23 Aprel Dünya Kitab və Müəlliflik Hüququ Günüdür TƏHLİL

22 Aprel 2022 18:05 (UTC+04:00)

Əqli və maddi-mədəni oğurluqlarla, tarixi-coğrafi uydurmalarla özlərinə yalançı tarix formalaşdıran ermənilər

23 Aprel Dünya Kitab və Müəlliflik Hüququ Günüdür. Bu barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş Konfransında qəbul edilmişdir. 1996-cı ildən etibarən isə kitaba və müəlliflərə hörmət əlaməti olaraq, bu gün bütün dünyada qeyd olunur. Bu gün dünya şöhrətli dramaturqlar Vilyam Şekspir, Migel de Servantes və yazıçı-tarixçi İnka Qarsilaso de la Veqanın şərəfinə Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü kimi qeyd edilir. Hər üç yazıçını onların ölüm günü - 23 aprel 1616-cı il tarixi birləşdirir. Azərbaycanda isə həmin gün 1997-ci ildən etibarən ənənəvi şəkildə qeyd edilir və müxtəlif tədbirlərlə müşayiət olunur. Belə tədbirlərin keçirilməsində məqsəd kitabların insan həyatındakı böyük əhəmiyyətini vurğulamaq, müəlliflik hüququnun mədəni irsin yaranmasında, qorunub-saxlanmasındakı rolunu göstərmək, davamlı iqtisadi inkişafda və informasiya cəmiyyətinin formalaşmasındakı əhəmiyyətini diqqətə çatdırmaqdır. Eyni zamanda, əqli mülkiyyətin yaradıcılarına olan hörmət və ehtiramı nümayiş etdirmək, diqqəti mədəni irsin və adət-ənənələrimizin qorunub-saxlanmasına yönəltməkdir.Qeyd edək ki müəlliflik hüququ – elm, ədəbiyyat və incəsənət əsəri müəlliflərinin hüquqlarını ifadə edən hüquqi bir termindir. Əsərlərin yaradılması və istifadəsi üzrə münasibətləri tənzimləyən hüquqi normaların məcmusudur.

AZƏRBAYCANIN ƏQLİ MÜLKİYYƏT SİSTEMİNİN BEYNƏLXALQ SƏVİYYƏYƏ YÜKSƏLMƏSİNƏ YOL AÇILDI

Azərbaycanın müəllif-hüquq sisteminin yaradıcısı Ümummilli Lider Heydər Əliyevdir. Məhz Onun uzaqgörənliyi sayəsində 1993-cü ildə mərkəzi icra hakimiyyəti statusunda Müəllif Hüquqları Agentliyi yaradıldı və 1996-cı ildə müstəqil Azərbaycanın ilk əqli mülkiyyət üzrə "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Qanun qəbul olundu. Azərbaycanın əqli mülkiyyət sisteminin beynəlxalq səviyyəyə yüksəlməsinə yol açıldı. Ulu Öndər Heydər Əliyevin tövsiyələri əsasında Avropa məkanında, ilk dəfə olaraq, MHA tərəfindən "Azərbaycan folklor nümunələrinin qorunması haqqında" qanun layihəsi hazırlandı. 2002-ci ildə isə "İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında" Qanun qüvvəyə mindi.

Müasir dövrdə "ƏMH təminatı və piratçılığa qarşı mübarizə haqqında", "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında" unikal qanunlardan, 100-ə qədər normativ-hüquqi sənədlərdən ibarət olan Azərbaycanın müəllif-hüquq bazası mövcuddur. Piratçılığa qarşı görülən tədbirlər nəticəsində, piratçılığın səviyyəsi müxtəlif sahələrdə nəzərə çarpacaq dərəcədə aşağı düşüb. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən, adıçəkilən qanunlarda müasir dəyişikliklər edilib və onlara əlavələr olunub. Bununla yanaşı, müəllif-hüquq qanunvericiliyi zənginləşib, 2004-cü ildə "Məlumat toplularının hüquqi qorunması haqqında" Qanun, 2012-ci ildə isə "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" Qanun qəbul olunub. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilən düşünülmüş siyasətinin nəticəsi olaraq, Azərbaycanın müəllif-hüquq sistemi beynəlxalq ekspertlərin rəyinə əsasən, MDB məkanında ən inkişaf etmiş sıralara daxil edilib və nümunəvi sistem kimi qəbul olunub. Prezident İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında bu sistemin özünəməxsus yeri vardır.

