"Formula-1" açıq təkər tipli avtomobillərin dövrəvi avtoyürüşləri üzrə dünya çempionatıdır. "Formula-1" üzrə dünya çempionatı hər il keçirilir və Qran Pri statusu daşıyan ayrı- ayrı mərhələlərdən ibarət olur. İlk dünya çempionatının birinci yarışı 1950-ci il mayın 13-də Böyük Britaniyanın Silverstoun trasında baş tutub. Hər ilin sonunda çempionatın qalibi müəyyən edilir. Çempionatda həm sürücülər, həm də komandalar yarışırlar. Sürücülər dünya çempionu titulu uğrunda, komandalar isə Mühəndislər Kuboku uğrunda mübarizə aparırlar. Ümumillikdə "Formula-1" yarışları 2016-ci ildən bəri Azərbaycanda keçirilməyə başlayıb. Yenidən 2022-ci "Formula-1" Qran Prisi Azərbaycan keçiriləcək. Bəs "Formula-1" yarışlarının ölkəmizin üçün əhəmiyyəti nədir? Mövzu ilə əlaqədar olaraq SİA idman ictimaiyyəti arasında sorğu keçirtdi.
Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov: “"Formula-1" üzrə dünya çempionatı 2016-cı ildən etibarən ölkəmizdə keçirilir və Qran Pri statusu daşıyan ayrı-ayrı mərhələlərdən ibarət olur. Biz bu illər ərzində "Formula-1" yarışlarına çox yüksək səviyyədə ev sahibliyi etmişik. Artıq 6 ildir ölkəmizdə keçirilən ən böyük idman tədbirlərindən biri olan bu çempionat həm də onu göstərir ki, ölkəmiz beynəlxalq səviyyəli kütləvi yarışları keçirməyə tam hazırdır. Dünyada geniş tamaşaçı auditoriyasına malik olan bu turnirlər izlənmə sayına görə yalnız Yay Olimpiya Oyunları və futbol üzrə Dünya Çempionatından geri qalır. Daha çox sürət həvəskarlarının maraq dairəsində olan "Formula-1" Qran Priləri bir zamanlar ancaq Avropa ölkələrində keçirilsə də, hazırda dünyanın dörd bir tərəfində təşkil edilir. Ümumilikdə demək olar ki, "Formula-1" yarışı ölkə nüfuzunu dünya arenasında yüksəlməsi baxımından nadir fürsətlərdən biridir. Azərbaycanın beynəlxalq yarışları yüksək səviyyədə təşkil edəcəyi isə şübhəsizdir. Pandemiyadan əvvəl ölkəmiz çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etmiş, o cümlədən dünya səviyyəli idman yarışları uğurla həyata keçirilmişdir. Ölkəmiz müasirlik, sabitlik, təhlükəsizlik, infrastuktur və s. göstəricilər baxımından ən öndə gedən dövlətlər sırasındadır. Bu baxımdan yüzlərlə ölkədə canlı yayımlanacaq "Formula-1" yarışı Azərbaycanın imkanlarını dünyaya tanıdılması üçün növbəti bir fürsətdir. Beynəlxalq yarışlar həm də ölkə turizminin inkişafına böyük təkan verir. "Formula-1" yarışından sonra ölkəmizə gələn xarici qonaqların sayında artım müşahidə edilir, bu da öz növbəsində ölkəmizi dünyada tanıdılmasına gətirib çıxarır. Sonda qeyd etmək istəyirəm ki, gənclərimiz, idmansevər vətəndaşlarımız bu yarışı çox böyük maraqla izləyir, hətta minlərlə gəncimiz bu mötəbər çempionatın könüllüsü olur, təşkilində yaxından köməklik göstərir”.

Avropa çempionu Əliabbas Rzazadə: “Bildiyimiz kimi "Formula-1" yarışı dünyada çox geniş tamaşaçı auditoriyasına malikdir. Məhz bu səbəbdən belə yarışların keçirilməsi ölkəmizə turistlərin daha çox gəlməsinə səbəb olur. Bu bir daha onu sübut edir ki, Azərbaycanda idmanın hər bir növünə olan maraq yüksək səviyyədədir. Öncədən ölkəmizə gələ bilməyən sadəcə virtual olaraq məlumat toplayan turistlər ölkəmizin necə gözəl, təmiz təbiətə malik olduğunun canlı şahidi olurlar. Xalqımızın qonaqpərvərliyi onların təkrar Azərbaycana gəlməsinə gözəl nümünələrdən biri olur. Fikrimcə, bu il onlar qalıb xalq kimi eşidib, tanıdıqları Azərbaycan dövlətini canlı görərək bizim haqq da daha geniş şəkildə məlumata sahib olacaqlar”.

Avropa çempionu Rafiq Hüseynov: “"Formula-1" yarışları üçün şəhərdə böyük hazırlıq işləri gedir. Təbii ki, yarış üçün salınan sahələr sürücülərə bəzən çətinlik yaratsa da, bu cür yarışlar bizim beynəlxalq aləmdə nüfuzumuzun artması, ölkəmizin bütün dünyada tanınması baxımından çox vacib əhəmiyyətə malikdir. "Formula-1" yarışı bütün dünyada mötəbər yarışlardan biri hesab olunur. Hazırda bu yarışın 1 milyarda yaxın izləyici kütləsi var. Təsadüfi deyil ki, bu yarışın bizim ölkədə keçirilməsinə icazə verdilər. Bu da bir daha onu sübut edir ki, Azərbaycan beynəlxalq arenada stabil bir ölkə kimi tanınır. Belə əhəmiyyətli yarışlar bizi bütün dünyaya tanıtmaqla yanaşı ölkəmizə turistlərin daha çox gəlməsinə də səbəb olur. Mən sevinirəm ki, bizim ölkəmizdə belə yarışlar keçirilir”.

Kəpəz idman klubunun futbolçusu Roman Hüseynov: “Bu yarışın keçirilməsi daha cox "Formula-1" azərkeşlərini daha çox sevindirir. Təbii ki, "Formula-1" yarışının ölkəmizin üçün bir çox əhəmiyyəti var. Belə ki, həm ölkənin dünyada tanıdılması üçün həm də turistlərin ölkəmizə çox gəlməsi baıxımından önəmi var. Dünyanın müxtəlif ölkələrindən olan insanların Azərbaycana səfəri bizə iqtisadi və turzim baxımından öncəlik verir”.

Kəpəz idman klubunun futbolçusu Tural Rzayev: “ Bir idmançı olaraq mənim motosport yarışlarına çox böyük həvəsim var. Fikrimcə, motosport yarışları içərisində "Formula-1" yarışı daha çox populyardır. Hər kəsin bildiyi kimi b u yarış dünyanın müxtəlif ölkələrində çox maraqla izlənir. Həmçinin "Formula-1" yarışlarının özünə məxsus azərkeşləri məxsusdur. Hansı ki, bu şəxslər azərkeşi olduğu yarış üçün dünyanın bu başından o başına kimi gedib çıxar. Məhz buna görə də, "Formula-1" yarışı bizim ölkəyə xüsusi rəngarənglik verir. Mənim də vaxtım olduğu müddətdə bu yarışları izləməyə gedirəm. Azərbaycanın tanınmasında bu kimi yarışlar önəmlidir. Həmçinin bu yarış üçün ölkəmizə gələn turistlər Azərbaycanın tarixi, mədəniyyəti və ədəbiyyatı ilə yaxından tanış olaraq, bizim necə bir qüdrətli dövlət olduğumuzu daha da dərindən anlayırlar”.