
Vətəndaşlarımız hüquq sözünün, hüquqi dövlət anlayışının əsl, həqiqi üzünü məhz müstəqillik dönəmindən sonra gördülər, çünki müstəqillik dönəminə qədər hüququn aliliyi, hüquqi dövlət yalnız sözdə idi. Ölkəmiz müstəqillik dönəminə qədəm qoymazdan öncə hüquq, yaxud hüquqi dövlət ifadələri insan haqları və azadlıqlarına xidmət etmirdi, formal ifadə kimi işlədilirdi. Amma müstəqillik dönəmindən sonra vətəndaşlarımız şahidi oldular ki, əslində hüquq insana, hüquqi dövlət vətəndaşa xidmət edir. Bəli, şahidi oluruq ki, müstəqil dövlətimizdə insan amili hər şeyin önündə dayanır.
Təbii ki, insanların haqq və hüquqları vardır və əgər insanlar öz haqlarını, hüquqlarını müdafiə etmək istədikləri zaman buna nail olurlarsa, belə cəmiyyət azad, demokratik cəmiyyət hesab olunur və vətəndaşlarının bu kimi hüquqlarını müdafiə və mühafizə edən dövlət isə hüquqi dövlətdir. Biz hüquqi dövlətin, insan azadlığının necə olduğunun şahidi olduqca bunun necə bir nemət olduğunu gördük və buna görə də cəmiyyətimiz hüquqi normaların həyatımıza daşınması üçün əməli addımları lazımınca dəstəklədi. Beləliklə də “insan hüquqları hüquqi dövlətin təməl prinsipidir” fəlsəfəsi bizim üçün prioritet oldu və eyni zamanda da “vətəndaş cəmiyyəti” məfkurəsi yaşam tərzimizdə ən ali dəyərlərdən birinə çevrildi.
Bilirik ki, hüquq eyni ilə dövlət kimi cəmiyyətin müəyyən mərhələlərdə inkişafının məhsuludur və yalnız qarşılıqlı əlaqədə olduğu dövlətlə birgə inkişaf edir, hansıki bu qarşılıqlı əlaqə dövlətsiz fəaliyyət belə göstərə bilmir. Bir sözlə, dövlət hüquq normalarının həyata keçirilməsini təmin edir, hüququ qoruyur, keşiyində durur və mühafizə edir. Məsələ burasındadır ki, yalnız hüququn dövlətə yox, elə dövlətin də hüquqa ehtiyacı var və hüquqa söykənmədən dövlətin normal fəaliyyətindən danışmaq mümkün deyil. Məhz hüquqa söykənən dövlət hüquqi dövlətdir və belə dövlətdə əlbəttə ki, dövlət aparatının fəaliyyəti qanunvericiliyin, yəni hüququn möhkəmləndirilməsini tələb edir.
Sözsüz ki, hüquqi dövlətin formalaşdırılması vətəndaş cəmiyyətinin inkişafı ilə bilavasitə bağlıdır. Vətəndaş cəmiyyəti də hərhansı cəmiyyətin inkişafının müəyyən mərhələsində, yaxud pilləsində insanların birliyinin formalaşmasıdır ki, özündə həmin cəmiyyətin siyasi, sosial, iqtisadi, mədəni və digər sferalarında könüllü yaranan qeyri-dövlət strukturlarını birləşdirir. Eyni zamanda vətəndaş cəmiyyəti azad vətəndaşların, könüllü formalaşmış təşkilat və assosiasiyalarıdır ki, özbaşına və birbaşa müdaxilələri qanunla məhdudlaşdıran özünümüdafiə sferası olaraq tanınır.