ƏQLİ MÜLKİYYƏTİMİZİN TERRORÇULARI

Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində təkcə ərazilərimizin 20 faizi yox, minlərlə qiymətli kitab və qədim əlyazmalarımız məhv olmuş, tarixi və mədəni abidələrimiz dağıdılmış, işğal edilmiş ərazilərdə qeyri-qanuni aparılmış qazıntılar nəticəsində aşkar edilmiş tapıntılar ermənilər tərəfindən mənimsənilmişdir. Ermənilər bütün dövrlərdə Azərbaycana qarşı işğalçılıq siyasətini təkcə ərazi iddiaları ilə məhdudlaşdırmayıb, mədəni irsimizə, milli-mənəvi dəyərlərimizə göz dikiblər, onları oğurlayıb özününküləşdirməyə çalışıblar. Azərbaycanın mədəni irs nümunələrini erməni mülkiyyəti adı ilə tanıtmağa çalışaraq əqli mülkiyyətimizin terrorçusuna çevriliblər. Ermənilər öz ərazi iddialarını əsaslandırmaq üçün Azərbaycan torpaqlarının həqiqi sakinlərinə məxsus olan maddi və qeyri-maddi mədəni irsin mənimsənilməsi və erməniləşdirilməsi ilə bağlı müxtəlif yollardan istifadə ediblər. Əqli və maddi-mədəni oğurluqlarla, tarixi-coğrafi uydurmalarla, özlərinə yalançı tarix formalaşdırıblar. Erməni vandalizmi nəticəsində, Azərbaycan xalqının çoxəsrlik tarixini əks etdirən 700-dən artıq tarixi və mədəniyyət abidəsi, o cümlədən, 11 dünya əhəmiyyətli abidə dağıdılıb, qarət edilib və yandırılıb.

Azərbaycanın işğal altında olan ərazilərini xarabalığa çevirən ermənlər vəhşilik missiyalarını həyata keçiriblər. Artıq Azərbaycan 44 günlük Vətən müharibəsində Zəfər qazandı. İşğaldan azad olunmuş ərazilərdə məscidlər, mədrəsələr, körpülər, məbədlər nəinki dağıdılmış, eyni zamanda, bir çox hallarda təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq xalqımızın milli mənəvi dəyərləri təhqir edilmişdir. Füzuli rayonunda Hacı Ələkbər məscidi, Gecəgözlü, Yuxarı Veysəlli kənd məscidləri, Cəbrayıl rayonunda Süleymanlı və Papı kənd məscidləri, Qubadlı rayonunda Məmər və Yusifbəyli kənd məscidləri, Zəngilan rayonunda Zəngilan şəhər məscidi, Malatkeşin və Zəngilan kənd məscidləri və s. bu sıradadır. Ağdam şəhərində yerləşən Pənahəli xanın və Mehdiqulu xanın türbələri dağıntılara məruz qalmış, işğalçı Ermənistan tərəfindən abidələrə ciddi ziyan dəymişdi. Erməni silahlı qüvvələri tərəfindən ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri olan məscidlər, türbələr və digər inanc yerləridir ki, bu da erməni vandallığının göstəricisidir.

