Prezident İlham Əliyev: “Qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb”
Sirr deyil ki, ölkəmizdə iqtisadiyyatın səmərəliliyinin artırılması və rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində qeyri-neft sektorunun inkişafının təmin edilməsi dövlətimizin əsas iqtisadi prioritetlərindəndir. Bu məqsədlə ölkədə aparılan uğurlu iqtisadi siyasət nəticəsində iqtisadiyyatın diversifikasiyasına nail olunması ilə yanaşı, qeyri-neft sektorunun da ümumi daxili məhsulda xüsusi çəkisi nəzərə çarpacaq dərəcədə artmışdır. Əbəs deyil ki, aprelin 12-də Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən müşavirədə bu ərtafda da əldə edilən uğurlar, habelə qarşıda dayanan vəzifələr ətrafında mühüm fikirlər vurğulandı, tövsiyələr irəli sürüldü.
Xüsusilə qeyd edə bilərik ki, dövlətimizin başçısı iqtisadi göstəricilərin məhz qeyri-neft sektorunun tərəqqisindən də nəhrələndiyini vurğulayıb. “Bizim iqtisadi göstəricilərimiz də çox müsbətdir. Birinci rübün yekunları, bu rəqəmlər faktiki olaraq heç bir şərhə ehtiyac qoymur. Ümumi daxili məhsul 6,8 faiz artıb. Hazırda dünya, əgər belə demək mümkündürsə, postpandemiya dövrünə qədəm qoyur və bəlkə də “postpandemiya” sözünü işlətmək bir qədər tezdir. Amma hər halda, dünyadakı və Azərbaycandakı indiki vəziyyət buna işarə verir. Ona görə 6,8 faiz artan iqtisadiyyatımız hesab edirəm ki, böyük nailiyyət sayıla bilər. Qeyri-neft sektorunda isə bu, daha da yüksək rəqəmlərlə ölçülür. Qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım təxminən 4 faizdir, ancaq qeyri-neft sənaye istehsalında 18 faizdən çoxdur. Bu rəqəmlər özlüyündə dediyim sözlərin təsdiqidir. Çünki iqtisadiyyatın şaxələndirilməsi, neft-qaz sektorundan asılılığın azaldılması, həm ümumi daxili məhsuldakı payının, həm ixracdakı payının aşağı düşməsi – bütün bunlar reallıqlardır”, deyə Prezident İlham Əliyev vurğulayıb.
İnteqrasiyanın formalaşmasında önəmli rolu olan aqroparkların yaradılması istiqamətində mühüm addımlar atılmışdır
Onu da qeyd etməliyik ki, ölkənin sosial-iqtisadi həyatında xüsusi əhəmiyyət kəsb etdiyi üçün qeyri-neft sektorunun prioritet sahələrindən olan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektoru ötən dövr ərzində iqtisadiyyatın əsas sektorlarından biri kimi müəyyənləşdirilmiş və görülmüş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda bu sektorun inkişafı üçün əlverişli şərait yaradılmışdır. Belə ki, kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın, tütünçülüyün, baramaçılığın sürətli inkişafı, kənd təsərrüfatı məhsullarına tələbatın ödənilməsi, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması və emal sənayesinin genişlənməsi istiqamətində dövlət dəstəyinin gücləndirilməsi ilə əlaqədar bir sıra hüquqi aktlar, o cümlədən dövlət proqramları qəbul edilmişdir. Eləcə də, ölkənin ixrac potensialının yüksəldilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların innovativ qabiliyyətlərinin artırılması, yüksək məhsuldarlığın əldə olunması, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı prosesində intensiv metodların geniş tətbiqində istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiyanın formalaşmasında önəmli rolu olan aqroparkların yaradılması istiqamətində mühüm addımlar atılmışdır.
Azərbaycanda kənd təsərrüfatının inkişafı və tərəqqisi, aqrar sektorun önməli amil olaraq dəyərləndirilməsi bütövlükdə ərzaq təhlükəsizliyimizin də mühafizəsinə, habelə məhsuldarlığa öz stimullarını vermək məqsədini daşımaqdadır
Yuxarıda qeyd edilənlərlə bərabər, kənd təsərrüfatı təyinatlı torpaqların səmərəli istifadəsi məqsədilə həmin torpaq sahələrinin icarəyə və istifadəyə verilməsi mexanizminin təkmilləşdirilməsi, torpaqların konsolidasiyası təcrübəsinin istifadəsi, ixrac məqsədli aqrar istehsal mallarına gömrük və vergi güzəştlərinin tətbiqi, aqrotexniki xidmət göstərilməsi və mülkiyyət hüququnun saxlanılması şərtilə kənd təsərrüfatı texnikasının lizinqə (icarəyə) verilməsinin əlavə dəyər vergisindən azad edilməsi, habelə yerli kənd təsərrüfatı məhsullarının topdansatışı zamanı əlavə dəyər vergisinin ticarət əlavəsinə görə hesablanması məsələlərinin də həlli qarşıya mühüm vəzifə kimi qoyulub.
Qeyd edək ki, mövcud münbit mexanizmlər bütövlükdə iqtisadi mexanizmin mühüm tərkib hissəsi olmaqla səmərəli aqrar iqtisadiyyatın formalaşdırılmasına və kənd təsərrüfatı istehsalçılarının təsərrüfat-maliyyə fəaliyyətinin rentabelliyinin yüksəldilməsinə xidmət edir. İri kənd təsərrüfatı müəssisələrinin formalaşdırılmasının maliyyə-büdcə mexanizminin təkmilləşdirilməsi ilk növbədə kənd təsərrüfatı istehsalının gəlirliliyinin artırılmasına xidmət edir.
Bu kimi faktorlar həm də belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı və tərəqqisi, aqrar sektorun önməli amil olaraq dəyərləndirilməsi bütövlükdə ərzaq təhlükəsizliyimizin də mühafizəsinə, habelə məhsuldarlığa öz stimullarını vermək məqsədini daşımaqdadır.
Beləliklə, aqrar sektorda həyata keçirilən islahatlar və yeni çağırışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi kənd təsərrüfatının davamlı inkişafına əhəmiyyətli təsir göstərmişdir.
Seymur NURİYEV,
Masallı rayon DAİM ərazi partiya təşkilatının sədri