Şuşa daha bir möhtəşəm tədbirə ev sahibliyi edir - ŞƏRH EDİLDİ

23 Aprel 2022 12:36 (UTC+04:00)

“Dünya azərbaycanlılarını təmsil edən diaspor təşkilatlarının nümayəndələri, rəhbərləri Azərbaycanda, doğma torpaqlarında, Şuşada bir araya gəliblər. Mən əvvəlcə Şuşada V Qurultayın açılışı münasibətilə bütün dünya azərbaycanlılarını təbrik edirəm. Dünya azərbaycanlılarının I Qurultayı Ulu Öndərin təşəbbüsü ilə 2001-ci ildə keçirilmişdir. O vaxtdan bu günə qədər Azərbaycanda böyük işlər görülüb, ölkəmiz daha da güclənib, nüfuzunu artırıb, ərazi bütövlüyünü təmin edib”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edir: “Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Qarabağda bir araya gələrək, diaspor tarixində ilkə imza atırlar. Hazırda Şuşa daha bir möhtəşəm tədbirə ev sahibliyi edir. Bu gün Şuşa şəhəri dünya azərbaycanlılarının qurultayına ev sahibliyi edir və dünyada yaşayan azərbaycanlılar da Şuşada - öz vətənlərində bir araya gəlirlər. Bu sevindirici gün Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan ordusunun nailiyyətidir. Əminəm ki, qurultay dünya azərbaycanlılarının birləşmələri, daha da fəal olmaları üçün çox önəmli olacaq”.

Deputat sözlərinə belə davam edib: “Beləliklə, Azərbaycanda son illər ərzində diaspor təşkilatları ilə qurulan iş, əlaqələr tam yeni bir vəziyyətə gətirib çıxardı. Bu gün Azərbaycan müxtəlif ölkələrdə hər hansı bir tədbiri keçirə, dünya ictimaiyyətini Azərbaycan reallıqları ilə daha da geniş şəkildə tanış edə bilir. Dünya Azərbaycanlılarının keçirilən V Qurultayı tarixə qızıl hərflərlə yazılacaq və bu görüşdə səslənəcək fikirlər, aparılacaq müzakirələr dövlətimizin imkanlarını daha da genişləndirəcək”.

Ayşən Vəli