Vətəndaş cəmiyyəti haqqında təsəvvürlər uzun yol, uzun tarixi təkamül yolu keçib. Bu barədə fikirlərə Platonun, Aristotelin, Siseronun əsərlərində rast gəlmək mümkündür. Digər yunan-roma mütəfəkkirlərinin əsərlərində də vətəndaş cəmiyyəti barədə fikirlərə təsadüf edilir, lakin bu təsəvvürlərin, fikir və ideyaların inkişafı intibah dövrünə təsadüf edir, geniş şəkildə məhz H.Qrotsinin, T.Hobbun, Ş.Monteskyenin əsərlərində öz əksini tapır. Lakin indiki mənada vətəndaş cəmiyyəti termini yalnız XVIII əsrdən istifadə edilməyə başlayıb. Onu da diqqətə çatdıraq ki, vətəndaş cəmiyyəti burjua dövrünün məhsulu kimi qəbul edilir və insanların təhkimçilikdən azad edilməsi, insanların dövlətin təəbəsindən şəxsi təsərrüfat və məsuliyyət götürməyə hazır olan vətəndaş-mülkiyyətçilərə çevrilməsinin nəticəsi olaraq formalaşıb.
Haqqında qeyd olunan vətəndaş cəmiyyəti dedikdə azad sahibkarlıq və təşəbbüskarlıq mühiti başa düşülür ki, bu cəmiyyətdə dövlət strukturlarından fərqli olaraq tabeçilik əlaqələri yox, məhz hüquqca azad və bərabərhüquqlu fərdlərin rəqabət və əməkdaşlıq münasibətləri üstünlük təşkil edir. Bazar münasibətlərinin, rəsmi hakimiyyətlə eyniləşdirilməyən digər fəaliyyət formalarının sinonimi kimi dərk olunur məhz vətəndaş cəmiyyəti və bu cəmiyyət o insanların demokratik cəmiyyəti hesab olunur ki, orada insanlar, məsələn, istehsal vasitələrinə, pul kartlarına, aksiyalara, gərəkli informasiyaya, intellektə, işçi qüvvəsinə və ümumiyyətlə nəyə isə, malik olurlar. Bir sözlə, vətəndaş cəmiyyəti insan cəmiyyətinin daha şüurlu, daha məqsədəuyğun quruluşu, formasıdır, hansıki burada söhbət sivilizasiyanın yeni mərhələsindən gedir. Vətəndaş cəmiyyətinin ən başlıca elementi olan mülkiyyət şəxsiyyətin və bütün cəmiyyətin azadlığının ilkin şərti kimi qəbul olunur. Bu cəmiyyət açıq, demokratik, antitotalitar, müstəqil inkişaf edən cəmiyyətdir, hansıki burada başlıca yerdə insan, vətəndaş, şəxsiyyət durur və bu da o deməkdir ki, vətəndaş cəmiyyəti insanlar tərəfindən yüksək qiymətləndirilir.
Sadalananlar nəzərə alınaraq, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu, eləcə də demokratik dəyərlərin bərqərar olunması Azərbaycanın həyata keçirdiyi başlıca prinsplərdən hesab olunur. “Respublikamızda hüquqi dövlətin qurulması, demokratik, sivilizasiyalı cəmiyyətin yaradılması, söz, vicdan, eləcə də insan azadlığının, plüralizmin təmin edilməsi, çoxpartiyalı sistemin bərqərar olması bizim əvvəlcədən qəbul etdiyimiz prinsplərdir”, deyə Ulu Öndər Heydər Əliyev vətəndaş cəmiyyətinə böyük önəm verib və bu gün də bu cəmiyyətə Ümummilli Liderin davamçısı cənab Prezident İlham Əliyev tərəfindən də önəm verilir. Ona görə ki, hüquqi dövlət və vətəndaş cəmiyyəti demokratiya ilə sıx bağlı anlayışdır, biri olmadan digərindən danışmaq olmaz və azərbaycançılı ideologiyasının yaşaması məhz vətəndaş cəmiyyəti və dövlət qarşısında məsuliyyətdən, hüquqi dövlət quruculuğundan asılıdır. Yetkin vətəndaş cəmiyyəti olmadan, hüquqi, demokratik dövlətdən söhbət gedə bilməz və məhz azad vətəndaşlar şüurlu insan birgəyaşayışını
qura, yarada bilər.
İnam Hacıyev
6.3.1. “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu”
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.