dostluq və qardaşlıq mesajlarını yaymağa dəvət edirəm. Uşaqlarımızın təhsil almaları son dərəcə önəmlidir. Bu gün onların elmə və inkişaf edən texnologiyalara açıq olmaları, oxumaları, araşdırmaları, yeniliklərlə maraqlanmaları son dərəcə vacibdir. Amma biz böyüklərin vəzifəsi onlara Vətənini, millətini, tarixini, mədəniyyətini və adət-ənənələrini sevdirməkdir. Biz Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu olaraq bu şərəfli missiyanı qürurla və zövqlə həyata keçiririk. Ən əsas məqsədlərimizdən biri Türk dünyasının maddi-mədəni dəyərlərini gələcək nəsillərə ötürməkdir. Bir daha bayram münasibətilə bütün uşaqları təbrik edir və gələn il Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada bu bayramın qeyd olunmasını arzulayıram”.

Türkiyənin ölkəmizdəki səfiri Cahid Bağçı tədbirin əhəmiyyətindən söz açaraq deyib: “Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda demək olar ki, hər həftə Türk mədəniyyətini, irsini tanıtmaq məqsədilə çox önəmli tədbirlər keçirilir. 23 aprel Mustafa Kamal Atatürkün milli mübarizənin məşəlini yandırdığı gündür. Milli suverenlik bu mənada Atatürkün uşaqlara “Vətəninizə, kimliyinizə, bayrağınıza sahib çıxın” deməsinin mesajıdır və buna görə də çox dəyərlidir”.

Tədbirdə TÜRKPA-nın Baş katibi Mehmet Surayya Er, türk dövlətlərin parlamentlərinin deputatları, Fonda üzv və müşahidəçi ölkələrin səfirləri və digər rəsmilər iştirak ediblər.

Şənlikdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Türkmənistanı təmsil edən uşaqlar tərəfindən Türk dünyasının həmrəyliyini ifadə edən mahnılar oxunub, milli geyimlərdə rəqslər nümayiş etdirilib, milli alətlərdə musiqilər ifa olunub, şeirlər səsləndirilib. Qonaqlar azərbaycanlı balaca rəssam Kövsər Qurbanın rəsmlərindən ibarət sərgi ilə tanış olublar.

Daha sonra qonaqlar tərəfindən tədbirdə iştirak edən uşaqlara sertifikatlar və hədiyyələr təqdim edilib.