Ermənistanın mədəniyyət obyektlərinə, dini-mədəni irsimizə qarşı bu cür vandalizm aktları bir çox beynəlxalq sənədlərə, o cümlədən 1954-cü ildə Haaqada qəbul edilmiş "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya"nın, "Arxeoloji irsin qorunması haqqında" Avropa Konvensiyasının, "Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında Konvensiya"nın müddəalarına ziddir. Bütün qeyd olunan bu və digər abidələrimizlə yanaşı, Ermənistan ərazisində məhv edilən Azərbaycan abidələri də - Zəngəzurdan İrəvana qədər dağıdılmış tarixi abidələr erməni vandallığınının bariz nümunəsidir.

"BÖYÜK ERMƏNİ MƏDƏNİYYƏTİNİN" DƏLİLLƏRİ VƏ MƏĞLUBİYYƏT

Ermənilər Azərbaycanın adət-ənənələrini, tarixi abidlərini, musiqini, musiqi alətlərini, mətbəxini və digər nümunələrini öz adlarına çıxmağa çalışıblar. Bu məqsədlə, ermənilər hər bir yola, hətta cinayətə də əl atıblar. Xalqımızın qeyri-maddi mədəni irsinin, ədəbiyyat və incəsənətinin, xüsusən folklor nümunələrinin, hətta müəllif əsərlərinin ermənilər tərəfindən oğurlanması müəyyən tarixə malikdir. "Böyük Ermənistan" xülyası ilə yaşayanlar tərəfindən oğurlanmış xalqımıza məxsus təzahürlər də «böyük erməni mədəniyyətinin» dəlilləri kimi göstərilir.

Uzun illərdir Azərbaycan mədəniyyətinin ayrı-ayrı nümunələrini özününküləşdirməyə çalışan ermənilər bizə məxsus milli yeməkləri də öz adına çıxarır. Onların çap etdirdikləri kitablarda belə göstərilən yeməklərin demək olar ki, əksəriyyəti Azərbaycan mətbəxinə məxsusdur. Müxtəlif dillərdə nəşr olunan kitablar vasitəsilə Ermənistan kulinariyasının təbliğatı aparılsa da saxtakarlıqları ifşa olunur. Azərbaycan mətbəxinin ermənilər tərəfindən mənimsənməsi 1940-ci illərdən başlayıb. Ermənilər bunu mətbəximiz haqqında geniş məlumatlar toplayaraq reallaşdırıblar. Onlar müxtəlif dillərdə kitablar çap edərək bizə məxsus milli yeməklərin onlara məxsus olduğuna inandırmağa çalışıblar.

2014-cü ildə Azərbaycan Ermənistanın çar Tiqranın dövründən başlayaraq əsrlər boyu başqa xalqların nailiyyətlərini mənimsəyərək və onları qədim ermənilərin ixtiraları kimi qələmə verərək UNESCO-da rəsmiləşdirmək cəhdinin qarşısını almışdı. Xatırladaq ki, o vaxt Ermənistan "lavaşın ənənəvi erməni çörəyi" kimi Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına salınması üçün UNESCO-ya müraciət etmişdi. Lakin Azərbaycan nümayəndə heyəti əsaslandırılmış şəkildə etirazını bildirərək komissiyaya izah etdi ki, lavaşı bir sıra səbəblərdən heç cür "erməni çörəyi" adlandırmaq olmaz. İki ildən sonra, 2016-cı ildə isə Efiopiyanın paytaxtında UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin qorunub saxlanması üzrə 11-ci Hökumətlərarası Komitəsinin iclasında bu məsələyə nöqtə qoyuldu və Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan və Türkiyənin lavaş, katırma, jupka, yufka adlanan kökənin Reprezentativ Siyahıya daxil edilməsi barədə birgə müraciəti bəyənildi. Əlbəttə ki, kifayət qədər belə dəlillər var ki, erməni saxtakarlıqarının qarşısı alınmışdır. Bütün bunlardan dərs almayan ermənilər 44 günlük Vətən müharibəsində aldıqları dərsi heç vaxt unutmayacaqlar.

Nəzakət ƏLƏDDİNQIZI